Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2181 saylı Fərmanı qəbul edilərkən bu sənəd dövlət–vətəndaş münasibətlərində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilmişdi. Məqsəd açıq və aydın idi: illərlə sənədsiz qalmış obyektlərin leqallaşdırılması, sahibkarlıq mühitinin sağlamlaşdırılması, minlərlə iş yerinin hüquqi əsaslara keçirilməsi və nəticə etibarilə dövlət büdcəsinə milyonlarla manat əlavə vəsaitin cəlb olunması. Prezident fərmanı həm vətəndaşlar, həm də iqtisadiyyat üçün ümid yaratmışdı. Lakin görünən odur ki, kağız üzərində ideal təsir bağışlayan bu islahat icra mərhələsində ciddi problemlərlə üz-üzə qalıb.
Musavat.com-a müraciət edən vətəndaş Məhəmməd Məmmədov bildirir ki, ona məxsus 50 kvadratmetrlik qeyri-yaşayış obyekti “qaraj” kimi qiymətləndirildiyindən rəsmiləşdirilməsinə imkan verilmir. Onun sözlərinə görə, bu imtinanı verən qurum Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. Şikayətçi deyir ki, obyektlə bağlı 10 müxtəlif qurumdan müsbət rəy almasına baxmayaraq, Komitə istismara icazə sənədini təqdim etmir.
“Biz də bütün prosedurlardan keçmişik. Lakin icazə mərhələsində Komitə 50 kvadratmetrlik sahənin guya qaraj olduğunu əsas gətirərək istismara icazə verə bilməyəcəyini bildirir. Halbuki qaraj özü də qeyri-yaşayış obyektidir. Üstəlik, bu obyekt qaraj deyil. Əgər qaraj olsaydı, mən buna çoxdan sənəd almışdım. Sadəcə olaraq Komitə öz mülahizəsinə əsaslanaraq, obyekti qaraj kimi qiymətləndirib və bu əsasla imtina verib.
Hazırda məsələ məhkəmə müstəvisindədir. Qanunvericilikdə həmin ərazinin qaraj olduğunu təsdiq edən heç bir norma və ya texniki əsas yoxdur. Obyektin daxilində bir sütun var. Ortada sütun olduğu halda orada avtomobilin saxlanılması mümkün deyil. Yəni burada qaraj anlayışı ümumiyyətlə mövcud deyil. Komitədə əyləşən məmur öz şəxsi yanaşması ilə oranı qaraj adlandırıb və mənə imtina verib.
Mən Komitəyə obyektin qaraj deyil, anbar təyinatlı olduğunu təsdiqləyən bütün sənədləri təqdim etmişəm. Obyekt QHT-yə də icarəyə verilib. Fövqəladə Hallar Nazirliyi də daxil olmaqla, 10 qurumdan müsbət rəy almışam. Bu imtinaya qədər xeyli vəsait xərcləmişəm. İndi isə məsələ məhkəmədədir”, –deyə Məhəmməd Məmmədov bildirir.
Musavat.com məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edib. Komitədən bildirilib ki, məsələ araşdırılacaq.