Bakı, 14 yanvar, Günel Türksoy, AZƏRTAC
Təbii qazın olduğu yerlərdə təhlükəsizlik məsələsinə hər zaman diqqət yetirilməlidir. Çünki qazın fiziki və kimyəvi xassələri düzgün istismar olunmadıqda, bu hal dəm qazının yaranmasına gətirib çıxarır. Ona görə də məişətdə istifadə edilən qaz təsərrüfatının təhlükəsiz istismarı həyata keçirilməlidir. İlk növbədə, standartlara cavab verən qaz cihazlarından istifadə etmək lazımdır.
Bunu AZƏRTAC-a açıqlamasında ekspert Elmar Nurəliyev deyib.
O bildirib ki, otaqlarda mütləq şəkildə havalandırma, ventilyasiya, nəfəslik, dəm qazı sızmasına qarşı detektorlar olmalıdır: “Qazın yanması üçün otaqda kifayət qədər havanın olması vacibdir. Əgər otaqda hava olmazsa, bu hal yanma prosesini əngəlləyir. Bu da dəm qazının yaranmasına səbəb olur. Həmçinin tüstü bacaları mütləq standartlara uyğun və daim işlək halda olmalıdır. Yaxşı olar ki, ildə iki dəfədən az olmayaraq tüstü bacaları təmizlənsin. Təbii ki, təmizlənmə prosesi ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməlidir. Ümumiyyətlə, qaz cihazlarına hər hansı kənar müdaxilələr etmək, texniki qulluq göstərmək, yerdəyişmə etmək və yaxud tüstü bacalarına müdaxilə yolverilməzdir. Texniki xidmətdən tutmuş təmir işlərinə qədər hər birinin yalnız ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməsi təmin edilməlidir”, - deyə Elmar Nurəliyev diqqətə çatdırıb.
Ekspertin sözlərinə görə, dəm qazı natamam yanma məhsuludur və tüstü-baca işlək vəziyyətdə deyilsə, eləcə də sorma qabiliyyəti və otaqda kifayət qədər hava olmazsa, bu yanma prosesini əngəlləyən amilə çevrilir. Ona görə də təhlükəsizlik amillərinə mütləq diqqət edilməli, evlərdə detektorlar quraşdırılmalıdır. “Detektorlar dəm qazı əmələ gələn zaman səs siqnalı verir və mövcud təhlükə ilə bağlı istehlakçının məlumatı olur. Bu zaman istehlakçı digər prosesləri həyata keçirməklə dəm qazı təhlükəsindən qurtulmuş olur”.
Elmar Nurəliyev diqqətə çatdırıb ki, dəm qazı, əsasən, hamam otaqlarında yaranır. “Hamam otaqlarında, ümumiyyətlə, təhlükəsizlik baxımından qaz cihazının olması məqsədəuyğun deyil. Əgər cihaz quraşdırılsa belə, mütləq orada havalanma sistemi, ventilyasiya, nəfəslik və tüstü-bacası normativ standartlara uyğun olmalıdır”, - deyə o qeyd edib.
Qeyd edək ki, dəm qazı təhlükəsi və bunun qarşısını almaq üçün yerinə yetirilməli olan qaydalar barədə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.