RU

Prezident İlham Əliyevin sülhyaratma strategiyası və Qərbi Azərbaycana qayıdış konsepsiyası

Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Müasir Azərbaycan dövlətçiliyinin inkişaf mərhələsini səciyyələndirən əsas cəhətlərdən biri Prezident İlham Əliyevin həyata keçirdiyi strateji sülhyaratma siyasəti, suverenlik konsepsiyası və tarixi ədalətin bərpasına yönəlmiş Qərbi Azərbaycana qayıdış ideyasıdır.

Qərbi Azərbaycan məsələsi Azərbaycanın dövlətçilik gündəliyində məxmər transformasiya dövrünü yaşayır. “Qayıdış” anlayışı artıq yalnız tarixi yaddaşla bağlı, lokal siyasi məqsəd deyil, milli ideologiyanın strukturlaşdırıcı sütunu kimi çıxış edir. Bu ideya ötən illər ərzində tədricən emosional çağırış səviyyəsindən çıxaraq fəlsəfi cəhətdən əsaslandırılmış, hüquqi baxımdan legitimləşdirilmiş və siyasi baxımdan institusionallaşan konsepsiya xarakteri almışdır. Qərbi Azərbaycana qayıdış bu mənada Qarabağ məsələsinin alternativi deyil, onun tarixi və ideoloji davamıdır.

Prezident İlham Əliyevin müxtəlif illərdə, xüsusilə də 2025-ci il 3 noyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səsləndirdiyi fikirlər bu konsepsiyanın dövlət səviyyəsində formalaşmış siyasi iradə olduğunu açıq şəkildə nümayiş etdirir.

Qayıdış ideyasının tarixi-siyasi aspektləri

Tarixi mənbələr, arxiv sənədləri, toponimik materiallar və demoqrafik göstəricilər birmənalı şəkildə təsdiq edir ki, indiki Ermənistan ərazisi, yəni Qərbi Azərbaycan, əsrlər boyu azərbaycanlıların tarixi yaşayış məskəni olmuşdur. XX əsrdə dörd dəfə həyata keçirilmiş sistemli deportasiyalar nəticəsində azərbaycanlı əhali bu torpaqlardan zorla çıxarılmış, onların maddi və mənəvi irsi isə ya dağıdılmış, ya da mənimsənilmişdir. Bu baxımdan qayıdış ideyası hər hansı revanşist niyyət deyil, tarixi ədalətin bərpası tələbi kimi dəyərləndirilməlidir.

Qərbi Azərbaycana qayıdış ideyası birmənalı şəkildə tarixi ədalətin bərpası, hüquqi legitimlik və insanların ləyaqətli qayıdış hüququ prinsiplərinə əsaslanır. Son dövrlərdə bu məsələ yalnız ictimai diskursda deyil, həm də beynəlxalq hüquq müstəvisində qalıcı siyasi hədəf kimi qarşıya qoyulmuşdur.

Ötən illər ərzində Prezident İlham Əliyev özünün müəllifi olduğu Qayıdış konsepsiyasını dövlət siyasəti xətti kimi ifadə etmiş, beynəlxalq platformalarda təkrarlamış və elmi müzakirə səviyyəsinə çıxarmışdır.

Prezidentin sülhyaratma strategiyası qalib dövlətin məsuliyyətli davranış modeli kimi xarakterizə oluna bilər. Azərbaycan müharibədən sonra revanşizm deyil, beynəlxalq hüquqa əsaslanan sülh gündəliyi irəli sürmüşdür. Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, sülh yalnız Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam tanıması, eləcə də regionda süni geosiyasi qarşıdurma xətlərindən imtina edilməsi şərti ilə mümkündür.

Bu müstəvidə Prezidentin bir çox çıxışlarında əsas ideya-qayəvi xətt kimi keçən Qərbi Azərbaycan məsələsi bir inzibati-ərazi anlayışından çıxıb Azərbaycan xalqının kollektiv tarixi yaddaşı, torpaq, vətən, əcdadlarımızın nəşinin uyuduğu müqəddəs məkan mənasını ifadə edir. Belə bir praqmatik-rasional yanaşma Qərbi Azərbaycan məsələsini emosional ritorikadan çıxararaq günümüzün, xarici siyasətin prioritetlərində və xalqın iradəsində ifadə olunmuş gerçəklərinə kökləyir, beynəlxalq legitimlik müstəvisinə çıxararaq elmi-hüquqi diskursun predmetinə çevirir.

“Konstitusiya və Suverenlik İli” kimi tarixə düşən ötən ilin ideya-fəlsəfi leytmotivinə əsaslanaraq deyə bilərik ki, hüquqi dövlətçilik fəlsəfəsi çərçivəsində Qərbi Azərbaycan məsələsi məhz konstitusiya və suverenlik kontekstində təqdim olunur və bu, təkcə tarixi yaddaş problemi deyil, artıq həm də konstitusion hüquqların bərpası məsələsidir.

Prezidentin yanaşmasına görə, XX əsr boyunca azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi şəkildə köçürülməsi spontan proses deyil, ardıcıl və məqsədli deportasiya siyasətinin nəticəsi olmuşdur. Bu faktların vurğulanması Qərbi Azərbaycan məsələsini tarixi mübahisə deyil, kollektiv hüquqların pozulması problemi kimi təqdim etməyə imkan verir. Beləliklə, tarixi yaddaş hüquqi müstəviyə daşınır və elmi əsaslandırma üçün zəmin yaranır.

Qərbi Azərbaycana qayıdışın fəlsəfi əsasları

Fəlsəfi baxımdan Qərbi Azərbaycana qayıdış ideyası məkanla insan arasındakı ontoloji əlaqənin bərpası kimi izah oluna bilər. Burada söhbət təkcə coğrafi ərazidən deyil, tarixi yaddaşın, mədəni izlərin və kollektiv kimliyin daşıyıcısı olan məkandan gedir.

Prezident İlham Əliyev bu məsələni çıxışlarında dəfələrlə vurğulayaraq qeyd etmişdir ki, Qərbi Azərbaycan anlayışı “tarixi faktlara, sənədlərə və xalqın yaddaşına əsaslanan obyektiv reallıqdır”. Bu yanaşma qayıdışı romantik nostalgiya deyil, tarixi ontologiyanın bərpası kimi təqdim edir.

Qayıdış ideyasının fəlsəfi mərkəzində ləyaqət anlayışı dayanır. Ləyaqətli qayıdış zorakılığa deyil, hüquqa əsaslanır; revanşizmə deyil, ədalətə söykənir; emosional deyil, normativ düşüncə ilə ifadə olunur.

Prezident İlham Əliyevin çıxışlarında xüsusi vurğulanan əsas tezislərdən biri budur ki, “Azərbaycan xalqı öz haqqını sivil, beynəlxalq hüquqa uyğun yollarla tələb edir”. Bu tezis Qərbi Azərbaycana qayıdışın əxlaqi üstünlüyünü və siyasi legitimliyini təmin edən əsas fəlsəfi dayaqlardan biridir.

Qayıdışın hüquqi legitimliyi

Bu kontekstdə söhbət etnik və ya siyasi iddiadan deyil, universal insan hüquqlarının həyata keçirilməsindən gedir. Qayıdış hüququ beynəlxalq hüququn legitim aləti kimi çıxış edir və bu hüququn reallaşdırılması heç bir dövlət üçün təhlükə mənbəyi sayıla bilməz.

Azərbaycanlıların Qərbi Azərbaycana qayıdış hüququ beynəlxalq hüququn əsas sənədlərində açıq şəkildə təsbit olunmuşdur. İnsan Hüquqları Ümumdünya Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər beynəlxalq aktlar hər bir şəxsin öz doğma yurduna qayıtmaq hüququnu tanıyır.

Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların hüquqlarının bərpası ilə bağlı BMT-yə ünvanlanan müraciətlər və sənədlər məsələnin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Bu sənədlərdə əsasən aşağıdakı hüquqi prinsiplərə istinad edilir: məcburi köçkünlərin təhlükəsiz və könüllü qayıdış hüququ; mülkiyyət və mədəni irs hüquqları; etnik təmizləmənin yolverilməzliyi.

Prezident İlham Əliyevin bu kontekstdə səsləndirdiyi əsas mövqe ondan ibarətdir ki, “Azərbaycan heç vaxt başqa xalqlara qarşı ərazi iddiası irəli sürmür, lakin öz xalqının pozulmuş hüquqlarının bərpasını tələb edir”. Belə bir yanaşma Qərbi Azərbaycana qayıdışı beynəlxalq hüququn legitim subyekti kimi təqdim edir. Ölkə başçısının mövqeyi yalnız tarixi-faktoloji deyil, eyni zamanda, humanitar hüquq aspekti ilə bağlıdır. Prezident bir sıra çıxışlarında deportasiya olunmuş azərbaycanlıların qayıdış hüququnu beynəlxalq hüquqla əlaqələndirərək deyib ki, belə bir qayıdış hüququ İnsan Hüquqları Ümumdünya Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, Qaçqınların Statusu haqqında Konvensiyada və digər mühüm beynəlxalq sənədlərdə təsbit olunmuşdur. Bu sitat insan hüquqları çərçivəsində qayıdışın hüquqi legitimliyini təmin edir və məsələnin yalnız qarşılıqlı siyasi statusla məhdudlaşmadığını göstərir.

Digər tərəfdən, belə bir yanaşma Qərbi Azərbaycan problemini regional siyasi mübahisə çərçivəsindən çıxararaq, qlobal insan hüquqları diskursuna inteqrasiya edir. Prezidentin ritorikasında etnik ayrı-seçkiliyin yolverilməzliyi, mədəni və dini irsin qorunması, azərbaycanlıların tarixi-mədəni hüquqlarının tanınması əsas arqumentlər kimi çıxış edir.

Qayıdışın elmi əsasları

Ötən il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində Prezident İlham Əliyevin çıxışı Qərbi Azərbaycana qayıdış ideyasının akademik statusunun təsdiqi, eyni zamanda, bu taleyüklü məsələsinin elmi əsaslandırılması baxımından mühüm hadisə sayıla, həmçinin, strateji əhəmiyyətli sənəd kimi qiymətləndirilə bilər.

Prezident həmin çıxışında alimləri məsələnin faktoloji və metodoloji əsaslarını ortaya qoymağa və geniş ictimaiyyətə çatdırmağa çağırdı. Bu baxımdan çıxış ölkə elmi ictimaiyyətinin bu məsələdə aktiv rol oynamaq missiyası olduğunu ortaya qoydu.

Prezident Qərbi Azərbaycan məsələsinin tarixçilər və hüquqşünaslar tərəfindən sənədlərlə əsaslandırılmasının vacibliyini; emosional ritorikanın deyil, elmi faktların və hüquqi arqumentlərin önə çəkilməli olduğunu; bu mövzunun gələcək nəsillər üçün milli yaddaşın qorunması baxımından əhəmiyyətini xüsusi vurğulamış, elmi ictimaiyyəti tarixi saxtalaşdırmalara qarşı faktoloji və metodoloji əsaslarla çıxış etməyə, Qərbi Azərbaycanla bağlı araşdırmaları sistemli və multidissiplinar şəkildə aparmağa çağırmışdır.

Dövlət başçısı bir neçə mühüm tezis irəli sürmüşdür:

1. Qərbi Azərbaycan məsələsi yalnız siyasi deyil, elmi əsaslandırılmış milli məsələdir;

2. Qərbi Azərbaycanla bağlı sistemli elmi-tədqiqat proqramlarının hazırlanması zəruridir;

3. Tarix, hüquq, etnoqrafiya, dilçilik və demoqrafiya, həmçinin mədəni irsin və tarixi yaddaşın bərpası sahəsində aparılan tədqiqatlar bu prosesin əsas dayağı olmalıdır;

4. Deportasiya faktları beynəlxalq hüquq normaları əsasında sənədləşdirilməlidir;

5. Elmi nəticələr beynəlxalq akademik platformalarda təqdim olunmalıdır;

6. Elmi ictimaiyyət tarixi saxtalaşdırmalara qarşı intellektual müqavimət mərkəzi rolunu oynamalıdır.

Prezidentin akademik məsuliyyət anlayışını ön plana çəkən çıxışı, eyni zamanda, elm-tədris müəssisələrinə də açıq bir ismarıcdır: Qərbi Azərbaycan məsələsi dövlət siyasətinin tərkib hissəsidir və onun elmi əsaslandırılması milli vəzifədir!

Beləliklə, Qərbi Azərbaycan ideyası dövlət başçısının siyasi iradəsi ilə akademik bilik və elmi məsuliyyət zonasına daxil edilmişdir.

BDU-da Qərbi Azərbaycan “beyin” mərkəzi

Qeyd etdiyimiz kimi, Qərbi Azərbaycana qayıdış ideyası müasir mərhələdə yalnız siyasi iradə deyil, eyni zamanda elmi əsaslandırma, akademik tədqiqatlar və beynəlxalq hüquqi arqumentlər tələb edir. Bu baxımdan ali təhsil müəssisələrinin və elmi institutların, xüsusilə də ölkə ali məktəblərinin bayraqdarı kimi Bakı Dövlət Universitetinin üzərinə mühüm intellektual və tarixi məsuliyyət düşür.

Bakı Dövlət Universiteti ölkənin unikal elm-təhsil ocağı kimi “Qayıdış konsepsiyası” ilə bağlı bütöv bir məsələlər, problemlər və vəzifələr kompleksinin həllinə ciddi töhfəsini verməkdədir. Universitetdə cəmlənmiş zəngin elmi-intellektual potensial və güclü tədris-tədqiqat kompleksi həmin nəticələrin kifayət qədər praktik və sanballı olacağının zəmanətini verir. Genişmiqyaslı tədbirlərə, fundamental tədqiqatlara start verilmişdir. Həmin fəaliyyətə davamlılıq xarakteri vermək, nəticələrini geniş ölkə ictimaiyyətinə və beynəlxalq birliyə çatdırmaq, tədqiqatların əhatəsini, fundamentallığını və tətbiqi-praktik əhəmiyyətini artırmaq məqsədilə, eləcə də bu məsələnin strateji və ümummilli məsələ olduğunu nəzərə alaraq maddi-texniki bazasını genişləndirilmək düşüncəsi ilə həmin fəaliyyətin vahid mərkəzdən koordinə edilməsi zərurəti yaranmışdı. Universitet rəhbərliyinin Qərbi Azərbaycanla bağlı problemləri ələ alacaq, tədqiq edəcək, ortaya faydalı bir iş qoyacaq işlək, mobil, intellektual strukturun yaradılması ilə bağlı qəti iradəsi Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin təsis edilməsi ilə nəticələnmişdir.

Mərkəz Azərbaycan Respublikasının milli maraqlarına, dövlət siyasətinin prioritetlərinə və elmi inkişaf strategiyasına uyğun fəaliyyət göstərən multidissiplinar elmi-tədqiqat strukturudur. Onun fəaliyyəti Qərbi Azərbaycana qayıdış ideyasının elmi əsaslandırılmasına, tarixi yaddaşın bərpasına, beynəlxalq hüquq müstəvisində legitim mövqelərin formalaşdırılmasına və akademik bilik istehsalına yönəlmişdir.

Universitetin ən müxtəlif elm sahələri və ixtisaslar üzrə güclü elmi kadr potensialına – professor-müəllim heyətinə malik olması, bu sahədə fəaliyyətin də universallığını təmin edir. Söhbət Qərbi Azərbaycanın tarixi, ədəbiyyatı, folkloru, dil məsələləri, mətbuatı, mədəni və ictimai-siyasi fikir tarixi, ərazilərinin arxeologiyası, etnoqrafiyası, coğrafiyası, təbii sərvətləri və s. məsələlərin geniş tədqiqata cəlb olunmasından gedir. Eləcə də qayıdış prosesi yeni bir tarixi reallıq və hüquqi presedent yaratdığı üçün beynəlxalq münasibət və mübahisələrin konstruktiv həlli çərçivəsində, həmçinin beynəlxalq hüququn prinsip və normalarına uyğun ləyaqətli şəkildə həyata keçirilməlidir. Səsləndirilən məsələlər üzrə konkret nəticəyə hesablanmış məhsuldar tədqiqatlar aparmaq üçün universitetin bir sıra fakültələrinin zəngin elmi-tədqiqat potensialı səfərbərliyə alınmışdır.

Düşünürük ki, Bakı Dövlət Universiteti Qərbi Azərbaycanla bağlı məsələlərin tədqiqində intellektual mərkəz rolunu oynaya biləcəkdir. Universitetin bu prosesə töhfəsi bir çox istiqamətdə reallaşdırılmaqdadır. Buraya multidissiplinar elmi layihələrin icrasını; beynəlxalq konfrans və simpoziumların təşkilini; Qərbi Azərbaycanla bağlı xüsusi kurs və proqramların tədrisini, tematik tədqiqat işlərinin aparılmasını və digər tədbirləri aid etmək mümkündür. Bu proses daha çox gələcəyə hədəfləndiyi üçün gənclərin bu işə fəal şəkildə səfərbər olunması, onlarda tarixi torpaqlarımızla bağlı təəssübkeşlik və vətəndaşlıq duyğularının tərbiyə edilməsi, Qərbi Azərbaycanın tarixi, folklor və ədəbiyyatı, ictimai-siyasi fikir tarixi, Qayıdış konsepsiyasından irəli gələn siyasi-hüquqi problemlərin həlli ilə bağlı magistratura və doktorantura səviyyəsində təhsil alanların elmi tədqiqat işlərinə cəlb edilməsi nəzərdə tutulur. Artıq universitetdə Qərbi Azərbaycanla bağlı müvafiq ixtisaslar üzrə magistr və fəlsəfə doktoru dissertasiyaları yerinə yetirilir.

Sülh şəraitində Qərbi Azərbaycana qayıdış

Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı mövqeyi təsadüfi siyasi bəyanatlar toplusu deyil, ardıcıl, hüquqi əsaslandırılmış və elmi-strateji baxışa söykənən, tarixi, hüquqi, humanitar və sülhyönümlü milli dövlət konsepsiyasıdır. Dövlət başçısının müxtəlif tədbirlərdə səsləndirdiyi çıxışlardan sitatları bu yanaşmanın tarixi arqumentlə, beynəlxalq hüquqla və humanitar hüquq mexanizmləri ilə dəstəkləndiyini göstərir. Qərbi Azərbaycan məsələsi müasir Azərbaycan dövlət siyasətində də elmi-hüquqi və beynəlxalq legitimlik müstəvisində qurulan konsepsiya kimi çıxış edir. Bu konsepsiya tarixi ədalətin bərpasını, insan hüquqlarının müdafiəsini və regional sülhün möhkəmləndirilməsini bir-biri ilə uzlaşdırır.

Prezident İlham Əliyevin mövqeyində prinsipial xətt ondan ibarətdir ki, Qərbi Azərbaycana qayıdış məsələsi yalnız sülh yolu ilə və beynəlxalq hüquq çərçivəsində həll oluna bilər. Dövlət başçısı bu məsələni revanşizm və ya ərazi iddiası kimi təqdim etmir, əksinə, onu Ermənistanla davam edən sülh gündəliyinin ayrılmaz tərkib hissəsi kimi izah edir. O, Milli Elmlər Akademiyasındakı çıxışında açıq mətnlə bəyan etmişdir: “Buna görə də azərbaycanlıların indiki Ermənistan ərazisinə qayıdışı nə Ermənistan xalqını, nə də Ermənistan dövlətini qorxutmamalıdır... Biz tarixi torpaqlarımıza tanklarla deyil, avtomobillərlə qayıtmalıyıq”.

Bu yanaşma Azərbaycanın beynəlxalq arenada hüquqa əsaslanan və məsuliyyətli aktor imicini möhkəmləndirir. Bu, güc siyasətinin deyil, hüquq və diplomatiya üzərində qurulmuş rasional yanaşmanın simvoludur. Belə bir mövqe Ermənistan cəmiyyətinə və dövlətinə yönəlmiş təhdid deyil, regionda davamlı sülhün təmininə xidmət edən konstruktiv çağırışdır.

Qərbi Azərbaycan mövzusu Prezidentin çıxışlarında regional sabitliyi pozan faktor deyil, uzunmüddətli sülhün və etimadın qurulmasına xidmət edən humanitar çağırış kimi təqdim olunur. Ölkənin Ali rəhbərliyinin bu mövzunu davamlı olaraq gündəmdə saxlaması, hüquqi mexanizmlərin yaradılması, tarixşünaslıq və humanitar sahədə elmi tədqiqatların genişləndirilməsi Azərbaycanın dövlətçilik strategiyasının ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir.

Əsas vəzifələr və perspektivlər

Qərbi Azərbaycana qayıdış prosesinin növbəti mərhələsi üçün bir neçə əsas istiqamət ön plana çıxır:

1. Elmi əsaslandırmanın dərinləşdirilməsi – monoqrafiyalar, arxiv tədqiqatları, xəritə və demoqrafik analizlər, tarix, hüquq, fəlsəfə və politologiya sahələrində sistemli tədqiqatlar;

2. Beynəlxalq hüquqi mexanizmlərin genişləndirilməsi – BMT, beynəlxalq məhkəmələr və insan hüquqları institutları çərçivəsində ardıcıl fəaliyyət;

3. İctimai diplomatiyanın gücləndirilməsi – qayıdışın sülhsevər, hüquqa əsaslanan xarakterinin beynəlxalq ictimaiyyətə çatdırılması;

4. Normativ diskursun qorunması – qayıdışın revanşist ritorikadan uzaq, ləyaqət, hüquq və sülh çərçivəsində təqdim olunması.

Bütün bu və digər məsələlər Qərbi Azərbaycan İcmasının gündəlik fəaliyyətinin predmetini təşkil edir və uğurla da həllini tapır.

Beləliklə, Qərbi Azərbaycana qayıdış ideyası artıq Azərbaycan üçün, sadəcə, tarixi iddia deyil. Bu ideya fəlsəfi baxımdan tarixi varlığın bərpası, hüquqi baxımdan beynəlxalq normalara əsaslanan haqlı tələb, siyasi baxımdan milli ideologiyanın növbəti mərhələsidir.

Prezident İlham Əliyevin ardıcıl mövqeyi bu konsepsiyanı dövlət siyasətinin strateji və uzunmüddətli xətti kimi təsbit edir. Qarabağdan sonra Qərbi Azərbaycan məsələsi Azərbaycan xalqının tarixlə dialoqunun və gələcəyə suveren yürüşünün ideoloji ifadəsinə çevrilir.

Xalid NİYAZOV,
Bakı Dövlət Universiteti Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin direktoru, siyasi elmlər doktoru

Избранный
52
33
xalqqazeti.az

10Источники