RU

20 yanvar faciəsi tariximizin həm faciə, həm də qəhramanlıq səhifəsidir

36 il bundan əvvəl baş vermiş 20 yanvar tariximizdə həm faciə, həm də qəhramanlıq səhifəsidir. Yanvar ayının 19-dan 20-nə keçən gecə rus-erməni ordu birləşmələri ən yüksək texnikalarla təchiz olunmuş halda Bakıya daxil oldular və amansız qırğın törətdilər. O zaman faciə ilə üzbəüz dayandığını başa düşən Azərbaycan xalqı geri çəkilmədi. Sovet ordusunun axıtdığı qanlar xalqımızın yaddaşını oyatdı, qəhramanlıq ənənələrini təzələdi. Mübariz oğlan və qızlarımız ölkəmizin azadlığı uğrunda canlarını qurban verməklə xalqımızın şücaət əzmini nümayiş etdirmişlər.

Amansızlığına görə faşizmin törətdiyi cinayətdən hec nə ilə fərqlənməyən Bakı qırğını zamanı 130-dan çox vətəndaşımızın şəhid, 700 nəfərin yaralanaraq əlil olması xalqın iradəsini qıra bilmədi.

Təəssüf ki, 20 Yanvar hadisəsinə siyasi qiymət çox gec verildi. 1990-cı ildən sonrakı 3 il müddətində bir neçə siyasi komanda hakimiyyətə gəlsə də, cəsarət edib bu məsələyə siyasi qiymət vermədilər ki, bunu da müxtəlif səbəblərlə izah etmək olar. Əgər, bir tərəfdən, bu, həmin dövrdə hakimiyyətdə olan qrupların müstəqil olmamaları - xarici dövlətlərin “dirijor çubuğu”nun göstərişi ilə oturub-durmaları ilə əlaqədar idisə, başqa bir tərəfdən, törədilmiş cinayətdə bilavasitə iştirakları ilə bağlı idi.

Yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu hadisəyə siyasi qiymət verildi. Qanlı faciənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn xalqımızın Ümummilli lideri Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi. Daha sonra Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi, 20 yanvar hadisələrinin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidəsi ucaldıldı və 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi. Şəhid ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsi gücləndirildi. Prezident cənab İlham Əliyev də bu siyasəti davam etdirərək şəhid ailələrinə və əlillərə xüsusi qayğı göstərir. Onlar üçün mənzillər tikilib, reabilitasiya mərkəzləri yaradılıb. Onların ailə üzvlərinə qayğı göstərmək, eləcə də mənəvi dayaq olmaq hər birimizin borcudur.

20 yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. Əminliklə deyə bilərik ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi 2020-ci ildə Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri sürətlə davam edir, Böyük Qayıdış Proqramı uğurla icra olunur.

Bu gün müstəqil Azərbaycan güclü dövlətdirsə, torpaqlarımız azaddırsa, bayrağımız bütün ərazilərimizdə dalğalanırsa, bunun təməlində 20 Yanvar şəhidlərinin müqəddəs qanı dayanır. Onlar qaranlıq bir gecədə işıq oldular. 20 Yanvar – xalqın sınmadığı, əksinə, ayağa qalxdığı gündür. Bu tarix yaddaşımızda yaşadıqca, Azərbaycan da yaşayacaq.

 

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri

Избранный
157
redaktor.az

1Источники