Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun “Yeni Sabah”a müsahibəsi:
- Abbasəli müəllim, İranda baş verənləri necə dəyərləndirirsiniz? Budəfəki etiraz aksiyaları əvvəlkilərdən nə ilə fərqlənir?
- Bu artıq beşinci etiraz aksiyasıdır. Əslinə qalsa, bu onlardan fərqlidir. Fərqli odur ki, bu dəfə bütün bölgələrdə əhali böyük çətinliklərlə üzləşib. İranın Cənubunda da, Şimalında da, Şərqində də, Qərbində də mərkəzi bölgələrində də vəziyyət eyni idi. İqtisadi durum olduqca ağır vəziyyətdədir, İran tüməni və realı alım qabiliyyətini itirib. Hətta belə bir məlumat da yayıldı ki, İran pulunun çap xərcləri əsginas dəyərindən bahaya başa gəlir. Heç bir mənbədə ölkə iqtisadiyyatının bu qədər zəiflədiyini, İran pulunun bu qədər inflyasiyaya uğraması olmayıb. Bir dollar 1 milyon yarım real, 150 min tüməndir. İnsanlar aldığı maaş, təqaüdçülər aldıqları məvaciblə, sadəcə, ərzağı belə, təmin edə bilmirlər. Elə bir sahə yoxdur ki, orda nümunə üçün vəziyyətin nisbətən yaxşı olduğunu söyləyə biləsən.
Təsəvvür edin ki, qaz ehtiyatına görə İran dünyada ikinci yerdədir, amma ölkədə qaz enerjisi yoxdur. Heç bir bölgəyə normal qaz verilmir, elektrik enerjisi yetərli qədər deyil, su çatmır. Su biri var, elektrik enerjisindən asılı ola, ümumiyyətlə su çatmır. Məsələn, 14 milyonlu Tehran hazırda sudan böyük əziyyət çəkir. Bu problemin kökü də lap ağırdır.
40 ilə yaxındır, yeraltı suları çəkib su bəndlərinə vururlar, oradan da şəhəri içmə və texniki su ilə təmin edirdilər. Amma indi yeraltı su tükənib. Əgər vaxtilə bu layihəni düzgün hesablasaydılar, onda gərək suyun debitini hesablayaydılar - nə qədər su var neçə ilə çatar, suyu tam çəkib götürəndən sonra hansı problem əmələ gələ bilər? Bunu nəzərə almayıblar. İndi 14 milyonluq şəhərdə su yoxdur, şəhər yavaş-yavaş çökür. İsfahanda Zayəndərud çayı var idi. Suyu təxminən bizim Kür çayından 2-3 dəfə artıq böyük çay idi. Çay İsfahanın mərkəzindən gəlib keçirdi. O çayı yönəltdilər Yəzd vilayətinə. Ondan sonra çay qurudu. İndi İsfahan şəhəri də yavaş-yavaş çökür. Çünki altındakı su yoxdur. Və yaxud Urmiyə gölünün quruması. Bunlar həlli çox sadə, yol verilməyəcək problemlər idi. Urmiyə gölündə suyu dayandırdılar. Urmiyə gölündə su çəkiləndən sonra bir neçə dəfə olmuşam. Bu göl çox duzlu göl idi. Duzun qatılığı o qədər yüksək idi ki, 40 santimetr hündürlüyündə suyun üstündə yerdə oturmaq mümkün olmurdu. Nə qədər istəyirdin ayağın yerə dəysin, mümkün olmurdu. O gölü məhv elədilər. İndi qurumuş göldən qalan duzlar toz halında havaya sovrulur. İnsanlara nəfəs almağa çətinlik yaradır, xəstəlik mənbəyi olur. Bu toz hərəkət etdikcə ağaclar quruyur, torpaqda heç nə bitmir. Bu qədər böyük problemlər yaranıb.
- Belə görünür ki, savadsız idarəetmə problemi olub…
- Mən deyim ki, ölkədə bütün sahələrdə yaxşı mütəxəssislər var idi. Diplomatiyada böyük səhvlərə yol verdilər, amma orda güclü, savadlı diplomatlar var idi. Hər sahədə yaxşı mütəxəssislər yetişdirilib. Elm sahəsinə fikir verilib. Amma o mütəxəssislərin düzgün istifadə olunması yox idi.
- Siyasi təhlilçilər İranda mövcud problemlərin böyük hissəsinin ali dini rəhbərliklə prezident institutu arasında səlahiyyət balansının pozulmasından qaynaqlandığını bildirirlər. Siz bu yanaşmanı nə dərəcədə əsaslı hesab edirsiniz?
- Mütləq hakimiyyət Ali Dini rəhbərdir. O, mütləq hakimiyyətə malikdir, digər tərəfdən heç bir məsuliyyət də daşımır. Prezidentin heç bir səlahiyyəti yoxdur, amma prezident böyük məsuliyyət daşıyır. Burda paradoks var. Bütün hakimiyyət ali dini rəhbərin əlində cəmləşib – amma məsuliyyət daşımır. Prezidentin hökuməti formalaşdırmaq, iqtisadi və digər problemləri aradan qaldırılmaq üçün heç bir səlahiyyəti yoxdur.
İqtisadiyyatın hansı vəziyyətdə olduğunu göstərmək üçün sizə bir misal deyim. Təxminən iki həftə öncə prezident Məsud Pezeşkian dedi ki, neft satılır, əgər satılan neftin pulunun 10-ca faizi dövlətə qayıtsa idi, biz bir çox problemləri aradan qaldıra bilərdik. Büdcə boşdur. Neft satılır, qaz satılır, bəs, bu pullar hara gedir?
İkinci problem, ölkəni idarə edən xüsusi xidmət orqanı olan SEPAH-dır. Bu, hərbi qüvvədir. Amma ölkə iqtisadiyyatını da onlar idarə edirdi. İqtisadiyyatın 60 faizi onların əlində cəmləşib. Onların bankı var idi, iqtisadiyyatın müxtəlif sahələri onların əlində cəmləşmişdi. Amma peşəkar maliyyəçiləri kənarlaşdırıb kimisə təyin ediblər. Ona görə də belə bir fəlakət oldu. Bu gün buna böhran demək azdı. Ona görə də ölkə belə bir, olduqca ağır vəziyyətə gəlib çatdı. Odur ki, əvvəlki etiraz aksiyalarından, indiki, qat-qat fərqlidir. Çünki insanlar artıq dözə bilmirlər.
- Pezeşkian azərbaycanlı, türk kimliyini ön sırada tutan, bunu çəkinmədən söyləyən nadir İran siyasətçisidir. Pezeşkiana qədər İranda deputat olaraq da, səfir olaraq da, nazir, nazir müavini olaraq da üzə çıxan azərbaycanlı köklərinə sahib şəxslər olublar ki, Azərbaycan kimliyini bu qədər cəsarətli və rahat bir şəkildə ifadə etməyiblər. Məsələn, mədəniyyət nazirinin müavini Əli Əsğər Şeirdust, səfirlər Əhəd Qəzai, Əfşar Süleymani hər nə qədər Azərbaycan köklərindən bəhs etsələr də, onlar iranlı kimliklərini ön sırada göstərirdilər. Necə oldu ki, Pezeşkian kimi azərbaycanlı-türk kimliyini önə çıxaran bir adam Ali rəhbərliyin də dəstəyi ilə prezident oldu?
- Öncə ondan başlayaq ki, necə oldu ki, milli ruhu olan bir türk İranda prezident oldu? Onu deyim ki, İranda seçki ilə bağlı qərarverici orqan istəmədikləri namizədi qeydə almamaq üçün bir bəhanə tapırlar. Prezident seçkisində də, parlament seçkisində də bu belədir. Niyə Pezeşkiana icazə verdilər? Əhali dövlətdən narazı olduğuna görə, hakimiyyət seçkiyə getmək istəmirdi. Əgər seçki baş tutsaydı, bəlli olacaqdı ki, əhalinin çox cüzi bir hissəsi seçkidə iştirak edib. İranın əhalisinin 52 faizi, yəni yarıdan çoxu Azərbaycan türkləridir.
- Bu, rəsmi məlumatdır?
- Bəli, rəsmi rəqəmlərdir. Mən bunun tarixçəsini də deyim. 2007-ci ildə rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun İrana səfəri oldu. Proqramda prezident Mahmud Əhmədinejadla görüş nəzərdə tutulmuşdu. Amma səfərdən iki gün qabaq Əhmədined ostanlardan birinə səfərə gedəsi olduğu üçün, dedilər ki, prezidentin birinci müavini doktor Pərviz Davudi Əli Abbasovu qəbul edəcək. İxtisasca iqtisadçı olan doktor Davudi azərbaycanlıdı, kökü Tiflisdəndi. Görüş zamanı Davudi İranla Azərbaycan arasında münasibətlərin dinamikasından danışanda dedi ki, münasibətlər bundan qat-qat çox ola bilər, çünki imkan böyükdür. Əlaqələrimiz haqqında danışandan sonra dedi ki, çox yaxınlarda İranda əhalinin siyahıya alınması həyata keçirilib və nəticələri ictimaiyyətə açıqlanmaq üçün yox, dövlətin istifadə etməsi üçün məxfi sənəd olub. Bu məlumatlar əhalinin milli tərkibi, hansı ixtisaslara sahib olduğu və s. kimi məlumatları əhatə edən sənəd idi. Doktor Davudi də o nəticələrdən bizə danışaraq dedi ki, “bu siyahıya alınmanın nəticələrinə əsasən, İran əhalisinin 52 faizi Azərbaycan türküdür”. Bunu çox böyük fəxrlə dedi.
Üstündən təxminən 3 ay keçdikdən sonra bizim Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İrana səfər etdi. Səfər zamanı o, İranda ən yüksək dövlət qurumu hesab olunan İran Məsləhət Şurasının sədri Ayətullah Seyyid Mahmud Haşimi Şahrudi ilə görüşdü. Bu vəzifə Ali Dini rəhbərə tabe idi. Şahrudi isə idarəçilik iyerarxiyasında çox böyük nüfuza sahib idi. Fərhad Abdullayevlə görüşəndə o da dedi ki, “siyahıya alınma başa çatıb və nəticələrinə görə İran əhalisinin 52 faizi Azərbaycan türkləridir. Azərbaycan türklərindən başqa türk kökənli qaşqaylar, Xorasan türkləri, türkmənlər var – 3 milyona yaxın da onlar olarlar”, dedi. Şahrudi çox saf insan idi. Dedi ki, 2 kürəkənim türkdür, onlardan çox razıyam, çox çalışqan, ağıllı və ailələrinə çox bağlıdırlar. Dedi, 52 faiz türkdür, yerdə qalan 48 faizinin də yarısının bir tərəfi türkdür. Sonra zarafatla dedi ki, yerdə 24 faiz qaldı ki, onlar da, sadəcə, türk olduqlarını bilmirlər.
Pezeşkianın prezidentliyə namizədliyinə imkan verməkdə məqsəd - bilirdilər ki, ölkə əhalisinin 52 faizi Azərbaycan türkləridir. Pezaşkiana görə onlar gəlib seçkilərdə iştirak edəcəklər. Onlar bilirdilər ki, həmin seçicilər Pezeşkiana səs verəcəklər. Bununla da seçkidə əhalinin böyük hissəsi iştirak edəcək, seçki legitim olacaq.
- Yəni legitim seçkilərin tək tolu azərbaycanlı namizədin çıxarılması idi?
- Pezaşkianın yerinə başqa bir adam, məsələn, o vaxt mümkün namizəd kimi adı çəkilən Səid Cəlili var idi, onun namizədliyi verilsə idi, seçicilər o qədər də maraq göstərməyəcəkdi. Pezeşkianın Azərbaycan türkü olması və saflığı, xalq arasında nüfuzu var idi. Milli ruhu olmasına görə insanlar Pezaşkianın millət üçün faydalı iş görəcəyinə inandı. Amma bir məmur nə qədər bacarıqlı, savadlı olsa da, əgər onda milli ruh yoxdursa, millət üçün bir iş görmür. Pezaşkianın prezident seçilməsinin birinci səbəbi bu idi.
Məsələnin digər tərəfi də var. Pezeşkian prezident seçilsə də, səlahiyyətləri olmadığı üçün problemlərin səbəbini xalqa açıq deməyi seçdi. İnanmıram ki, başqa hansısa prezident deyəydi ki, neft satılır, amma pulu büdcəyə gətirilmir.
Bir paradoks da deyim. Demokratik ölkələrdə büdcə formalaşanda ayrı-ayrı qurumlar arasında vəsaitlər bölünür, parlament təsdiq edir və maliyyə nazirliyi işini görür. Amma İranda vəziyyət fərqli idi. SEPAH nefti satır, maliyyə nazirliyi gözləyirdi ki, SEPAH ona nə qədər pul ayıracaq. Bunların hamısı böyük problemlər yaratdı.
İkinci və gözə çarpan səbəblərdən biri, təxminən, 20 il ərzində İran proksi ölkələrə 200 milyard dollardan artıq vəsait xərcləməsidir. Ona görə də aksiyalar zamanı “nə Qəzza, nə Livan – canım İrana fəda” kimi şüarlar səslənirdi. Yəni pulları başqa yerlərdə xərcləyib, Hizbullaha, Husilərə, Livana nəhəng pullar xərclənib, amma əhalinin özü kasıblıq çəkirdi. Sovet İttifaqı da buna bənzər siyasət yürüdürdü. SSRİ çalışırdı ki, Afrika, Asiya ölkələrini sosializm sisteminə cəlb eləsin. Bununçün milyardlarla pul tökürdülər. Məsələn, inkişaf etməmiş dövlətlərin başçıları Leonid Brejnevlə görüşüb, ölkələri üçün elektrik stansiyası, zavod və s. inşa etmək üçün pul istəyirdilər. SSRİ rəhbərliyi də xarici ölkələrdə sosializmi gücləndirmək üçün onlara milyardlarla pul xərcləyirdi, amma Sovet xalqı ciddi iqtisadi problemlər yaşayırdı.
İran da ideologiya naminə proksi qüvvələrə nəhəng vəsaitlər xərcləyirdi. Bu da kökündən səhv layihə idi. Ölkə ac-yalavac vəziyyətdədir, amma 200 milyard dollar bu sahəyə səpələnib.
Pezeşkian milli ruhu olan insandır, saf insandır, əli də təmizdir, beyni də təmizdir, məfkurəsi də təmizdir. Onun üçün milli məsələ birinci sıradadır.
- Pezeşkianın dediyi milli məsələ nəyi ehtiva edir? Güney Azərbaycana müstəqillik verilməsi, yoxsa hansısa milli-mədəni haqların təmin olunmasımı?
- Pezeşkian İran Azərbaycanının müstəqil olması, İrandan ayrılması barədə heç vaxt bir fikir söyləməyib. Amma orda da bir diskriminasiya var idi. Məsələn, Sovet dövründə müsəlman respublikalarında ağır sənayeyə aid böyük zavodlar tikilmirdi. Mən Tacikistanda işləyəndə gördüm ki, orda heç nə tikməyiblər. Bizdə rəhmətlik Heydər Əliyev ölkəmizdə zavod-fabriklər tikmək üçün böyük işlər görmüşdü. Sovet rəhbərliyinin müsəlman respublikalarına olan bu münasibəti, İran rəhbərliyi də Azərbaycan əyalətlərinə göstərirdi. İsfahanda böyük metallurgiya zavodu tikilmişdi, amma Təbrizdə sadəcə traktor zavodu vardı. Ərdəbildə də ağır sənaye üçün önəmli istehsal sahəsi yox idi. Azərbaycan əyalətlərindən xammalı çıxarıb aparırdılar, bunun müqabilində Azərbaycan vilayətlərinə heç bir şey vermirdilər. Bunları düzəltməyə Pezeşkianın səlahiyyəti çatar.
- İranın inqilab tarixlərində Səttərxan, Pişəvəri kimi azərbaycanlı liderlər önəmli rol oynayıb. Bugünkü etiraz aksiyalarında Güney Azərbaycandan çıxan hərəkatlar lokomativ ola bilərmi? Ümumiyyətlə, Güney Azərbaycan faktorunun etiraz aksiyalarına nə kimi təsiri ola bilər?
- Onu deyim ki, İranda bütün hərəkatlar Təbrizdən başlayıb. 1978-ci ildə İran İslam İnqilabı zamanı da ilk hərəkat Təbrizdən baş qaldırıb. Son hadisələrdə də təxminən 10 gün müxtəlif vilayətlərdə, şəhərlərdə etiraz aksiyaları başlayanda, Təbriz hələ susurdu. Şahın oğlu Rza Pəhləvinin adı çəkilirdi. Onun haqqında Trampın da müəyyən fikirləri oldu. Güney Azərbaycanda xalq bundan belə nəticə çıxardı ki, quruluş dəyişəcək və şahzadə hakimiyyətə gələcək, ona görə də etiraz etdi, İrandakı azərbaycanlılar bu məsələyə mənfi mövqeyini göstərdi. Çünki 1946-cı ildə, Pişəvəri hərəkatı aradan qaldırıldıqdan sonra Məhəmməd Rza Pəhləvinin dövründə təkcə Təbrizdə 30 min nəfər edam olunmuşdu. Sonrakı illərdə də ordakı azərbaycanlılar böyük əziyyət çəkdilər. Amerika da başa düşür ki, Azərbaycan razı deyilsə, heç bir şey etmək olmaz. Onların iranşünasları yaxşı bilirlər ki, əgər Azərbaycan buna razılıq vermirsə, deməli, bu, keçməyəcək. Ona görə də Pəhləvi seçimindən əl çəkdilər.
İlhamə Qasımlı
Telegram kanalımız