RU

İran tarixi yol ayrıcındadır Üç ssenari mümkündür

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Son günlər İranda baş verən iqtisadi və sosial proseslər ölkəni yeni və daha mürəkkəb siyasi böhran mərhələsinə gətirib. Milli valyutanın sürətlə dəyər itirməsi, qızıl və əsas ərzaq məhsullarının bahalaşması, inflyasiyanın artması artıq sadəcə iqtisadi problem deyil, ölkədə mövcud siyasi böhranın əlamətidir".

Bu fikirləri Redaktor.az-a İranda son baş verənlərdən danışan politoloq Qəvami Sadıqbəyli bildirdi.

Onun sözlərinə görə, 2025-ci ilin sonlarından etibarən Tehranda və iri şəhərlərdə başlayan etiraz aksiyaları cəmiyyətin geniş təbəqələrinin idarəetmə modelinə etimadsızlığını göstərir:

"Böhran yalnız iqtisadi sahəni əhatə etmir, İran eyni vaxtda iqtisadi, siyasi və geosiyasi sınaqlarla üz-üzədir. Ölkədə islahatçı qanadla mühafizəkar siyasi-ruhani elita arasında qarşıdurma açıq formada gedir. İslahatçılar çıxış yolunu beynəlxalq təcridin aradan qaldırılmasında və Qərblə dialoqun bərpasında görür, mühafizəkarlar isə mövcud ideoloji xəttdən geri çəkilməkdən çəkinir. Bu qarşıdurma daxili sabitliyi zəiflədir və İranı xarici güclər üçün strateji hədəfə çevirir. ABŞ və İsrail İranla bağlı məqsədləri eyni olsa da, metodları fərqlidir. İsrail ölkənin tamamilə zəiflədilməsini istəsə də, ABŞ daha idarəolunan və Qərbin maraqlarına uyğun modelə üstünlük verir".

Müsahibimiz vurğuladı ki, İran üçün üç əsas ssenari mümkündür:

"Avtoritar rejimi sərtləşdirmək - təhlükəsizlik orqanları etirazları qısa müddətdə boğa bilər, lakin iqtisadi böhran daha da ağırlaşacaq. Nəzarətli islahatlar - islahatçı qanadın mövqelərinə müəyyən güzəştlər edilə bilər, lakin mühafizəkarların müqaviməti səbəbindən reallaşdırılması çətindir. Xaos və parçalanma riski - daxili qarşıdurmaların dərinləşməsi və xarici təzyiqlər ölkəni idarəolunmaz vəziyyətə gətirə bilər və İran regional problemlərin mənbəyinə çevrilə bilər. İran tarixi yol ayrıcındadır. Əgər Tehran daxili konsensus və iqtisadi çıxış yolu tapa bilməzsə, ölkədə vəziyyət daha da gərginləşə bilər. Qonşu ölkə və soydaşlarımızın yaşadığı İranın sabitliyi Azərbaycan üçün də önəmlidir. Hansı ssenarinin reallaşacağı isə İranda siyasi elitanın qərarlarından və qlobal güclərin atacağı strateji addımlardan asılı olacaq", - deyə Qəvami Sadıqbəyli bildirdi.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
87
2
redaktor.az

3Источники