RU

Ağsu aşırımında yol buz bağlayıb: əraziyə canlı qüvvə və texnika cəlb edilib

Son günlər ölkə ərazisində qarlı və şaxtalı hava müşahidə olunur. Ötən gün qar və buzdan təmizlənən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımı ərazisindən keçən hissəsində bu gün səhər saatlarında havanın kəskin soyuması səbəbindən yenidən buzlaşma yaranıb.

16 saylı Yol İstismar İdarəsinin baş mexaniki Ayaz Musalı AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, mövcud hava şəraiti nəzərə alınaraq yolun Ağsu aşırımı ərazisində yaranan problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülüb.

Onun sözlərinə görə, yolun hərəkət hissəsinin qar və buz örtüyündən təmizlənməsi məqsədilə canlı qüvvə və texnika cəlb edilib, buz bağlamış sahələrə duz və qum səpilib. Görülən işlər nəticəsində nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranmayıb.

Ayaz Musalı qeyd edib ki, axşam və gecə saatlarında temperaturun yenidən aşağı düşməsi ehtimalı olduğundan sürücülərə ehtiyatlı olmaları, alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Hazırda Bakıdan regionlara və əks istiqamətdə nəqliyyatın hərəkətində ciddi problem yoxdur. Bəzi ərazilərdə müşahidə olunan çətinliklər isə aidiyyəti qurumlar, o cümlədən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən vaxtında aradan qaldırılıb və yol tam açıqdır.

Hərəkətin təhlükəsizliyini təmin etmək üçün polis əməkdaşları ərazidə gücləndirilmiş iş rejimində xidmət aparırlar.

Избранный
88
azerbaijan-news.az

1Источники