RU

Gözləntilər: İnsan Ruhunun Görünməz Yükü

İnsan həyatını səssizcə yönəldən, təsiri çox dərin olan anlayışlardan biri gözləntidir. Gözləntilər bəzən ümidin adı olur, həyata bağlanış səbəbləri kimi, bəzən də məyusluğun səssiz səbəbi olur, həyatdan küsəcək kimi. 

Elə bir dönüş nöqtəsidir ki, insanın baxış bucağında, qərarlarında, münasibətlərində və hətta özünə olan münasibətində belə iz buraxır; yaxşı və ya neqativ.

İnsan gözlədikcə inanır. İnandıqca bağlanır. Bağlandıqca isə həssaslaşır. Nədir gözlənti və ya gözlənti adı altında özləm dolu yükün adı? Gələcəyə uzadılan bir duyğudur, məncə, “ola bilər”lə “olmalıdır” arasındakı incə xətt kimi. Bu xətt nə qədər incədirsə, qırılmaq da bir o qədər asan olur. Umduğu yerdən küsən kimi qırılır insan qəlbi.
Amma bəzən gözləntilər insanı irəli aparan gücə də çevrilə bilər. Həyata və həyatdakılara inad; əvvəl yaşaya bilmək, daha sonra yaxşı yaşamaq, əvvəl sevmək, daha sonra dəyər görmək istəyirsən, bu ümid səni dayanıqlılığa aparır.
Gözlənti ümid, gözləyən insani hislər, gəlməyən isə dayanıqlılığa aparandır. Çətinliyə qarşı dözümdən doğan bir güc kimi gücləndirir insanı. Qazanmaq arzusu insanı inkişaf etməyə, səbrə və mübarizəyə sövq edir. Bu baxımdan gözlənti motivasiyadır — insanın içində yanan sakit bir işıq kimidir. Yol göstərir, amma yolun sonunu vəd etmir.
Yetər ki, gözləntilərin sərhəddi olsun.
Gözləntilər ölçüsüz olduqda həyatın yükünə çevrilir. Gözlənilən hər anlayış, diqqət və sevgi qarşılıq tapmadıqda, insan özü öz gözündə dəyərsizləşir sanki. Ən çox da susaraq gözləyənlər yorulur. Ən çox da gözlədiyi yerdən qırılır insan. Çünki deyilməyən hər söz, hər gözlənti anlaşılmadıqca incidir.
Bəs insanın özündən gözlədikləri necə?…
İnsan bəzən başqalarından çox, özündən gözlədikləri ilə sarsılır. “Daha güclü olmalıydım”, “daha ağlllı davranmalı idim”, “daha tez bacarmalıydım” kimi daxili tələblər zamanla insanın ruhunu sıxan səssiz təzyiqə çevrilir. Bu nöqtədən sonra gözlənti inkişaf yox, özünü tükətmə vasitəsi olur. Səssiz düşmən də ola bilir gözlənti.
Necə davranmalıyıq özümüzdən və özgədən gözlədiklərimizlə?
Gözləntilərin sağlam tərəfi onları idarə edə bilməkdir. Hər kəsdən hər şeyi gözləməmək, hər susqunluğa məna yükləməmək, hər gecikməni rədd kimi qəbul etməmək… Bəzən gözləntini azaltmaq yox, doğru yerə yönəltmək lazımdır. Həyatdan gözləmək də bir gözəllikdir, bunu daxili anlama çevirmək də olar, bircə insanlardan mükəmməllik gözləməmək şərti ilə. Olmaz , oldura bilməz bunu heç bir qüvvə. Yaradanın özü mükəmməldir, yaratdığı yox.
Gözləntinin məmmuniyyətə çevrildiyi an.
Ən böyük azadlıq gözləntinin ümidə çevrildiyi andır. Ümidin məcburiyyətə çevrilmədiyi müddətcə qorxusu yoxdur. Sevgi qalsın, şərt olmasın. İnanc olsun, kor-koranəlikdən uzaq. İnsan bu tarazlığı qurduğu müddətdə nə çox məyus olur, nə də duyğularını itirir.

Sonda isə belə bir həqiqət qalır:
Gözləntilər insanı yaşadan da ola bilər, yoran da. Onları yükə çevirmədən daşımaq isə insanın öz daxili yetkinliyindən keçir.
Bəs kimdir daxili yetkin? Mənmi? Sənmi?
Düşünməkdə fayda var…

Gülər Mübariz

Избранный
39
2
veteninfo.az

3Источники