RU

Bakı və Abşeronda su təsərrüfatının dayanıqlığı strateji prioritetdir ŞƏRH

Bakı, 16 yanvar, AZƏRTAC

Bakı şəhəri və Abşeron yarımadası ölkənin əsas iqtisadi və sosial mərkəzi olmaqla yanaşı, kommunal infrastrukturun dayanıqlığı baxımından da xüsusi məsuliyyət tələb edən bölgədir. Su təchizatı, yağış və tullantı sularının idarə olunması burada xidmət məsələsi deyil, şəhər həyatının keyfiyyətinə, sanitariya təhlükəsizliyinə və ekoloji tarazlığa birbaşa təsir edən strateji istiqamətdir. Bu istiqamətdə dövlətin ardıcıl siyasəti Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən Bakı və Abşeronda su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramında konkret çərçivə qazanır. Proqramın əsas üstünlüyü ondan ibarətdir ki, planlama və icra ayrı-ayrı tədbirlər kimi deyil, əlaqəli və ardıcıl mexanizm əsasında qurulur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse-prezidenti Oğuz Mirzəyev söyləyib.

O deyib ki, Dövlət Proqramı su təsərrüfatına mənbədən istehlakçıya qədər vahid yanaşma tətbiq edir. Şəbəkələrin gücləndirilməsi, itkilərin azaldılması, artan tələbat fonunda yeni yaşayış massivlərinin planlı şəkildə sistemə inteqrasiyası, eyni zamanda, yağış sularının şəhər təsərrüfatına zərər vermədən yönləndirilməsi və tullantı sularının ekoloji tələblərə uyğun idarə olunması bu yanaşmanın əsas istiqamətləridir. Bu addımlar xidmətin sabitliyini artırmaqla yanaşı, şəhər mühitinin təhlükəsizliyini möhkəmləndirir və infrastrukturun ümumi səmərəliliyini yüksəldir. Su təchizatı və kanalizasiya kimi xidmətlər vətəndaşın gündəlik həyatına ən yaxın sahələrdəndir. Burada görülən hər iş birbaşa yaşayış şəraitinə, sanitariya təhlükəsizliyinə və ümumi rahatlığa təsir göstərir. Dövlətin bu istiqamətdə strateji proqram qəbul etməsi paytaxt regionunda yaşayan əhalinin ehtiyaclarına həssas yanaşmanı, şəhər təsərrüfatına dövlət qayğısını və sosial məsuliyyəti açıq şəkildə ortaya qoyur.

“Proqramın yanaşması təkcə mövcud ehtiyaclarla məhdudlaşmır. Şəhərin genişlənməsi, əhali artımı və iqlim amilləri nəzərə alınmaqla infrastrukturun qabaqlayıcı planlama əsasında yenilənməsi paytaxt regionunda su təsərrüfatının uzunmüddətli dayanıqlığını təmin edən əsas prinsip kimi çıxış edir. Məqsəd aydındır: Bakı və Abşeronda kommunal sistem müasir standartlara uyğun qurulsun, xidmət daha etibarlı və keyfiyyətli olsun.

Yekun olaraq, Bakı və Abşeron üzrə Dövlət Proqramı dövlətin paytaxt regionunda su, yağış və tullantı suları infrastrukturunu planlı şəkildə yeniləmək iradəsini real icra mexanizmi ilə birləşdirən strateji sənəddir. Bu proqramın həyata keçirilməsi şəhər təsərrüfatında sabitliyin möhkəmlənməsinə, ekoloji təhlükəsizliyin güclənməsinə və vətəndaşın gündəlik həyat keyfiyyətinin yüksəlməsinə xidmət edir”, - deyə O.Mirzəyev vurğulayıb.

Избранный
114
azertag.az

1Источники