RU

Azərbaycanda dəm qazından ölümlər niyə çoxdur: “İnkişaf etmiş ölkələrdə qaz detektoru quraşdırılır”

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanda hər il xüsusilə qış aylarında onlarla insan dəm qazından həyatını itirir. Bir çox hallarda hadisələr gecə yarı evlərdə baş verdiyindən ölənlər də eyni ailənin üzvü olur. Hətta dəm qazının bütöv bir ailəni yox etdiyi hallar da baş verir.

Təkcə son vaxtlarda dəm qazının yaşatdığı faciələrə nəzər salaq.

İki gün əvvəl Naxçıvanda iki tələbə dəm qazından ölüb. Naxçıvan şəhəri, Nizami küçəsi, 61 ünvanında baş vermiş hadisə zamanı həyatını itirən Ahmet və Büşra Aksu Türkiyə vətəndaşlarıdır. Onlar Naxçıvan Universitetində təhsil alırdılar.

Bundan bir müddət əvvəl Naxçıvanın Babək rayonunda da iki nəfər dəm qazından ölmüşdü. Rayonun Hacıvar kəndində 1996-cı il təvəllüdlü Altay Cəfərov və onun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Səmənnaz Cəfərova dəm qazından dünyasını dəyişmişdi.

Bugünlərdə Sumqayıtda da 24 yaşlı Musa Məmişov dəm qazından boğularaq həyatını itirmişdi.

Göründüyü kimi, gənc insanlar dəm qazının qurbanı olur. Başqa ölkələrlə müqayisədə görünür ki, Azərbaycanda dəm qazından dünyasını dəyişənlərin sayı kifayət qədər çoxdur. Bəs bunun səbəbi nədir?

Bu barədə Bizimyol.info xəbər portalına danışan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, əsas səbəb qeyri-peşəkarlıq və səhlənkarlıqdır: “Əslində, müvafiq qurumlar narahat olmalıdır ki, hər il bizim bu qədər vətəndaşımız dəm qazından boğulub ölür. Özlərinə sual verməlidilər ki, niyə? Bu “niyə”nin cavabını tapıb, onu aradan qaldırmalıdılar. Amma illərdir bunu eləmirlər. Nəticədə illərdir adamlar dəm qazından boğulur. Deməli, insanların ölümünə biganədilər. “Adamlar filan sobadan istifadə elədilər, tüstü bacasını belə qoydular” deməklə insanları günahkar çıxara bilərlər. Sual yaranır: bəs məsul qurum olaraq, sənin heç bir günahın yoxdurmu? Birmənalı şəkildə var”.

Mirvari Qəhrəmanlı

Mirvari Qəhrəmanlı bildirir ki, texniki yoxlamalar lazımi qaydada aparılmır. Onun sözlərinə görə, xüsusən son illərdə bir çox peşəkarlar “Azəriqaz”dan uzaqlaşdırılıb.

“Hər bir işdə peşəkar yanaşma olmalıdır. İnkişaf etmiş ölkələrdə evlərdə qaz detektoru quraşdırılır. Vətəndaşlarla “Azəriqaz” arasında müqavilədə göstərilir ki, vətəndaşı 24 saat fasiləsiz təbii qazla təmin etmək öhdəliyi var. Qışın günündə qazı kəsirlər, heç vətəndaşın xəbəri olmadan verirlər. Bütün bunlar çox təhlükəlidir. Hesab edirəm ki, bütün bu qanunsuzluqlar cəzasızlıq mühitindən yaranır. İnsan həyatına dəyər verilsə, dəm qazından bir ölümün belə, hesabı sorulsa, o zaman hər kəs işinə daha məsuliyyətli olar”, - deyə hüquq müdafiəçisi əlavə edib.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
bizimyol.info

1Источники