RU

"Azərbaycan diaspor siyasətində mövqelərini gücləndirməkdə israrlıdır”

İstiqamət - 5.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Müasir dünyada dövlətlərin gücü təkcə sərhədləri daxilində gördüyü işlərlə ölçülmür. Düşünürəm ki, bu gücün mühüm bir hissəsi ölkə hüdudlarından kənarda yaşayan soydaşların fəallığı, təşkilatlanma səviyyəsi və ümumi məqsədlər ətrafında birləşmək bacarığı ilə formalaşır. Məhz bu mənada diaspor quruculuğu və lobbiçilik anlayışları milli maraqların beynəlxalq müstəvidə qorunmasının əsas alətlərindən biri kimi çıxış edir. Bu gün dünyanın müxtəlif ölkələrində milyonlarla azərbaycanlı yaşayır. Onlar fərqli cəmiyyətlərin tərkib hissəsi olsalar da, mənsub olduqları xalqla mənəvi bağlarını qoruyub saxlayırlar. Məncə dil, mədəniyyət, tarixi yaddaş və milli kimlik bu bağların əsas sütunlarıdır. Diaspor anlayışı da məhz bu nöqtədə təkcə "xaricdə yaşayan azərbaycanlılar" anlayışından çıxaraq, məqsədli və koordinasiyalı fəaliyyət modelinə çevrilir.
Lobbiçilik isə diaspor fəaliyyətinin daha peşəkar və təsirli mərhələsidir. Bu fəaliyyət forması vasitəsilə müxtəlif ölkələrin siyasi, ictimai və media mühitlərində Azərbaycanla bağlı obyektiv mövqenin formalaşdırılması mümkündür. Tarix göstərir ki, güclü lobbiçilik təkcə maliyyə resursları ilə deyil, uzunmüddətli strategiya, savadlı kadrlar və vahid mövqe ilə qurulur. Bu baxımdan Azərbaycan diasporunun qarşısında duran əsas vəzifə faktlara söykənən, hüquqi və siyasi çərçivədə düşünülmüş fəaliyyət ortaya qoymaqdır. Dünya azərbaycanlılarının həmrəyliyi isə diaspor quruculuğunun ideoloji əsasını təşkil edir. Həmrəylik təkcə eyni mövqeni bölüşmək deyil, fərqli ölkələrdə yaşayan soydaşların bir-birinin səsinə çevrilməsi, ortaq problemlərə ortaq reaksiya verməsidir. Qarabağ məsələsi ətrafında son illərdə müşahidə olunan diaspor fəallığı göstərdi ki, düzgün təşkilatlanma və informasiya mübarizəsi milli mövqenin beynəlxalq auditoriyaya çatdırılmasında mühüm rol oynaya bilər. Bu prosesdə Azərbaycan dövlətinin diaspor siyasəti də xüsusi əhəmiyyət daşıyır. Xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin sistemli şəkildə qurulması, diaspor təşkilatlarının dəstəklənməsi və koordinasiyası bu sahədə mühüm irəliləyişlərə yol açıb. Lakin uğurun davamlı olması üçün təşəbbüs yalnız dövlət strukturlarından deyil, elə diaspor üzvlərinin özlərindən də gəlməlidir.
Politoloq İlyas Hüseynovun fikrincə müasir dövrdə lobbiçilik fəaliyyətinin sistemli şəkildə təşkil olunması mühüm strateji əhəmiyyət kəsb edir. Qloballaşan dünyada dövlətlərin beynəlxalq müstəvidə mövqeləri təkcə rəsmi diplomatik kanallarla deyil, eyni zamanda güclü lobbi və diaspor şəbəkələri vasitəsilə möhkəmləndirilir. Nəzərə almaq lazımdır ki, dünyada yəhudi, erməni və yunan lobbiləri uzun illər ərzində formalaşmış, təşkilatlanmış və olduqca təsirli mexanizmlərə malikdir. Bu lobbilər media strukturlarında, ictimai rəyin formalaşdırılmasında, vətəndaş cəmiyyəti institutlarında, eləcə də parlament və hökumət səviyyəsində öz təsir imkanlarını qoruyub saxlaya bilirlər:"Məhz bu reallıqlar fonunda qələbə qazanmış Azərbaycan da lobbiçilik fəaliyyətini daha geniş və məqsədyönlü şəkildə qurmalı, eyni zamanda xaricdə yaşayan soydaşlarımız bu prosesə fəal şəkildə cəlb edilməlidir. Xaricdə yaşayan azərbaycanlılar öz maliyyə imkanlarını, intellektual potensiallarını və ictimai nüfuzlarını milli maraqların müdafiəsi naminə səfərbər etməli, Azərbaycanın haqq səsinin beynəlxalq auditoriyaya çatdırılmasında aktiv rol oynamalıdırlar. Digər tərəfdən, diaspor təşkilatlarının yaradılması və onların geniş coğrafiyada davamlı fəaliyyətinin təşkili dövlətin prioritet istiqamətlərindən birini təşkil edir. Bu sahədə müvafiq dövlət orqanı fəaliyyət göstərir və diaspor strukturlarının koordinasiyası, təşkili və gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Ümumilikdə, həyata keçirilən bu fəaliyyətləri qənaətbəxş hesab etmək olar. Xüsusilə Vətən müharibəsi dövründə, bütün dövlət institutları kimi diaspor və lobbiçilik sahəsində fəaliyyət göstərən qurumlar da üzərlərinə düşən məsuliyyəti yerinə yetirdilər. Onların əsas məqsədi Azərbaycanın haqlı mövqeyinin beynəlxalq müstəvidə daha dolğun təsirlin şəkildə təqdim olunmasına, qələbəmizin siyasi və informasiya müstəvisində möhkəmləndirilməsinə xidmət etmək idi. Bu fəaliyyətlər dövlətimiz və dövlətçiliyimiz üçün xüsusi önəm daşıdı.
Eyni zamanda qeyd etmək lazımdır ki, diaspor quruculuğu işinə Ümummilli lider Heydər Əliyev tərəfindən strateji əsaslar qoyulub və bu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir. Nəticə etibarilə, Azərbaycan beynəlxalq aləmdə diaspor və lobbiçilik siyasətində mövqelərini gücləndirməkdə, milli maraqlarını qətiyyətlə müdafiə etməkdə və bu sahədə davamlı uğur qazanmaqda israrlıdır".
Nəticə etibarilə, diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi bir-birini tamamlayan, ayrılmaz proseslərdir. Güclü diaspor milli sözün xaricdə eşidilməsidir, lobbiçilik həmin sözün təsir gücüdür, həmrəylik isə bu gücün dayanıqlı qalmasının əsas şərtidir. Müasir dünyada Azərbaycan həqiqətlərinin qorunması və tanıdılması məhz bu üç sütunun sağlam şəkildə qurulmasından keçir.

Zeynəb Mustafazadə

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
30
olaylar.az

1Источники