ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bakı şəhəri, Yasamal rayonunda yerləşən 9 mərtəbəli binada yaşayan sakinlər ciddi çətinliklə üzləşiblər. Artıq 3 gündür ki, binanın lifti fəaliyyət göstərmir. Liftin dayandırılmasına səbəb bəzi mənzillərin xidmət haqqı borclarıdır. Məlumata əsasən, borclar fərqli məbləğlərdədir: 154 manat, 90 manat, 40 manat, 20 manat, hətta cəmi 9 manat borcu olan sakinlər də var. Bu isə haqlı narazılıq doğurur: borcu çox olan bir neçə nəfərə görə, borcu az olan və ya ümumiyyətlə borcu olmayan sakinlər də liftdən istifadə edə bilmirlər.
Binanın 9-cu mərtəbəsində yaşayan sakinlər hər gün bir neçə dəfə piyada qalxıb-düşmək məcburiyyətində qalırlar. Bu isə yaşlılar, uşaqlı ailələr və səhhətində problem olan insanlar üçün xüsusilə ağırdır. Lift idarəsinə zəng edib maraqlandıqda bidirildi ki, detal dəyişilməlidir: “Detalın qiyməti isə 800 avrodur. O isə bahadır, ona görə lift işləmir. Sakinlər pulu yığıb verməlidir ki, o alınsın”.
Ümumi istifadə sahəsi olan liftin fəaliyyəti fərdi borclara görə dayandırıla bilərmi?Sakinlər bu cür hallarda hansı hüquqi addımları ata bilər?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına hüquqşünas, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, liftin bütün sakinləri bərabər hüquqlara malikdirlər: “Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, o cümlədən Mülkiyyət Məcəlləsi, Mənzil Məcəlləsi və Nazirlər Kabinetinin qərarlarına əsasən, çoxmənzilli yaşayış binalarında - liftlər, pilləkənlər, dəhliz, dam, kommunikasiya xətləri və digər ümumi istifadə sahələri ümumi mülkiyyət hesab olunur. O deməkdir ki, liftin bütün sakinləri bərabər hüquqlara malikdirlər. Onun istifadəsi fərdi borclara görə kollektiv şəkildə məhdudlaşdırıla bilməz, yəni əgər 4-5 nəfərin borcu varsa, buna görə onu məhdudlaşdırmaq hüququ yoxdur, çünki orda ümumi istifadə hüququ var. Belə halda bir və ya bir neçə mənzilin borcu var deyə borcu olmayan və ya az borcu olan sakinlərin hüquqları pozula bilməz.
Borcu olanlara görə liftin fəaliyyətinin dayandırılması qanunsuzluqdur. İdarəedici qurum mənzil tikinti kooperativi, lift təsərrüfatıdır, eyni zamanda müştərək mülkiyyət və digər xidmət şirkətləridir, MMC-lərdir, onların belə arqumentləri ümumi xarakter daşımır. Deyirlər ki, “hansısa detal işləmir, borc ödənsin, yoxsa lift açılmayacaq”. Bu yanaşma kollektiv cəza deməkdir. Bu ümumiyyətlə Azərbaycan qanunvericiliyində yolverilməzdir. Hər kəsin öz fərdi məsuliyyəti məsələsi var”.
Əliməmməd Nuriyev
Borc varsa, onun həll yolu hansıdır?
“Əgər ayrı-ayrı mənzillərin xidməthaqqı borcu varsa, ona xəbərdarlıq edilə bilər, sonra yalnız həmin borc mənzil sahibindən məhkəmə qaydasında tələb mümkündür. Qoy gedib məhkəməyə müraciət etsinlər, həmin o idarəedici qurum onlara xəbərdarlıq edir, hesab-fakturanı (hüquqi və maliyyə sənədi) göstərirlər, məhkəmə qaydasında bunu tələb edə bilərlər, amma ümumi xidmətin dayandırılması yolverilməzdir. Yəni hüquqi mexanizm var, amma bu hüquqi mexanizm liftin dayandırılması ilə həyata keçirilə bilməz. “Detal bahadır” deməklə olmur, sadəcə pul yığmaq bəhanəsi var. Ümumiyyətlə, tez-tez idarəedicilər tərəfindən bu arqumentlər istifadə edilir, bu da məsuliyyəti sakinlərin üzərinə atmaqdan başqa bir şey deyil. Halbuki məsuliyyəti özləri daşıyır.
Liftin texniki baxımı işlək vəziyyətdə saxlanması idarəedici qurumun birbaşa vəzifəsidir. Onların fəaliyyətləri nizamnamə ilə tənzimlənir və nizamnamədə idarəedici qurumun öhdəlikləri var. O cümlədən, liftin digər ümumi istifadədə olan ərazilərin texniki baxımından saz vəziyyətdə saxlanması məsələsi də mövcuddur. Məhz onlar xidmət haqqı yığırlar. Xidmət haqqını da yığmasının əsas məqsədlərindən biri budur. Binanı təmiz saxlamaq, eyni zamanda liftin vaxtı-vaxtında işlək vəziyyətdə olması vacibdir, buna görə mütəmadi olaraq texniki baxışdan keçirilməlidir. Pulu onda niyə yığırlar? Əgər vəsait düzgün idarə olunmayıbsa, bu sakinlərin yox, idarəedicinin problemləridir. Ayrı-ayrı vəsaitlər yığırlar, həmin vəsaiti banka köçürməlidirlər, bank hesabı olmalıdır, həm də eyni zamanda onunla bağlı mütəmadi olaraq şəffaf şəkildə sakinlərə hara xərclənməsi barədə məlumat verilməlidir”-deyə hüquqşünas qeyd edib.
Əliməmməd Nuriyev vurğulayıb ki, burda söhbət həm də insan hüquqlarından gedir: “Digər tərəfdən burda başqa bir pozuntu da var. Söhbət təkcə məişət narahatlığından yox, həm də insan hüquqlarından gedir. Xüsusən yaşlılar üçün böyük təhlükə var. 9- cu mərtəbəyə qalxıb – enmək, onlar üçün çətindir, sağlamlıq riskləri yarana bilər. Bu vəziyyət uşaqlı ailələr üçün də ciddi çətinliklər yaradır. Yaranan problem, hadisə, liftə cavabdeh idarəedici qurumun ucbatından baş verərsə, onda buna görə məsuliyyət daşıya bilər. Hər hansı bir hadisə baş verərsə, fəsadlar olarsa, dərhal birbaşa ona yönəlir və buna görə həm maddi-mənəvi cinayət məsuliyyəti daşıya bilər. Ümumilikdə, bu da mənzildən istifadə hüquqlarının, həmçinin sağlamlıq hüquqlarının pozulması, aşayış şəraitinin bütövlükdə bərbad vəziyyətə salınmasıdır”.
Belə olan halda sakinlər bina üzrə kollektiv imza ilə yazılı şikayət verə bilərlər. Kimə şikayət edə bilərlər?
“Ədliyyə Nazirliyinə, yerli icra hakimiyyətinə, eyni zamanda Bakı şəhər İcra Hakimiyyətinə müraciət edə bilərlər. Həmçinin dövlət mənzil kommunal xidmətinə (JEK) şikayət edə bilərlər. Bunlar da nəticə verməzsə, prokurorluq və məhkəməyə şikayət, eyni zamanda Daxili İşlər Nazirliyinə şikayət versinlər”-deyə Əliməmməd Nuriyev qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.