“20 Yanvar Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biridir. Bu, həm də xalqımızın azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış şanlı qəhrəmanlıq səhifəsidir”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, keçmiş SSRİ-nin çöküşü ərəfəsində xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsi Azərbaycanın azadlıq mübarizəsinə vurulmağa cəhd edilən zərbə idi. Və SSRİ rəhbərliyinin xalqımıza, onun azadlıq mübarizəsinə qarşı həyata keçirdiyi bu qanlı əməliyyat Sovet imperiyasının siyasətinin gerçək mahiyyətini əks etdirən növbəti arqument oldu.
36 il əvvəl törədilmiş bu qətliam, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq, həmçinin Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi. O da qeyd olunmalıdır ki, Sovet ordusunun cinayətləri təkcə həmin gecə ilə məhdudlaşmadı və hələ bir müddət müxtəlif yerlərdə dəhşətli qətliamlar davam etdirildi. Bu faciənin miqyasının geniş olması üçün SSRİ rəhbərliyi öncədən müəyyən addımlar atmışdı. Belə ki, təxribat planına uyğun olaraq əvvəlcədən televiziyanın enerji bloku partladıldığından radio və televiziya verilişlərinin yayımı dayandırılmışdı, eyni zamanda, qəzetlər də nəşr olunmurdu. Mərkəzi mətbuat və televiziya kanalları isə hadisəni təhrif edən yalan məlumatlar yaymaqda idi. Nəticədə görünməmiş zorakılıqla üzləşən, qanı küçələrə axıdılan insanlar informasiyasız və köməksiz durumda acınacaqlı vəziyyətdə qalmışdılar.
Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı 2 milyona yaxın insanın iştirakı ilə yanvarın 22-də paytaxtın Azadlıq meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Bütün bu hadisələr fonunda Azərbaycanın müstəqilliyi ideyası ümummilli amala çevrildi. Bu amal uğrunda xalqımızın müstəqillik uğrunda mübarizəsi daha geniş vüsət alaraq məntiqi sonluğuna çatdı.
Millət vəkilinin sözlərinə görə, bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda Sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu. Belə ki, dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Bu təşkilatlanma prosesi zamanı qanlı yanvarla bağlı həqiqətlər müxtəlif ölkələrin ictimaiyyətinə çatdırıldı, həmçinin soydaşlarımızın müstəqillik ideyaları ətrafında daha sıx birləşməsini şərtləndirdi. Belə ki, çox keçmədən xalqımızın müstəqillik ideyası ətrafında sıx birləşməsi Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi ilə nəticələndi.