RU

Qərb Sənaye Parkı Azərbaycanın qeyri-neft ixracatına xüsusi töhfə verəcək - ŞƏRH

 Bakı, 15 yanvar, AZƏRTAC

Qərb Sənaye Parkı Azərbaycanın qeyri-neft ixracatına xüsusi töhfə verəcək.

Bu barədə AZƏRTAC-a deputat Vüqar Bayramov deyib.

O bildirib ki, sənaye parkları yerli sahibkarlar və bir sıra hallarda xarici investorlar üçün güzəştlər anlamına gəlir.

“Sənaye parkları artıq işğaldan azad edilmiş ərazilərimizdə də formalaşır. Ağdam və Cəbrayılda sənaye parklarının yaradılması, istehsalın təşkili həyata keçirilir. Ağdamda yaradılan sənaye parkı həm də Azərbaycanda qeyri-neft ixracatına töhfə verir, burada istehsal olunan məhsulların xarici ölkələrə ixracı həyata keçirilir. Bu baxımdan Azərbaycan sənaye məhəllələri və sənaye parkları praktikasından istifadə edir. Bu, sahibkarlar üçün qeyri-neft sektoruna sərmayənin cəlb edilməsi baxımından yeni imkanlar yaradır, həm də sahibkarların dövlət tərəfindən daha yaxın dəstəklənməsidir. Çünki sahibkarlar sənaye parkları və sənaye məhəllələrində kifayət qədər ciddi vergi güzəştlərindən istifadə edirlər. Həmin ərazilərdə infrastrukturun formalaşması, bu infrastrukturdan istifadə imkanları olur ki, bu da sahibkarlar üçün sərmayənin cəlb edilməsinin təşviqidir. O baxımdan Qərb Sənaye Parkının yaradılması da bu istiqamətdə siyasətin daha da genişləndirilməsinə xidmət edəcək”, - deyə deputat vurğulayıb.

Dövlətin sahibkarları fərqli alət və vasitələr ilə dəstəklədiyini deyən Vüqar Bayramov Qərb Sənaye Parkının xarici investorlar üçün maraqlı olacağını sözlərinə əlavə edib: “Bu, yerli sahibkarlar üçün birmənalı maraqlıdır, çünki onlar vergi güzəştlərindən istifadə edəcək, istehsal imkanlarını genişləndirəcəklər ki, bu da daha az xərclə daha çox məhsul istehsalı deməkdir. Ümumiyyətlə, sənaye parkları sənaye sektorunda istehsalın təşkilini həyata keçirir. Əvvəlki sənaye parkları və sənaye məhəllələrində iqtisadiyyatın fərqli sektorları üzrə məhsul istehsalının həyata keçirilməsini müşahidə etmişik. Bu praktika yeni yaradılan sənaye parkında da davam etdiriləcək. Burada xüsusən də daha çox tələb olunan sənaye məhsullarının istehsalının təşkil olunacağı gözlənilir. Sənaye parkının formalaşması, investisiyanın cəlb edilməsi qeyri-neft sektorunun inkişafını stimullaşdırır. Orada istehsal edilən məhsullar qeyri-neft məhsullarıdır. Bu, qeyri-neft məhsullarının istehsalının artırılması ilə yanaşı, həm də ixrac imkanlarının genişlədirilməsi deməkdir”.

 

Избранный
88
2
azertag.az

3Источники