RU

Mətbuatın ayrı yolu yoxdur - Almas Mahmud

Yazını böyüt
Yazını kiçilt

Jurnalist sosial mediada da öz ənənəvi mediasını təmsil etdiyini unutmamalıdır"

Bu gün media ilə bağlı yeni tələb və yanaşmalar var. Müəyyən dəyişikliklər elektron medianın fəaliyyətini önə çıxarıb. Eyni zamanda, elektron media da sosial şəbəkələrin – vətəndaş jurnalistikasının daha operativ informasiya ötürücüsü kimi önə çıxmasının kölgəsində qalır. Sanki hər bir fərdə xəbərçi rolunda çıxış etmək imkanı verilir. Ənənəvi media və peşəkarlardan bu prosesdə etibarlılığı qorumaq üçün mühafizəkarlıq, fərqli kontentlə oxucu qarşısına çıxmaq tələb olunur.

Hafta.az-ın müsahibi media eksperti Almas Mahmuddur:

- Azərbaycan mediası bu gün informasiya axını ilə üz-üzədir. Yeni dövrün, mühitin içindəyik. Media olaraq hara gedirik, necə olacaq, tam deyə bilmirik. Bircə onu bilirik ki, bu mühitin içində olmalı, öyrənib, sağ qalmağı bacarmalıyıq. Süni intellektlə bağlı ölkəmizdə reallaşan layihələrə baxaq. Jurnalistika da bunların içindədir. İnformasiyanın birbaşa ötürücüsü məhz bizik. Demək, çox maraqlı yeniliklər baş verir.

Bu günlərdə Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirlən “Bridge” Sammitində oldum. Altmış min iştirakçının və 400-dən çox məşhurun qatıldığı bu media hadisəsindəki çıxışlar bir başqa idi. Burada süni intellektin, rəqəmsal medianın necə sürətlə inkişaf etdiyi və bunların əsasında baş verəcəklər haqqında mesajlar ötürülürdü.  Demək, biz də hazır olmalı, sürətlə inkişaf etməliyik. 

- Mətbuatın, jurnalistin fəaliyyətində yenilənmə tələb edən məqamlar hansılardır?

- Nə baş verməsindən asılı olmayaraq, medianın bir missiyası var: operativlik, neytrallıq, qərəzsizlik. Əgər əlimizə keçən informasiyanı mənbələrə istinad etmədən, yoxlamadan paylaşacaq o zaman  auditoriyaya qərəzli, saxta məlumatlar ötürüləcək. Bu zaman media cəmiyyətin düşməninə çevriləcək.

- Mətbuatımız yeni reallıqlara uyğun olaraq, ondan tələb edilən “araşdırmaçı, tənzimləyici, nizamlayıcı” kimi çıxış edə bilirmi?

- Media bu gün də araşdırmaçıdır. İstər çap mediası, istərsə də elekton medianın fəaliyyətində illər əvvəllə indi arasında əsas bir fərq var: texnoloji imkanlar, bu istiqamətdə gedən inkişaf.

- Sosial media ənənəvi medianı, yoxsa ənənəvi media sosial medianı izləyir?

- Hər ikisi bir-birini izləyir, amma elə sosial medianın özündə izləyirlər. Əgər ənənəvi media öz məlumatlarını paralel olaraq sosial mediada paylaşırsa, demək, hamı – bütün media sosial mediadadır. İstinad baxımından məsələyə baxsaq, çox az hallarda sosial media ənənəvi mediaya üz tutur və istifadə edir, daha çox ənənəvi medianın mənbəyi sosial mediadır.

- Sosial mediada xəbərlərin, informasiyaların dəqiqliyinin yoxlanılaraq paylanması ilə bağlı irəli sürülən fikirlər hansı halda və nə dərəcədə gerçəkləşə bilər?

–   Sosial mediada “xəbər”- deyəndə nəyi nəzərdə tuturuq? Jurnalistin sosial mediadakı fəaliyyətinimi?  O zaman belə cavab verək: jurnalist sosial mediada ənənəvi mediada olduğu kimi fəaliyyət göstərməldir. Çalışdığı ənənəvi mediadan fərqli bir xəbər, ya şəxsi paylaşım etsə belə, ehtiyatlı olmalıdır. Sosial mediada da öz ənənəvi mediasını təmsil etdiyini unutmamalıdır.  Bir fakt deyim: illər əvvəl bir jurnalist müxalifətin mitinqi haqqında ənənəvi mediada verdiyi xəbəri öz sosial mediasında başqa cür vermişdi. O, buna görə işdən azad olundu. Əslində, onun rəhbərliyi düz etmişdi, onu işdən kənarlaşdırmışdı, çünki o jurnalist media məcəlləsini pozmuşdu. Başqa bir fakt da deyim: CNN-in ərəb bürosunun əməkdaşı öz sosial mediasında Yasir Ərafata rəğbətini bildirmişdi. Bu hadisəni başqa bir media öz səhifəsində xəbər kimi vermişdi. Baxın, demək xəbər yükü var ki, başqa bir media bunu paylaşıb. Həmin jurnalist CNN-dən çıxarıldı. Düz etdilər? Bəli. Biz ənənəvi media qaydalarına əməl etməliyik.

- Ümumiyyətlə, sosial mediadan dəqiqlik tələb etmək lazımdırmı?

- Əlbəttə, sosial mediada jurnalistlərdən birmənalı şəkildə dəqiqlik tələb olunur. Sosial medianı azad mühit hesab edib  çaşmaq olmaz. Bu, ilk növbədə, jurnalistlərə, mediaya, ikincisi, bütün təbəqələrə, insanlara aiddir. Ümumiyyətlə, cəmiyyətin bütün təbəqələrinin dəqiq olması mühümdür. Elə buna görə də media savadlılığı məsələsi ortaya çıxır. Hər kəsdən informasiyanı dədiqləşdirib, sonra paylaşmaq tələb olunur. Media savadlılığı isə birbaşa biz jurnalistlərə aid deyil.

İnsanlarımız, – təbəqəsindən, mövqeyindən asılı olmayaraq, – dəqiq, qərəzsiz yayımlar etməlidirlər. Axı onlar da  vətəndaş jurnalistləri hesab olunurlar. Onları izləyən minlərlə insan təsirə düşə bilər, yanlış yola istiqamətlənər və sair.

- Azərbaycan dilinin şəffaflığının pozulmasında sosial şəbəkələrin xüsusi rol  oynadığı deyilir. Sosial mediada dilin şəffaflığının qorunması ilə bağlı hansı addımlar atıla bilər?

– Bu suala cavab vermək elə də asan deyil. Biz media olaraq özümüzə cavabdehik. Yəqin ki, dövlət proqramı həyata keçirilməlidir, sosial media ilə işləyən qurumlar orada olan əməkdaşlarına dillə bağlı təlimlər keçməlidirlər.

- Xarici təsirlərin artdığı, texnoloji və qlobal proseslərin genişləndiyi bir dövrdə Azərbaycan mətbuatı özünü, dilini, tərzini qoruya bilirmi?

 - Qorumalıdır. Azərbaycan mətbuatının ayrı yolu yoxdur. Yəqin ki, çox qısa fasilələrlə ölkə rəhbərinin dilimizlə bağlı mesajlarını xatırlayırsınız. “Dilimiz təhlükədədir”, – dedi Prezident İlham Əliyev. Jurnalistlərə üz tutdu və xahiş etdi ki, dilə yad sözlər gətirməsinlər. Mən belə düşünürəm, dilimizin qorunması ilə bağlı ciddi tələblər, qaydalar olmalıdır.

- Qeyd edək ki, Medianın İnkişafı Agentliyinin fəaliyyətinin 5 ili tamam olur. Qoyulan məsələlər fonunda mediada hansı islahatlara diqqət çəkərdiniz?

- Həmişə dövlətin medianın inkişafına dəstəyinin şahidi olmuşuq və bu yardım indi də davam edir. Beş il əvvəl Medianın İnkişafı Agentliyi fəaliyyətə başladı və islahatlara start verildi. Bir çox mətbu orqanına yardım edildi. Deyə bilərik, Azərbaycan mediası xaotik mühitdən çıxıb, institusional xətlə irəliləyir. Ümumilikdə, mediamıza olan dəstəyi yüksək qiymətləndirirəm.

Tahirə Qafarlı

Избранный
156
hafta.az

1Источники