RU

Putini hakimiyyətə gətirən fiqur hərəkətə keçdi Kadırovlarla bağlı inanılmaz ssenari

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Çeçenistan lideri Ramzan Kadırovun oğlu 18 yaşlı Adam Kadırov Qroznıda ağır yol qəzasına düşüb. “Niyso” xəbər kanalının məlumatına görə, qəza zamanı avtomobildə Adam Kadırovla birlikdə UFC döyüşçüsü Həmzət Çimayev də olub. Bəzi kanallarda Həmzət Çimayevin həlak olması ilə bağlı iddialar da yayılıb.

“Fortanga” nəşrinin mənbəsi isə bildirib ki, Adam Kadırov qəzada ağır xəsarət alıb, əvvəlcə yerli xəstəxanalardan birinə yerləşdirilib, lakin vəziyyətinin pisləşməsi səbəbindən təcili Moskvadakı xəstəxanalardan birinə köçürülüb.

Diqqət çəkən məqam odur ki, qəza ilə bağlı Çeçenistan hakimiyyəti indiyədək rəsmi açıqlama verməyib. Ekspertlər isə baş verənləri Kadırovlara qarşı məqsədyönlü addım kimi qiymətləndirirlər. Belə ki, bir neçə gün əvvəl Ramzan Kadırovun səhhətində də ciddi problemlərin yarandığı, böyrəklərinin sıradan çıxdığı və Çeçenistanda yerləşən xəstəxanalardan birinə yerləşdirildiyi barədə məlumatlar yayılmışdı.

Ümumiyyətlə, son zamanlar Çeçenistanın gələcək liderinin kim olacağı ətrafında geniş müzakirələr gedir. Kreml üçün ən əlverişli fiqurlar sırasında Maqomed Daudov, Apti Alaudinov və Ramzan Kadırovun böyük oğlu Əhməd Kadırovun adları çəkilirdi. Qəzaya düşən Adam Kadırov isə Ramzan Kadırovun əsas varisi kimi göstərilirdi.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Ramzan Kadırovun səhhətində hazırda ciddi problemlər var:

“Böyrəklərinin artıq sıradan çıxmağa başladığı deyilir. Kadırov müalicə üçün Dubaya getmək istəsə də, Kreml buna icazə vermir və onun Moskvada müalicəsini təşkil etmək istəyir. Ancaq çeçen lider öldürüləcəyindən ehtiyat edir. Qeyd edim ki, Ramzan Kadırov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri və Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Maktumla çox yaxın dostluq münasibətlərinə malikdir.

Kadırov və əl-Maktumun vasitəsilə ərəb iş adamları Çeçenistana investisiyaya cəlb edilib. Bu əlaqələrin həddindən artıq inkişafı Moskvanın maraqlarına uyğun deyil. Ramzan Kadırovun əsas istəyi özündən sonra hakimiyyətə oğlunu gətirməkdir. Burada söhbət formal prezidentlikdən deyil, real hakimiyyətdən gedir. O, özünə sadiq bir fiquru məsələn, Rusiya Dövlət Dumasının Çeçenistandan olan deputatı Adəm Delimxanovu və ya “Axmat” Xüsusi Təyinatlı Dəstəsinin komandiri Apti Alaudinovu önə çıxararaq, uyğun vaxtda hakimiyyəti oğluna ötürmək niyyətindədir.

Qəzaya uğrayan Adam Kadırov Ramzan Kadırovun ən kiçik oğlu və real varisi hesab olunurdu. O, qısa müddət əvvəl Çeçenistanın baş nazirinin müavini təyin edilmişdi. Baxmayaraq ki, hələ 18 yaşı var. Ramzan Kadırovun planı Adəmi gələcəkdə baş nazir postuna gətirmək, real hakimiyyəti ona vermək və ailəyə sadiq bir fiquru formal prezident kimi irəli sürmək idi”.

Zeynal Əmrəliyev

Politoloq qeyd edib ki, Kreml bu ssenarini qəbul etmək istəmir:

“Daha doğrusu, Kremldəki müəyyən bir qanad bunu qəbul etmir. Həmin qanadın rəhbəri Rusiyanın daxili siyasətini formalaşdıran, Vladimir Putinin hakimiyyətə gəlməsində həlledici rol oynamış Kremlin ən nüfuzlu məmurlarından biri  Sergey Kiriyenkodur. Onun məqsədi Çeçenistanda Kadırovları mərhələli şəkildə siyasi səhnədən kənarlaşdırmaq və regionu birbaşa Kremlin iradəsinə tabe etdirməkdir. Bu, Putin sonrası dövrə hazırlıq kontekstində dəyərləndirilir.

2008-ci ildə Vladimir Putin hakimiyyəti müvəqqəti olaraq Dmitri Medvedevə təhvil verdikdə, Kadırova bağlı çeçen kriminal qruplar Moskvada müəyyən gərginliklər yaratmışdılar. Əsl səbəb isə Medvedevin vəzifəsindən azad etdiyi Moskvanın o vaxtkı meri Yuri Lujkovun yenidən posta qaytarılması tələbi idi. Lakin Medvedev bu təzyiqə boyun əymədi.

Kiriyenkonun Çeçenistan rəhbərliyi üçün namizədi artıq hazırdır. Bu şəxs hazırda Rusiya prezidentinin köməkçisi olan Ruslan Edelgeriyevdir. Edelgeriyev 2012–2018-ci illərdə Çeçenistanın baş naziri olub, lakin Kadırovla münasibətləri pisləşdiyi üçün Kreml tərəfindən qorunaraq Moskvaya gətirilib. O, Federal Təhlükəsizlik Xidmətinin nəzarətində olan kadr hesab olunur və baş nazir təyinatının əsas məqsədi Kadırova nəzarət etmək idi.

Kiriyenkonun planı Çeçenistanda Ruslan Edelgeriyevi hakimiyyətə gətirməkdir. Ehtimal olunur ki, baş verən qəza sui-qəsd xarakteri daşıyır və Ramzan Kadırova ünvanlanmış siyasi mesajdır. Moskva özbaşına təşəbbüsləri qəbul etmir. Böyük ehtimalla, Ramzan Kadırov Kremllə kompromis yolunu seçəcək. Gözlənilən variant odur ki, Kreml öz kadrını Qroznıya göndərəcək, əvəzində isə Kadırovun övladlarından birinə Moskvada yüksək vəzifə veriləcək. Bu addım həm ailəni sakitləşdirməyə, həm də onları Kremlin nəzarəti altında saxlamağa xidmət edəcək”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
1
globalinfo.az

2Источники