RU

Avropanın Amerikadan asılılığı nə dərəcədə təhlükəlidir?

Silahdan süni intellektə, maliyyədən kəşfiyyata qədər Avropa ABŞ-dən niyə bu qədər asılı vəziyyətdədir və çıxış yolu varmı?..

Der Spiegel nəşri

Avropa və xüsusilə Almaniya üçün ABŞ-dən asılılıq artıq strateji problemə çevrilib. Amerika silahları, texnologiyaları, xüsusi xidmət orqanları və maliyyə sistemləri olmadan qitədə demək olar ki, heç bir əsas sahə normal fəaliyyət göstərə bilmir. Uzun illər bu vəziyyət təbii və təhlükəsiz görünürdü, lakin Donald Trampın hakimiyyəti dövründə ABŞ tərəfdaşdan getdikcə daha çox təzyiq alətləri tətbiq edən gücə çevrilib.

Almaniyanın vitse-kansleri Lars Klinqbailin ABŞ-yə səfəri zamanı hökumət təyyarəsini Danimarkanın iki F-35 qırıcısının müşayiət etməsi Avropanın “güc nümayişi” kimi təqdim edilsə də, əslində tam əks mənzərəni ortaya qoydu. F-35-lər ABŞ-ın “Lockheed Martin” konserninin məhsuludur və proqram təminatı ilə ehtiyat hissələrinə görə tam şəkildə Vaşinqtondan asılıdır. Mütəxəssislərin fikrincə, bu təyyarələr yalnız Ağ Ev istədiyi halda döyüş qabiliyyətinə malik olur. 2025-ci ildə “Der Spiegel”ə danışan hərbi ekspert və keçmiş qırıcı pilot Piter Leyton qeyd edib ki, F-35 alan ölkələr faktiki olaraq “Amerika imperiyasının” bir hissəsinə çevrilir.

Avropa onilliklər boyu ABŞ-ı qoruyucu güc kimi qəbul edib. NATO-da əsas söz sahibi Amerika ordusudur, dollar maliyyə bazarlarına hökm edir, Silikon vadisi isə rəqəmsal gündəliyi müəyyənləşdirir. Tramp dövründə isə bu münasibət dəyişib və Vaşinqton öz təsir rıçaqlarından açıq şəkildə istifadə etməyə başlayıb.

Bu rıçaqlar Avropa üçün həyati əhəmiyyət daşıyır. ABŞ ordusu olmasa, Avropa Rusiya raketləri qarşısında daha müdafiəsiz qalardı. Amerika texnologiyaları olmadan Almaniyanın dövlət qurumları və şirkətləri iflic vəziyyətinə düşərdi. ABŞ kəşfiyyatı olmadan təhlükəsizlik xidmətləri demək olar ki, kor qalardı. Amerika maliyyə provayderləri olmadan isə iqtisadiyyat çökərdi. Bu asılılıq gündəlik həyata qədər sirayət edib: yazışmalar, rəqəmsal ödənişlər, süni intellekt xidmətləri – hamısı ABŞ mənşəlidir.

Bu mənzərə avtomobil sənayesində də açıq görünür. “Mercedes-Benz”in yarıavtonom idarəetmə sistemləri ABŞ-ın “Nvidia” şirkətinin hazırladığı proqram təminatına əsaslanır. Rəsmi olaraq “bərabər tərəfdaşlıq”dan danışılır, lakin Las-Veqasdakı CES sərgisində “Nvidia” rəhbəri Censen Huanq bu texnologiyanı artıq “bizim ilk avtonom avtomobilimiz” kimi təqdim edib. Bu isə gələcəkdə Avropa istehsalçılarının ABŞ texnologiyasından daha da asılı qalacağını göstərir.

Rəqəmsal sahədə statistikalar daha sərtdir. “Bitkom”un məlumatına görə, Almaniya şirkətlərinin 96 faizi rəqəmsal texnologiyaları idxal edir, cəmi 25 faizi isə ixrac edə bilir. Avropada birjada kotirovka olunan şirkətlərin dörddə üçü “Microsoft” və ya “Google” proqram təminatından istifadə edir. Avropa mediası, məhkəmələr, məktəblər və hətta uşaq bağçaları belə ABŞ texnologiyalarından asılıdır.

Süni intellekt sahəsində fərq daha da dərinləşir. ABŞ şirkətləri təkcə 2026-cı ildə bu sahəyə 500 milyard dollardan çox investisiya yatırmağı planlaşdırır. Avropada isə cəmi bir neçə layihə mövcuddur. Fransanın “Mistral” startapı istisna olmaqla, Avropada iri dil modeli yaradan şirkət yoxdur. Almaniyanın ümid bəslədiyi “Aleph Alpha” isə işçilərini ixtisar etməyə məcbur qalıb. “OpenAI”nin “ChatGPT” xidməti isə həftədə 700 milyon istifadəçiyə çatıb.

Asılılıq siyasi rıçaqlara da çevrilib. ABŞ-ın 2018-ci ildə qəbul etdiyi “Cloud Act” qanunu Amerika şirkətlərini xaricdə saxlanılan məlumatları belə Vaşinqtona təqdim etməyə məcbur edir. Tramp administrasiyası Avropa İttifaqının rəqəmsal nəhənglərə qarşı tətbiq etdiyi qaydaları açıq şəkildə tənqid edib və hətta təzyiq vasitəsi kimi NATO məsələsindən istifadə edilə biləcəyini bildirib. ABŞ Ticarət naziri Hovard Latnik Aİ-nin “Digital Markets Act” və “Digital Services Act” qanunlarının ləğvini tələb edib.

Bütün bunlar Avropada “rəqəmsal suverenlik” anlayışını ön plana çıxarıb. Almaniya kansleri Fridrix Merts bildirib ki, asılılıqlar siyasi alətə çevrilir və Avropa öz rəqəmsal yolunu seçməlidir. Bu istiqamətdə Almaniyanın Şlezviq-Holşteyn əyaləti dövlət qurumlarını “Microsoft”dan açıq mənbəli proqramlara keçirib və illik milyonlarla avro qənaət etməyi planlaşdırır. Federal “ZenDis” mərkəzinin yaratdığı “Opendesk” sistemi artıq on minlərlə dövlət işçisinin istifadəsindədir.

Hərbi sahədə asılılıq daha təhlükəlidir. Avropa ölkələri müdafiə xərclərini artırsa da, əsas texnologiyalar ABŞ-dən asılı qalır. Peyk kəşfiyyatı, erkən xəbərdarlıq sistemləri, süni intellektlə idarə olunan silahlar demək olar ki, yalnız Vaşinqtonun nəzarətindədir. Almaniya müdafiə naziri Boris Pistorius etiraf edib ki, peyklər və GPS olmadan müasir ordu idarə oluna bilməz. Avropanın kosmos imkanları isə məhduddur və “SpaceX” kimi ABŞ şirkətləri ilə rəqabət aparmaq çətindir.

Maliyyə sektorunda vəziyyət daha da kritikdir. “Visa”, “Mastercard” və “PayPal” Avropadakı nağdsız ödənişlərin böyük hissəsini nəzarətdə saxlayır. ABŞ sanksiyalarına məruz qalan Beynəlxalq Cinayət Məhkəməsinin hakimi Nikola Giyu gündəlik bank əməliyyatlarını belə həyata keçirə bilmədiyini açıqlayıb. Bu, Vaşinqtonun maliyyə sistemini geosiyasi silah kimi istifadə etdiyini göstərir.

Ekspertlər hesab edir ki, Avropanın çıxış yolu mərhələli şəkildə müstəqilliyini artırmaqdır. Avronun gücləndirilməsi, ümumi avrobondların buraxılması, öz “Swift” tipli klirinq sisteminin yaradılması və rəqəmsal avronun tətbiqi əsas addımlar kimi göstərilir. Keçmiş Bundesbank üzvü Yoaxim Vürmeling bildirib ki, rəqəmsal valyutalar uğrunda mübarizə gələcəkdə qlobal güc balansını müəyyən edəcək və Avropa bu yarışdan geri qalmamalıdır.

Almaniya təhlükəsizlik strukturları da artıq ABŞ-a tam etibarın mümkün olmadığını anlayır. Kəşfiyyat sahəsində asılılıq azaldılmalı, BND-yə daha geniş səlahiyyətlər verilməlidir. Lakin bu proses daxili siyasi mübahisələr və hüquqi məhdudiyyətlər səbəbindən ləngiyir.

Nəticə etibarilə, Avropa ABŞ-dən tam müstəqil ola bilməz, lakin mövcud asılılıq səviyyəsi ciddi risklər yaradır. Tramp dövründə bu risklər daha aydın görünür və Avropa üçün əsas sual artıq budur: Amerika ilə müttəfiqliyi qoruyaraq, eyni zamanda öz strateji suverenliyini necə təmin etmək olar.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info

Избранный
117
poliqon.info

1Источники