RU

Distant iş modeli: hüquqi çərçivə və tətbiqi nüansları

Mövzunu “vergiler.az”a “Business Service Centre” şirkətinin İnsan Resursları Departamentinin rəhbəri Təhminə Dəmirova şərh edir.

Əmək münasibətlərində son illərin ən ciddi dəyişikliklərindən biri, şübhəsiz ki, COVID-19 dövründə baş verdi. Pandemiya bir çox işəgötürən və işçi üçün məsafədən işləmə modelini qaçılmaz etdi və bu model qısa müddətdə gündəlik iş praktikasına çevrildi. Müşahidələr göstərir ki, distant iş pandemiya dövründə sadəcə müvəqqəti həll yox, əmək münasibətlərinin gələcək inkişaf istiqamətlərindən biri kimi formalaşdı. Bu kontekstdə Əmək Məcəlləsinə distant iş anlayışının əlavə olunması müasir əmək bazarının tələblərinə uyğun və zamanında atılmış addım kimi dəyərləndirilə bilər.

Anlayışın qanunvericilikdə yer alması: mühüm başlanğıc

Təklif olunan yeni anlayışa əsasən, "Məsafədən (distant) iş – əmək funksiyasının elektron, proqram-texniki və telekommunikasiya vasitələri ilə işəgötürənin yaratdığı iş yerlərindən kənarda yerinə yetirilməsidir". Bu tərif distant işin mahiyyətini ümumi şəkildə əks etdirir və hüquqi bazanın formalaşdırılması üçün vacib ilkin mərhələdir. Dünya təcrübəsi göstərir ki, bir çox ölkələrdə distant iş də məhz anlayış səviyyəsindən başlayaraq, mərhələli şəkildə tənzimlənir.

Dünya təcrübəsindən çıxarıla biləcək faydalı yanaşmalar

Müxtəlif ölkələrin qanunvericiliyini və tətbiq praktikasını nəzərdən keçirərkən maraqlı məqamlar ortaya çıxır ki, gələcəkdə Azərbaycan üçün də faydalı ola bilər:

- Fransada distant iş zamanı iş və şəxsi həyat balansının qorunmasına xüsusi diqqət yetirilir: işçilərin iş saatlarında kənar ünsiyyətdən azad olunması təşviq edilir.

- Almaniyada məsafədən işləyən işçilər üçün də iş vaxtının uçotu məsələsinə həssas yanaşılır.

- İspaniyada distant işlə bağlı müəyyən xərclərin kompensasiyası mexanizmləri müzakirə predmetidir.

- Skandinaviya ölkələrində distant iş daha çox qarşılıqlı etimad və nəticəyönümlü qiymətləndirmə prinsipləri üzərində qurulur.

Bu nümunələr onu göstərir ki, distant iş müxtəlif modellərlə tənzimlənsə də, əsas məqsəd balanslı və davamlı əmək münasibətlərinin qurulmasıdır.

Distant iş və sığorta

Distant iş modeli bir sıra fiziki məkan risklərini aradan qaldırsa da, bədbəxt hadisə və işçi sağlamlığı ilə bağlı risklər hələ də mövcuddur. Bu səbəbdən, sığorta məsələsi xüsusi önəm daşıyır. Dünyada bir çox sığorta şirkətləri distant işçilər üçün xüsusi paketlər təklif edir:

- evdə iş zamanı bədbəxt hadisə və yaralanmalar,

- iş avadanlığı və texniki vasitələrin zədələnməsi,

- psixoloji və ergonomik risklər.

Avropa və ABŞ təcrübəsində bəzi şirkətlər distant işçilər üçün əlavə tibbi və əmək riskləri sığortası tətbiq edir. Bu məsələ ilə bağlı tövsiyə edilə biləcək prinsiplər:

- distant işçilərin bədbəxt hadisədən sığortalanması üçün xüsusi paketlərin hazırlanması;

- işçi və işəgötürən arasında məsuliyyətin hüquqi sənədlərlə aydın müəyyənləşdirilməsi;

- işəgötürənlərin distant işçilərin iş şəraitinə uyğun sığorta seçimlərini nəzərdən keçirməsi.
İş vaxtı və istirahət məsələlərinə diqqətli yanaşma zərurəti

Distant iş zamanı ən çox müzakirə olunan mövzulardan biri iş vaxtının təşkili ilə bağlıdır. Təcrübə göstərir ki:

- iş vaxtının ümumi çərçivəsinin əvvəlcədən razılaşdırılması,

- işçinin əlçatanlıq saatlarının müəyyən edilməsi,

- istirahət və məzuniyyət hüquqlarının aydın göstərilməsi
əmək münasibətlərinin sağlam qurulmasına töhfə verir.

Bu nüansların əmək müqaviləsində və ya daxili qaydalarda əks etdirilməsi gələcək anlaşılmazlıqların qarşısını almağa kömək edə bilər.

Əmək müqaviləsinə xitam hallarına ehtiyatlı yanaşma

Dünya praktikasında distant iş üzrə əmək müqaviləsinə xitam verilməsi, əsasən, ümumi əmək qanunvericiliyi prinsiplərinə uyğun həyata keçirilir. Eyni zamanda, məsafədən iş şəraitində performans meyarlarının əvvəlcədən müəyyən edilməsi, kommunikasiya proseslərinin sənədləşdirilməsi həm işçi, həm də işəgötürən üçün daha şəffaf mühit yaradır. Bu yanaşmalar gələcəkdə əmək münasibətlərinin daha sabit qurulmasına xidmət edə bilər.

Mərhələli və balanslı yanaşmanın əhəmiyyəti

Distant iş anlayışının Əmək Məcəlləsinə daxil edilməsi müasir əmək münasibətlərinə uyğunlaşma baxımından mühüm mərhələdir. Dünya təcrübəsi göstərir ki, bu proses adətən mərhələli şəkildə, praktiki təcrübə nəzərə alınmaqla inkişaf etdirilir.

Gələcəkdə əlavə qaydaların hazırlanması, tətbiq mexanizmlərinin dəqiqləşdirilməsi, metodiki yanaşmaların formalaşdırılması distant iş institutunun daha sağlam şəkildə qurulmasına töhfə verə bilər. Bir sözlə, distant iş modeli nə qədər düzgün qurularsa, bir o qədər həm işçilər, həm də işəgötürənlər üçün faydalı nəticələr verə bilər. Əgər bu institut düzgün təşkil edilərsə, distant iş regionlardan peşəkarların əmək bazarına çıxışını artıracaq, işəgötürənlər üçün xərcləri azaldacaq və əmək münasibətlərini daha çevik və müasir edəcək.

Избранный
94
vergiler.az

1Источники