RU

YAP Pirallahı rayon təşkilatı 20 Yanvarla bağlı tədbir keçirdi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının “İlqar Məcidov küçəsi 10” ünvanı üzrə (231 nömrəli tam orta ümumtəhsil məktəbi) ərazi partiya təşkilatında 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri təşkil olunub.

"Unikal" xəbər verir ki, əvvəlcə məktəblilərin 20 Yanvar faciəsinə həsr olunmuş əl işləri və rəsmlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, 20 Yanvar şəhidlərinin və Vətən uğrunda canından keçmiş bütün qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki, 20 Yanvar faciəsi sovet totalitar rejiminin Azərbaycana qarşı həyata keçirdiyi hərbi-siyasi təcavüz aktı, dövlət terroru və insanlığa qarşı cinayət kimi tarixə düşüb. O vurğulayıb ki, həmin gecə beynəlxalq humanitar hüququn və insan hüquqları ilə bağlı ümumdünya konvensiyalarının kobud şəkildə pozulması nəticəsində dinc əhali məqsədli şəkildə hədəfə alınıb, mülki şəxslər ağır hərbi texnika ilə qətlə yetirilib.

Qeyd olunub ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının milli-azadlıq hərəkatının kulminasiya nöqtəsi olmaqla yanaşı, imperiya idarəçiliyinə qarşı siyasi müqavimətin dönüş mərhələsi olub. Ulu Öndər Heydər Əliyevin bu faciəyə verdiyi siyasi-hüquqi qiymət nəticəsində 20 Yanvar hadisələri dövlət səviyyəsində şəhidlik zirvəsi, milli qəhrəmanlıq və azadlıq mübarizəsinin simvolu kimi təsbit edilib. Bu yanaşma tarixi ədalətin bərpası və milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Emil Abasov çıxışında  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli təhlükəsizlik strategiyasının, müdafiə qabiliyyətinin gücləndirilməsi və geosiyasi mövqelərin möhkəmləndirilməsi siyasətinin ölkəmizin suverenliyinin etibarlı təminatı olduğunu bildirib. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü və konstitusion quruluşu tam bərpa olunub və bu Zəfər 20 Yanvar şəhidlərinin arzuladığı müstəqil və güclü dövlət modelinin bariz nümunəsidir.

Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Arzu Abdullayev 20 Yanvar faciəsinin xalqımızın tarixində həm böyük itki, həm də milli birlik və qəhrəmanlıq simvolu olduğunu qeyd edib. O, gənc nəslin bu hadisələr barədə dolğun məlumatlandırılmasının, milli yaddaşın qorunmasının və vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən 231 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Vasif Eyvazov bu cür tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, tarixini bilən və şəhidlərin xatirəsinə hörmət edən gənclik Azərbaycanın gələcəyinin etibarlı təminatçısıdır.

Tədbirin sonunda məktəblilərin təqdimatında 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Избранный
101
50
unikal.az

10Источники