RU

Qara Yanvar səssizliyini yaran həqiqət

Bakı, 19 yanvar, AZƏRTAC

Qarabağ müharibəsi veteranı, filologiya üzrə fəlsəfə doktoru, "Alyans" Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin üzvü Qivaməddin Rəhimov çətin informasiya blokadası şəraitində 20 Yanvar faciəsini dünya ictimaiyyətinə çatdırmaq üçün Rza Diqqətinin Bakıya səfəri və hadisə yerindən çəkilmiş foto və video materialları gizli şəkildə ölkədən çıxararaq beynəlxalq media qurumları ilə bölüşməsi barədə məlumatları AZƏRTAC-la bölüşüb.

20 yanvar 1990-cı il. Tarixə Qara Yanvar kimi düşən qanlı hadisələr, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin açıq-aşkar pozulması, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri idi.

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, eləcə də bu işdə sovet rəhbərliyinin dəstəyi ilə Azərbaycanın Qarabağ bölgəsində erməni radikallarının apardığı aqressiv separatçı fəaliyyəti regionda gərginliyi kəskin şəkildə artırmışdı. Bu siyasətin nəticəsi olaraq yüz minlərlə Azərbaycanlı zorakılıqla Ermənistandan qovulmuş və Azərbaycanda Sovet hakimiyyətinə qarşı güclü milli azadlıq hərəkatı formalaşmağa başlamışdı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, sovet ordusunun tank və zirehli texnika ilə təchiz olunmuş hissələri Bakıya daxil oldu və heç bir xəbərdarlıq edilmədən dinc əhaliyə — qadınlara, uşaqlara və yaşlılara qarşı atəş açılıb. Sovet ordu hissələri etiraz aksiyalarını qəddarlıqla yatırır, mülki əhaliyə qarşı zorakılıq törədiblər. Bu amansız hərbi əməliyyat nəticəsində 147 mülki şəxs öldürülüb, 740-dan çox insan yaralanıb. Həlak olanlar arasında ailəmiz üçün ağır itki də var idi — dayım Nərimanın adını daşıyan 14 yaşlı nəvəsi də bu güllə-baranın qurbanı olub.

Sovet hakimiyyəti bu hadisələrlə bağlı məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasının qarşısını almaq üçün bütün rabitə vasitələrini kəsmiş, mətbuat üzərində tam nəzarət qoyumuşdu. Həqiqəti dəmir pərdə arxasında gizli saxlamaq üçün xarici mətbuat nümayəndələrinin Bakıya girişinə qadağa qoyulmuşdu.

O çətin yanvar günlərində, senzura və təzyiqlərə baxmayaraq köhnə dostum Rza Diqqətinin Bakıya gizlicə gələrək baş verənləri dünyaya çatdırmaq cəhdi sanki bir Hollivud ssenarisini xatırladırdı. Lakin bu, tamamilə real bir hadisə idi. Cəsarətə, mənəvi məsuliyyətə və Bakıda baş verənlərin dünya ictimaiyyətinə çatdırmaq üçün sarsılmaz inama əsaslanan bir addım idi.

1990-cı ilin yanvar ayının o soyuq qış günlərində Rza Parisdən Bakıda baş verən hadisələri izləməyə çalışırdı. Hadisələrin təhlükəli məcraya yönəldiyini hiss edən Rza, Fransa televiziya şirkətində çalışan operator dostu Əhməd Sel ilə əlaqə saxlayaraq Bakıya getməyi təklif etdi. Səfər planına əsasən Əhməd videoçəkilişlər edəcək, Rza isə fotoşəkillər çəkəcəkdi.

Rza, eyni zamanda, Strasburq Universitetinin professoru, Azərbaycan əsilli tanınmış alim və türkoloq İren Melikoffun qızı Şirin Melikoffu da onlara qoşulmağa dəvət etdi. Şirin fransız dili ilə yanaşı rus və Azərbaycan dillərini mükəmməl bilirdi və bu da sovet təhlükəsizlik orqanlarının şübhələrindən yayınmaq baxımından son dərəcə vacib idi.

Parisdəki sovet səfirliyinin uzun sürən viza proseduruna baxmayaraq, o dövrdə Azərbaycanın UNESCO yanında nümayəndəsi olmuş Ramiz Abutalıbovun köməyi sayəsində Rzanın komandası 20 yanvar tarixinədək öz vizalarını ala bildi. Sovet rəsmiləri Rzagilin səfərini Bakıda baş verən faciə ilə əlaqələndirə bilməmişdilər, çünki viza müraciəti hadisədən iki gün əvvəl olmuşdu. Onlar Rzanın məşhur fotoqraf olduğunu və Moskvada fotoçəkiliş aparmaq niyyətində olduğu qənaətində idilər.

Bunun ardınca Rza Moskvada yaşayan, hələ 1988-ci ildən tanıdığı Rüstəm İbrahimbəyov ilə əlaqə saxladı. Rüstəm İbrahimbəyov Rzaya Bakıda vəziyyətin son dərəcə ciddi olduğunu bildirdi: “Bu çox pis bir vəziyyətə çevrilə bilər”.

Rza ona iki dostu ilə birlikdə Moskvaya gələcəyini və daha ətraflı məlumat almaq üçün görüşmək istədiyini bildirdi. Rüstəm İbrahimbəyov onları gözləyəcəyini deyərək əlavə etdi ki, “bizimkilər artıq şəhərə daxil olublar” — yəni sovet qoşunları artıq Bakıya yeridilmişdi.

Rza və onun iki həmkarı 21 yanvar tarixində Moskvaya gəldilər. 1990-cı il yanvarın 22-də isə CNN, “Reuters”, AP, BBC, ABC, NBC, CBS kimi dünyanın ən nüfuzlu media qurumlarını təmsil edən 50-dən çox beynəlxalq jurnalist və fotoqraf Moskvada otelə yerləşmişdi. Rza da öz həmkarları ilə birlikdə onların arasında idi. Media nümayəndələri Bakının küçələrində nümayişlərin keçirildiyini və sovet qoşunlarının şəhərə daxil olduğunu artıq eşitmişdilər. Bu isə Bakıya getməyi son dərəcə təhlükəli etmişdi.

Həmin axşam otelə qayıtdıqdan sonra xəbər yayıldı ki, Moskvanın mətbuat üzrə rəsmiləri bütün jurnalistləri 23 yanvar tarixində Bakıya aparmaq üçün xüsusi uçuş təşkil edəcəklər. Onlara səhəri gün saat 9:00-da otelin foyesində toplaşmaq tapşırıldı. “Time” jurnalının tapşırığı ilə Əfqanıstanda mücahidlərlə birlikdə beş il çalışmış Rza öz təcrübəsindən belə bir nəticə çıxarmışdı: “Sovet rəsmiləri cazibədar təkliflər irəli sürəndə, onlara heç vaxt inanma”.

Səhəri gün Rza xarici jurnalistlərlə birlikdə Bakıya üç saatlıq uçuş əvəzinə, 48 saat davam edən yerli qatarla yola düşmək qərarına gəldi.

Rzanın Paris komandası nəzarətçilərin diqqətindən yayınmaq üçün əllərindən gələni edirdilər — yerli sakinlər kimi geyinərək, mümkün qədər adi və diqqət çəkməyən görünməyə çalışdılar.

Rzanın çəkiliş qrupu 24 yanvar tarixində Bakıya çatdı. Qatar vağzala çatarkən Rza sərnişinlərin düşməsini gözləyən sovet əsgərlərini görəndə onu dərin bir həyəcan bürüdü. Bu, sanki casusluq filmindən bir səhnəni xatırladırdı — fərq yalnız onda idi ki, bu, kino deyil, real həyat, Rza isə hadisələrin düz mərkəzində idi.

Sərt görkəmli, qalın palto və kürk papaqlarda olan rus əsgərləri, avtomat silahları ilə sərnişinlərdə qorxu və hədə hissi yaradırdı. Rza tutulmaqdan qorxmurdu. Onun ən böyük qorxusu həqiqəti çatdıra bilməmək idi — xüsusilə, azərbaycanlı olduğu üçün bu hekayənin dünyaya çatdırılmasında iştirak etməyi özünə mənəvi borc sayırdı.

Elə bu vaxt Rza izdihamın içində Eleonora Hüseynovanı gördü — o, Azərbaycanın müstəqillikdən sonra Fransadakı ilk səfiri olmuşdu. Eleonora xanım Rzagili qarşılamağa iki rəfiqəsi ilə birlikdə gəlmişdi. O, əlində bir dəstə qızılgül, Rzanı qucaqlayaraq qulağına pıçıldayır: “Kameraları və baqajı kupedə qoy. Mənimlə birlikdə çıx. Heç nə götürmə”.

Eleonora xanım qolunu Rzanın qoluna keçirir, digər xanımlar isə Əhməd və Şirini qarşılayırlar. Əllərində gül dəstələri olan xanımlar, sanki uzun ayrılıqdan sonra qovuşan sevgililər kimi davranaraq, əsgərlərin uzun cərgəsinin yanından rahatlıqla keçirlər. Onların bu cür davranışı sovet əsgərlərinin baxışlarlında — “sizə toxunmayacağıq, yolunuza davam edin” təəssüratı yaradırdı.

Belə bir ssenarinin həyata keçirilməsində Rzagilə Rüstəm İbrahimbəyov və Ramiz Abutalıbov yardımçı olmuşdular.

Rzanın çəkiliş qrupunu kənarda gözləyən avtomobil onları Bakıdakı dostlardan birinin evinə apardı.

Həmin axşam Rza Eleonora xanım və dostları ilə bir araya gələrək baş verənləri müzakirə etdilər və onları şəhərin müxtəlif nöqtələrinə aparmaq planlarını qurdular. Hamı bu missiyanın nə qədər vacib olduğunu anlayır və həqiqəti dünyaya çatdırmaq üçün hadisələrin harada, necə və niyə baş verdiyini, qoşun və tankların hansı ərazilərdə yerləşdiyini dəqiqləşdirməyə başladılar.

Ertəsi gün hər an tutulma riskini nəzərə alaraq biri Rza, digəri isə Əhməd üçün olan iki avtomobildə çəkiliş qrupu Bakının müxtəlif yerlərinə yollandılar. Əhmədin əlində ovuc içinə sığan kiçik Sony video kamerası var idi. Rzanın isə iki fotoaparatı vardı — biri kiçik, digəri isə daha iri. O, həmişə ehtiyat tədbiri olaraq kameralarından birini evdə saxlayırdı ki, digərinin müsadirə edilməsi, oğurlanması və ya sıradan çıxması hallarında çəkiliş imkanını əldən verməsin.

Rza və Əhməd ilk olaraq xəstəxanalara yollandılar. Palatalar həddindən artıq dolu idi, yaralılar və ölüm ayağında olan insanlar dəhlizlərdə, nəzarətsiz vəziyyətdə uzanmışdılar. Onlar bilirdilər ki, xəstəxanalara daxil olmaq çətin olacaq, çünki girişlər mühafizə olunurdu. Rza xəstəxanaya girmək üçün bir neçə gün əvvəl əməliyyat olunmuş dostunu axtardığını bildirərək, onun nə yaralı, nə də son hadisələrlə heç bir əlaqəsinin olmadığını söyləyirdi.

Rza və Əhməd kamera avadanlıqlarını özləri daşıyaraq xəstəxanaya daxil olmağa cəsarət etmirdilər. Buna görə də onları müşayiət edən şəxslərdən biri əvvəlcə təkbaşına içəri girir, vəziyyəti yoxlayır, sonra isə yaşlı bir qadını razı salaraq onu çölə çıxarırdı. Rza və Əhmədin çantaları həmin qadının iri torbasına qoyulur, beləliklə onlar heç bir şübhə doğurmadan xəstəxananın girişindən keçə bilirdilər.

Rzagil üçün ən təhlükəsiz çəkiliş yeri əməliyyat otaqları idi. Onları müşayiət edənlər əvvəlcə otağın təhlükəsiz olub-olmadığını yoxlayırdılar. Əgər risk yox idisə, Rza və Əhməd içəri girir, qapını örtür və sürətlə çəkiliş aparırdılar.

Sonra Rza və Əhməd tankları çəkmək üçün yola düşdülər, lakin açıq məkanda çəkiliş aparmaq çox çətin bir məsələ idi.

Buna görə də tankların olduğu ərazilərə baxan binalardan çəkiliş aparmaq lazım idi. Müşayiət edənlər vəziyyəti yoxladıqdan sonra çəklişin mümkün olduğunu bildirir və çəkiliş qrupu yuxarı mərtəbələrə qalxırdı. Bununla belə kameralar yenə də özlərində olmur və bir qədər sonra çantalar ayrıca gətirilirdi. Mənzildən görünüş nə qədər aydın olsa da, onlar bunun son dərəcə riskli olduğunu anlayırdılar - sovet əsgərləri onları aşağıdan görə bilərdi.

Buna görə də çox cəsarətli bir plan irəli sürərək evin xanımının balkona çıxıb pəncərələri yuyurmuş kimi davranması lazım idi. O, şüşəni silmək üçün qollarını qaldıran anda, Rza və Əhməd həmin xanımın yaratdığı imkandan istifadə edərək kameraları aşağıda dayanan sovet əsgərləri və tanklara tuşlayaraq çəkilişlər aparırdılar. Qadının bədəni onları əsgərlərin baxışından gizlətsə də, bu, olduqca təhlükəli idi — çünki o günlərdə günahsız insanlar balkonlarda güllələnirdi. Buna baxmayaraq, insanlar bu riski qəbul edir və lazım olan çəkilişlərin həyata keçməsinə dəstək olurdular.

Daha sonra çəkiliş qrupu morqa yollandı. Lakin giriş üçün şəxsiyyət vəsiqələri yoxlanılır, meyitləri tanımağa gələn hər kəsin adı siyahıya alınırdı. Bununla belə, insanların daxil ola biləcəyi bir otaq vardı. Otağın mərkəzindəki masanın üzərində cəsədlərin fotoları düzülmüşdü. İnsanlar içəri girir, şəkillərə baxaraq öz doğmalarını axtarırdılar.

Səhərisi gün Şəhidlər xiyabanında möhtəşəm bir izdiham toplaşmışdı. Bu, Rza üçün xalqın arasında olmaq, insanların yaşadığı dərin kədəri, qüruru və qəzəbi birbaşa hiss etmək baxımından nadir bir imkan idi. Rza bilirdi ki, burada nisbətən sərbəst şəkildə çəkiliş aparmaq mümkün olacaq. Hətta yanında dayanan şəxs DTK əməkdaşı olsa belə, izdihamın reaksiyasından qorxduğu üçün heç kim problem yaratmağa cəsarət etməyəcək. Bununla belə onlar, hətta kiçik bir “qaçış ssenarisi” də qurmuşdular ki, izdiham dağılmamış oradan uzaqlaşmaq mümkün olsun və kimsə onları izləyə bilməsin.

Şəhidlər xiyabanındakı çəkilişlərdən sonra komanda kifayət qədər material topladı. Onlar artıq üç gün idi ki, Bakıda çəkiliş aparırdılar və ölkəni tərk etməyin vaxtı çatmışdı. Qısa müddət ərzində Rzanın dostları saxta giriş vizaları və Moskvaya uçuş biletləri hazırladılar.

Bakıda çəkilişlər zamanı olduğu kimi, Rzanın Paris komandası ölkədən çıxışın təşkili də daxil olmaqla, onları müşayiət edən insanlara tam etibar etməli idi. Bu dəfə də çəkiliş qrupu kameraları, videolentləri və plyonkaları təyyarədə özləri ilə aparmadılar. Bütün bu avadanlıqlar ayrıca təyyarəyə daşındı, lakin bunu kimlərin etdiyini onlar bilmirdilər.

Yol boyu iki rus qızı onlara yaxınlaşıb söhbət etməyə başladı. Bu çox şübhəli bir vəziyyət idi, çünki sarışın rus qadınları - DTK agentləri barədə bir çox hekayələr dolaşırdı. Rza öz-özünə düşünürdü ki, onları çox güman ki, tutdular. Qızlardan biri Azərbaycan dilində danışaraq, film və fotoqrafiyadan söz açdı və bu söhbət onları ciddi şəkildə qorxutdu. Rza fotoqrafiya ilə bağlı bildiklərini qətiyyətlə inkar etdi. Lakin sonradan məlum oldu ki, məhz bu qızlar onların avadanlıqlarını çamadanlarında daşımaqla onlara kömək edən sərnişinlər imiş.

Moskvada otelə qayıtdıqdan sonra çəkiliş qrupu plyonkaları qızlardan aldı və dərhal hava limanına yollandı.

Rza sonradan beynəlxalq media nümayəndələrinin Bakıya uçuşu ilə əlaqədar nə baş verdiyini də öyrəndi. Onun əvvəlcədən şübhələndiyi kimi, heç bir jurnalist Bakıya gəlib çıxa bilməmişdi. Məlum oldu ki, təyyarə havada olarkən pilot elan edib ki, guya Bakı hava limanı bağlanıb və o, təyyarəni ən yaxın hava limanına yönəltməli olacaq. Təsadüfən bu hava limanı Ermənistanın paytaxtı İrəvan olub. Məhz orada sovet mətbuatı Azərbaycandan yenicə gəlmiş erməni qaçqınlarını beynəlxalq mediayaya çıxarmaq üçün hazırlamışdı ki, onlar “azərbaycanlıların nə qədər qəddar olduğu” barədə öz versiyalarını danışsınlar.

Beləliklə, sovetlər beynəlxalq mətbuatı bir daha aldatmışdı. Jurnalistlərin öz ölkələrinə apara bildikləri yeganə hekayə sovetlərin qaçqın ermənilər barədə istədiyi hekayə oldu. Bu isə “itaətsizlik göstərən azərbaycanlıları” susdurmaq üçün qoşun yeridilməsinin “haqlı” olduğunu əsaslandırmağa xidmət edirdi.

Tədricən media qrumlarına aydın oldu ki, Bakıya daxil ola bilən yeganə jurnalist qrupu Rzanın komandası olub.

Rza etiraf edir ki, dünyanın ən çətin bölgələrində illərlə çalışmasına baxmayaraq, Azərbaycanda olarkən başına bir iş gələcəyindən — sadəcə yoxa çıxacağından —qorxurdu. Axı Rzanın çəkiliş qrupu bütün Sovet İttifaqının inkar etdiyi, dünyanın isə səbirsizliklə eşitmək istədiyi hadisələrin birbaşa şahidi olub sübutlar toplayırdı. Faktlara söykənən bu hekayəni ölkədən çıxaran yeganə komanda məhz onlar idi.

Rza deyir ki, Moskva hava limanından təyyarə havaya qalxan an gözlərindəki rahatlığı və sevinc hissini heç vaxt unutmayacaq. Keçmiş Sovet İttifaqında keçirdikləri son dərəcə ağır yeddi gün artıq arxada qalmışdı. Buna inanmaq çox çətin idi.

Təyyarə günortadan sonra Parisə eniş etdi. Rza və Əhməd vaxt itirmədən lentləri hazırlamaq və videoları montaj etmək üçün evə tələsdilər. Xəbərlər həmin axşam saat 20:00-da efirə getməli idi. Rza hələ də narahat idi — bəlkə də plyonkalar rentgen şüaları ilə zədələnmiş, videolentlər isə maqnitsizləşdirilmişdi. Sovetlər bu cür üsullarla məşhur idilər: hər şey qaydasındadır deyə düşünürsən, evə çatırsan və birdən-birə hər şeyin boş olduğunu görürsən.

Rza Qazaxıstanda kiçik miqyaslı, lakin oxşar hadisələri üç həftə ərzində çəkmiş bir fransız qrupunun dəhşətli hekayəsini yaxşı xatırlayırdı. Onlar evə qayıtdıqdan sonra məlum olmuşdu ki, bütün videolentlər tamamilə maqnitsizləşdirilib və əldə heç nə qalmayıb.

Rza laboratoriyada slaydları hazırlamağa başlayanda televizordan bir səs eşitdi: saat 20:00-da çox mühüm bir xəbər buraxılışı elan edildi. Gözləri yaşardı. Bu o demək idi ki, Əhmədin videoları salamatdır. Həmin axşam xəbərlər Bakıda baş verən faciəli hadisələrlə açıldı. Süjetə təxminən altı dəqiqə vaxt ayrılmışdı — Qərb standartlarına görə bu, inanılmaz dərəcədə uzun idi, çünki adi bir xəbər materialı adətən 30 saniyədən 1 dəqiqəyədək olur.

Rzanın slaydları da uğurla hazırlandı. Onların arasından Rza təxminən 40 fotoşəkil seçərək çoxaldılması üçün ayırdı və bu materialları dünyada 2 minə yaxın jurnal və qəzetə ötürə bilən bir agentliyə təqdim etdi.

Beləliklə, onlar məqsədlərinə nail oldular. Rzanın Parisə qayıdışından cəmi 24 saat sonra, Azərbaycanın Qara Yanvar faciəsi barədə həqiqətlər bütün dünyaya yayıldı. 18-dən çox televiziya kanalı və onlarla radio stansiyası çəkiliş materialları üçün Rza və Əhmədə müraciət etdi.

Missiya tamamlanmışdı.

Qara Yanvar artıq sirr deyildi — Bakıda axıdılan qan, tapdanan insan haqları dünya ictimaiyyətinin gözləri önündə idi.

Избранный
138
azertag.az

1Источники