RU

“Laçınlar yuvası”nda kinostudiya

“Hoçazfilm” kinostudiyası azadlığına qovuşmuş Laçın şəhərində gerçəkləşən, Qarabağ və Şərqi Zəngəzurun çoxsahəli unikal yaradıcılıq məkanı layihəsidir. Dağlar qoynundakı gözəl şəhərdə inşa edilmiş 2 inzibati bina və 1 çəkiliş pavilyonundan ibarətdir. Müasir kinoteatr – “Lacınema” isə Qarabağın rəqəmsal incəsənət mərkəzi, sürətlə abadlaşan şəhərin ilk sənət səhnəsidir.

Xatırladaq ki, 2023-cü ilin avqustunda “Hoçazfilm”in mükəmməl çəkiliş pavilyonunun açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib, yaradıcı heyətə uğurlar diləyiblər. Adını elə Laçının Hoçaz qayalıqlarından götürmüş layihənin əsas məqsədi regional audiovizual mərkəz kimi fəaliyyət göstərmək, bölgənin tarixini, işğaldan sonrakı dövrünün salnaməsini formalaşdırmaqdır.

İnişil Laçına səfərimiz zamanı studiyanın rəhbəri Amil Amalı görə bilmədik. Amma bir neçə ay sonra təsadüfən Bakıda tanış olduq. Kinorejissor – Azərbaycan Kinematoqrafçıları İttifaqı idarə heyətinin üzvü, Azərbaycan Professional Rejissorlar Gildiyasının üzvü, “Hoçazfilm Creative Studio”nun həmtəsisçisi və direktorudur. Filmləri beynəlxalq festivallarda yüksək mükafatlar alıb. Amil Amal yaradıcılıq planlarından həvəslə danışdı:

– Prezident İlham Əliyevin xeyir-duası ilə Laçında fəaliyyətə başlamışıq. Hədəflərimiz bu layihə vasitəsilə Qarabağ və Şərqi Zəngəzur regionunun genişmiqyaslı təbliğat və təşviqat funksiyasını həyata keçirməkdir. Bura bədii və sənədli filmlərin çəkilişi ilə yanaşı, Qarabağdakı bütün mədəni-kütləvi tədbirlərin işıqlandırılmasını, Laçındakı yenidənqurma işlərinin çəkilişini həyata keçirmək, regional milli brendlərin və yerli məhsulların təşviqatını, teatr, ədəbiyyat, xüsusilə, kinematoqrafiya sahəsində gənclər üçün nəzərdə tutulan yaradıcılıq emalatxanalarının, müsabiqələrin, eləcə də festivalların, sərgilərin məhz bu pavilyonda keçirilməsi daxildir.

Bölgədə yerli peşəkarları ətrafına toplayan studiyanın maraqlı işlərindən biri əslən laçınlı olmuş, 1918-ci ildə Zabux dərəsində erməni generalı Andranikin dəstəsini mühasirəyə alaraq məhv etmiş xalq qəhrəmanı Sultan bəyin qardaşı, Azərbaycanın ilk hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanova həsr edilən “Laçın, qubernator və mən” adlı filmdir. Müasir reportaj və klassik bədii estetikaların sintezi üzərində qurulan filmin ssenari müəllifi Şərif Ağayar, rolların ifaçıları isə 30 ilədək Vətən həsrəti ilə yaşamış laçınlı aktyorlar Səmimi Fərhad, Türkay Cəfərli, Rauf Şahsuvarov, Sabirə Rüstəmzadədir. Film Xosrov bəyin mübarizlik və liderlik keyfiyyətlərini izləyicilərə çatdıraraq onun yaşadığı dövrdəki siyasi-sosial mühit haqqında seyrçi təsəvvürlərini genişləndirir.

Amil Amal ötən ilin noyabrında Bakıda beynəlxalq “Sinemobile” kinofestivalında münsiflər heyətinin üzvü olub və həmkarları ilə birlikdə qaliblərin obyektiv seçiminin reallaşmasına çalışıb. Hazırda “Hoçazfilm” MMC-nin Azərbaycan Respublikası Kino Agentliyinə təqdim etdiyi 3 layihədən biri – “Arılar və adamlar” adlı tammetrajlı filmin üzərində yaradıcılıq işi gedir.

Qeyd edək ki, bir müddət öncə 2-ci Şuşa Qlobal Media Forumun iştirakçıları, eləcə də hindistanlı prodüserlər yenidən qurulan Laçın şəhəri ilə, eyni zamanda, “Hoçazfilm”in layihələri ilə tanış olub və kinostudiyası ilə əməkdaşlığa maraq göstəriblər. Yaponiyanın Tokio Universitetinin Elm və Texnologiya üzrə Tədqiqat Mərkəzinin professoru, “Review” jurnalının baş redaktoru Norito Kunisue də “Hoçazfilm” haqqında reportaj hazırlayıb. Azərbaycanda akkreditə olunan diplomatik korpus heyəti də Laçına səfəri zamanı dağlar diyarının kinostudiyası ilə tanışlıqdan məmnun qalıb.

Ötən yay isə “Laçın – MDB-nin mədəniyyət paytaxtı 2025” çərçivəsində tanınmış ziyalılar – AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AKİ-nin sədri, Xalq artisti Rasim Balayev, Mətbuat Şurasının sədri Rəşad Məcid və Əməkdar incəsənət xadimi Baba Vəziroğlu “Hoçazfilm”də olub, kollektivlə yaradıcılıq söhbətləri aparıblar.

Amil Amal söhbətimiz zamanı dedi ki, bu il də bir sıra vacib kino layihələrini həyata keçirəcəklər. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin mədəni həyatını dolğunlaşdıran və diqqətəlayiq işləri ilə fərqlənən “Hoçazfilm”in yaradıcı heyətinə yeni sənət uğurları arzulayırıq.

Əli NƏCƏFXANLI
XQ

Избранный
21
xalqqazeti.az

1Источники