RU

Nağı Səfərov: Uğur qazanmış məşqçilərimizi xaricdə mübadilə kurslarına göndərmək planımız var

Bakı, 16 yanvar, AZƏRTAC

Uğur qazanmış, yüksək balla imtahandan keçmiş məşqçilərimizi xaricdə mübadilə kurslarına göndərmək planımız var.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov deyib.

O, məqsədin məhz bu məşqçilər üzərində inkişafı təmin etmək olduğunu bildirib: “Təbii ki, xarici mütəxəssislər yüksək səviyyəli bilik və təcrübəyə malik ola bilərlər, lakin onlar Azərbaycan reallıqlarını və ölkədə boksun inkişaf prosesini tam bilməyə bilərlər. Eyni zamanda, hər bölgənin öz spesifikası və xüsusiyyətləri mövcuddur. Buna görə də, həmin bölgələrdə yaşayan məşqçilərin yetişdirilməsi və onların həmin bölgələr üçün işə hazır olması bizim əsas hədəfimizdir”.

Federasiya rəsmisinin sözlərinə görə, beynəlxalq təlim-məşqlərdə yığmalarımızın iştirakı zamanı həmin məşqçilər köməkçi məşqçi qismində iştirak edərək bilik və bacarıqlarını inkişaf etdirəcəklər: “Bu il üçün planlaşdırılıb, lakin konkret vaxt və yerlər hələ açıqlanmayıb. Plan çərçivəsində Boks Assosiasiyası qitə səviyyəli məşqçilərin yetişdirilməsini və dünya səviyyəli məşqçilərin seminardan uğurla keçərək diplom almasını nəzərdə tutur. Bu iki məsələ hazırda gündəmdədir və biz də düşünürük ki, öz məşqçilərimizin həmin seminar və imtahanlarda iştirakını təmin edək”.

Избранный
100
azertag.az

1Источники