1948-ci ildən paralel yaradılan İsrail Fələstindən fərqli olaraq güclü institutlar yaratdı. Fələstin isə daxili parçalanma, xarici güclərin alətinə çevrilmə və korrupsiya səbəbindən dövlətçilik institutlarını formalaşdıra bilmədi. Nəticədə fələstinlilərin vahid siyasi iradəsi və dövlət məsuliyyəti ortaya çıxmadı. Bu gün Fələstin dövləti faktiki olaraq mövcud deyilsə, bu, yalnız xarici təsirlərdən deyil, daha çox daxili siyasi bacarıqsızlığın və uzunmüddətli strategiyanın olmamasının nəticəsidir.
Digər tərəfdən, dünyada 22 ərəb dövləti mövcuddur və bu dövlətlərin əksəriyyəti Fələstin məsələsini siyasi prioritetdən çıxarıb. Bəzi ərəb dövlətlərinin fələstinlilərin Qəzzadan çıxarılmasına, yerləşdirilməsinə və bu prosesdə İsrailə köməyi onu göstərir ki, regionda Fələstin probleminin həlli deyil, Fələstinin ləğvinin nəticələrinin idarə olunması strategiyası üzrə proseslər gedir.
Proseslərdə Türkiyənin mövqeyi ayrıca diqqət tələb edir. Türkiyənin İsrailin regional təsirinin artması və faktiki genişlənməsi məsələsində mövqeyi açıq razılıqdan daha çox "səssiz qəbul" modeli ilə xarakterizə olunsa da, diplomatik ritorikaya baxmayaraq, Türkiyə-İsrail münasibətlərində iqtisadi, təhlükəsizlik və beynəlxalq platformalarda dolayı koordinasiya davam edir.
Türkiyə üçün əsas ekzistensial təhlükə İsraillə deyil, regional təhlükəsizlik balansı və xüsusilə kürd dövlətçiliyi ilə bağlı riskdir. Türkiyə Əsəd rejimini devirdikdən sonra Suriyada hakimiyyətə gətirdiyi Əş-Şara kürd əhalisi üçün kürd dilinin dövlət dili kimi istifadəsi və məktəblərdə tədrisi ilə bağlı fərman imzalayıb. İsrailin güclənməsi Türkiyənin cənub sərhədlərində birbaşa təhlükə yaratmadığı kimi, İranın zəifləməsi ilə üst-üstə düşən strateji maraqlara da cavab verir. Bu səbəbdən Türkiyə Fələstin və Qəzza məsələsində hərbi-siyasi müdaxilədən yayınaraq humanitar və diplomatik xəttlə kifayətlənir. Bu isə Türkiyənin İsrailin planlarına mane olmaması deməkdir.
Uzunmüddətli təhlil göstərir ki, Yaxın Şərq faktiki olaraq Türkiyə və İsrail arasında bölüşdürülüb. Fələstin və kürd məsələləri qarşılıqlı maraqlara uyğun planlı şəkildə aradan qaldırılır. İranın zəifləməsi hədəf, parçalanması isə məqsəd deyil. Mossadın İranda iğtişaşlar fonunda əhalinin tərkibi barədə məlumatında Cənubi Azərbaycan əhalisinin sayı 17 milyon göstərilib. Halbuki İranın rəsmi məlumatına görə azərbaycanlıların sayı 30 milyondan çoxdur. Bu fərq göstərir ki, maraqlar dəyişdikcə müttəfiq və dost ölkə anlayışı subyektiv olur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31