RU

Oxucunu aldadan xəbər başlıqları

1918-ci ildə İngiltərənin “The Times” qəzeti bircə sözlük manşetlə çıxmışdı: “War Ends” – “Müharibə başa çatdı”.

Bu başlıq bu gün də dünya jurnalistikasında nümunə kimi göstərilir, auditoriyalarda tədris olunur.

Ümumiyyətlə, başlıqlar iki cür olur: nadir və sıradan. Bir qəzetin, yaxud xəbər saytının bütün başlıqlarının mükəmməl olmasını gözləmək utopiyadır. Amma heç olmasa arabir yaxşı, düşünülmüş başlıqlara rast gəlmək oxucunun haqqıdır.

İndi gələk bizə.

Bu yazını qələmə almağıma səbəb olan başlıq belə idi: “Ərləriniz evə gəlmirsə, günahkar mən deyiləm”. Xanım müğənninin açıqlamasına qoyulmuş “nadir” başlıqlardan idi. Aydındır ki, bu, şou xəbəri üçün seçilmiş başlıqdır. Normal saymaq çətindir, amma müəyyən mənada güzəşt etmək olar. Problem təkcə bunda deyil axı…

Azərbaycan mediasında xəbərə yaxşı başlıq qoyan jurnalist və redaktor barmaqla sayılacaq qədər azdır. Xəbərin içindən təsadüfi bir cümləni çıxarıb başlığa çevirmək yaradıcılıq deyil. Düzdür, bu iş də bacarıq  tələb edir, amma çox vaxt həmin bacarıq yanlış istiqamətdə istifadə olunur. Elə olur ki, xəbərin içindəki ən zəif cümlə başlıq kimi seçilir.

Nəticədə faciəvi xəbərə romantik başlıq qoyulur, sosial problem ədəbiyyat dili ilə təqdim olunur, siyasi hadisə şou elementinə çevrilir. Oxucu qalır çaş-baş.

Hələ bu dərdin yarısıdır.

Aldadıcı başlıqlar artıq oxucunu cana-boğaza yığıb. Nə qədər olar xəbəri açıb, sonra ürəyində o başlığı yazan redaktoru söyüb səhifəni birdəfəlik bloklamaq? Bir dəfə deyil, iki dəfə deyil…

Bunu da dərdin yarısı sayaq.

Qurşaqdan aşağı instinktlərə hesablanan başlıqlar isə ayrıca bir fəlakətdir. Hər gün, hər saat qarşımıza çıxır. Təəssüf ki, saytların “ən çox oxunan xəbərləri” siyahısında da məhz bu tip başlıqlar üstünlük təşkil edir. Adam bilmir oxucunu qınasın, yoxsa bu başlıqlarla tiraj yığan redaksiyanı.

Bir az da şəxsi təcrübəmdən yazım.

Mənə görə qısa başlıq çox vaxt ən güclü başlıqdır. Xəbər başlığı oxucuya ya informasiya verməlidir, ya hiss oyatmalıdır, ya da sual yaratmalıdır. Mən daha çox üçüncüyə – sual və maraq doğuran başlığa üstünlük verirəm. Başlıqda bir tapmacanın gizlənməsinin tərəfdarıyam. Amma peşəkar yanaşmada ideal variant bu üç elementin eyni anda mövcud olmasıdır.

Başlıqda intellekt də hiss olunmalıdır. Biz isə daha çox oxucunu aldatmağa hesablanmış təqdimatlara üstünlük veririk. Halbuki ağıllı başlıq oxucunu aldatmadan da cəlb edə bilər. Emosiya etik çərçivədə olanda güclüdür.

Bir də sürət məsələsi var. Xəbər bu qədər sürətlə yayılırkən yaxşı başlıq üzərində düşünməyə zaman qalmır. Ağlımıza gələn ilk variantı trafaret edib yayımlayırıq. Zaman bizə zaman tanımır. Bu da bizim ən sevdiyimiz bəhanədir.

Bu gün oxucu axmaq deyil. O, aldadıldığını hiss edir, anlayır və cavabını da verir – səhifəni tərk edir, saytı bağlayır, etibarını geri götürür. Media isə hələ də elə bilir ki, bir klik hər şeydir. Xeyr. Bir klik heç nədir, amma itirilən etibar hər şeydir.

Başlıq xəbər üçün vitrin deyil, məsuliyyətdir. Orada yalan varsa, içəridə yazılanların heç bir dəyəri qalmır. Oxucunu aldatmaqla gündəlik trafik qazanmaq olar, amma media olmaq mümkün deyil. Media etibar üzərində qurulur, hiylə üzərində yox.

11 sentyabr hadisələrindən sonra “Le Monde” qəzeti dünyaya sadə, amma ağır bir həqiqəti dedi. Manşeti belə idi: “The World Changes” – “Dünya dəyişir”.

Dünya dəyişir, jurnalistika dəyişir, oxucu dəyişir. Bəs biz niyə müsbət istiqamətdə dəyişmirik?..

Elnur Məmmədli


Telegram kanalımız
Избранный
82
yenisabah.az

1Источники