RU

Şabrana qar yağır...Faiq İsmayılovun xatirəsinə » AzadMedia.az

Şabrana


Şabrana qar yağır bu gün. Sübh çağı gördüyüm bu qar, yəqin gecədən yağır!.. Qar ağardıb hər yanı; dağı, daşı, yolları... Ağ örpəyə bürünüb yemişan ağacları, çaytikanı kolları... Ağ geyinib bu səhər, istirahət evləri... Yeriyirəm qar üstə, yavaş-yavaş, birtəhər. Yamanca şıltaqmış, tərsmiş bu qar. Məni yolda saxlayıb, “dayan”, “getmə”, “dur” deyir: “Sən məni tanımırsan?..” Bu səs haradan gəlir? Ətrafıma baxıram... Göyə, yerə baxıram. Qar üstündə 42 ölçülü qış çəkmələrimin təzə izinə baxıram... İzimə də yağır qar, üzümə də yağır qar, gözlərimə toxunur, əllərimi üşüdür. Bəlkə eşitdiyim SƏS yerlə göy arasına ağappaq körpü salan qar dənəsindən gəlir? Görün, mənə nə deyir: “Sən 21 yaşında 1001 il ömür sürdüyünü düşünən və 1001 ildə nə boyu, nə eni artan, şeirlərini dişlərini dişlərinə sıxıb yazan, 31 yaşında bu işıqlı dünyadan köçən şairi tanımırsan?!”
Susuram... İçımdə qərib bir səs vurnuxur. İlahi, bu nə səsdi ? Kimin ruhudu belə? Dünən yanvarın on üçüydü, pirə getmişdim. Xəlfə baba deyilən pirə... O pir də, purdəki məzar da, məzarlıqdakı qədim sanduqələr də mənə düz 500 il əvvəlin hekayətini “nəql” etmişdi. İndi də bu qar!.. Bəlkə elə bu qar 31 yaşında dünyasını dəyişən, mənim kimi 42 ölçülü ayaqqabı geyinən şairin göydən enən ruhuydu?! “Məni xatırlamırsan? Heç yadına gəlmirəm? Azər Turan illər öncə sənə bir kitab vermişdi. Adı da beləydi: “İrfan çobanı.” Həmin kitabda “Ruh adam” essesini mənə həsr edib Azər. Bax, mən həmin RUH ADAMAM, qardaş!.. Məni, Faiq İsmayılovu hərdən Azər yada salır, sağ olsun, deyir ki: “Faiq göylərdən enən həzin bir ruh idi. Gəldi, gördü və getdi...” Mən göylərə sığındım. Bir dəfə yerə qar yağanda demişdim ki, “Yağma qar! Məni qarabuğdayı doğub anam, çətin ağaram. Tutaq ki, ağartdın saçlarımı, ağartdın dabanları yeyilmiş 42 ölçülü ayaqqabılarımı. Ağarda bilməzsən bəxtimi... Özünü yorma, qar, yağma qar! Çətin ağaram...”
Hə, xatırladım səni, Faiq!..“İrfan çobanı” kitabını Azər mənə 20 il əvvəl - mən “Qarabağa aparan yol” qəzetində, o isə “Ədəbiyyar qəzeti”ndə redaktor müavini işləyəndə bağışlamışdı. O zaman Azər mənə sənin barəndə o kitabda yazdığından da çox söhbət eləmişdi... Özü də yana-yana, içi göynəyə - göynəyə. Sənin “Torpağa dən əkməyə doğulanlar torpağa DƏN kimi əkildi” sözlərin də yadıma düşür. Bəlkə indi Tanrı dərgahında – yaşıl cənnət quşları sənin ruhuna Qarabağı azad edən ŞƏHİD OĞULLARIN qanından ZƏFƏR nəğmələri yarandığını da yetiriblər... Ruhum şad olsun, şair!
...Fəqət, yanə də VAXTSIZ -VƏDƏSİZ ölüm baş qəhrəman obrazındadır. Neçə dostu-tanışı, cavan qələm yolaşımızı alıb. Axı sən demişkən: “...Ölüm uşaq deyil ki, ağzına rezin əmzik verib aldadasan!” Yenə səni öz içindən yeyib qurtaran “Dərd adamı şokalad kimi yeyir” qardaş! Zaman elə zamandı ki, xoşbəxtliyi MƏRDƏ vermir, sevinci qədirbilənə, qüssəni NAMƏRDƏ vermir. Bəlkə dövran ikiüzlüdü, gecəlidi-gündüzlüdü, insanlar var min üzlüdü, bir üzü də fayda vermir...
-Unutma: “Xoşbəxlik balıq kimidir, dostum... Heç vaxt tələsməyin xoşbəxt olmağa... Axı, Azər də demişdi: -Min ildən sonra da kimsə bu duyğuları təkrar yaşayacaq və xoşbəxt olmağa tələsməyəcək...”
Hə, elədir, “Ruh adam!” Haqlısan: “Lalların dilini anası bilər, fağır oğlanların dilin bilən yox!..

Bilinmir ömürdür, ya da ki, OYUN,
...Kədəri, sevinci bilinmir bunun –
Bilmirəm səsləyim kimi SON anda...”

Əgər bu gün Şabranın Şeyx Pirəbədəlinin adını daşıyan kəndinə qar yağmasaydı, bəlkə sənin ruhunla baş-başa qalmayacaqdım. Ruhlar da bizim qəmxarlarımızdı... Azər demişkən, göylər yenə də buludludur... Vaxt BUZ kimi soyuyur. Soyuduqca soyuyur...

Ruhuna ehtiramla” RUH ADAM!”
Nurəddin ƏDİLOĞLU,
14 yanvar 2026-cı il, Şabran, Pirəbədil kəndi,
Yazıçılar Birliyinin yaradıcılıq və istirəhət evi.

Избранный
31
1
azadmedia.az

2Источники