RU

İranda insanlar BELƏ ÖLDÜRÜLÜB: Pulemyotla təchiz olunmuş avtomobillər yerləşdirilib, sonra isə…

İran International telekanalına danışan şahidlər İranda etiraz aksiyalarının amansız şəkildə yatırıldığını, təhlükəsizlik qüvvələrinin döyüş silahlarından istifadə etdiyini və bunun nəticəsində çoxsaylı insanın öldürüldüyünü və ağır yaralandığını bildiriblər. Məlumata görə, hakimiyyətin internetə çıxışı məhdudlaşdırmasına baxmayaraq, bölgələrdən ağır insan haqları pozuntuları ilə bağlı məlumatlar daxil olmaqdadır.

KONKRET.az xəbər verir ki, şahidlərin sözlərinə görə, yanvarın 9-da Tehranın qərbində yerləşən Kərəc şəhərində təhlükəsizlik qüvvələri Taleqani meydanında etirazçılara qarşı hədəfli atəş açıblar. Nəticədə bir neçə nəfər ölüb və yaralanıb. Bildirilir ki, yaralılardan bəziləri qəsdən öldürülüb, digərlərinə isə xəstəxanalara çatmaq imkanı verilməyib.

İranın şimal-şərqində yerləşən Qorqan şəhərində isə şahidlərin sözlərinə görə, təhlükəsizlik qüvvələri “Pənc Azar” xəstəxanasının damından etirazçılara atəş açıblar. Hadisə zamanı 15 yaşlı qızın məqsədli şəkildə öldürüldüyü iddia olunur.

İsfahan əyalətinin Şahınşəhr şəhərindən daxil olan məlumatlarda bildirilir ki, yanvarın 8-dən 9-na keçən gecə silahlı qüvvələr dövlət və ictimai binaların, o cümlədən bələdiyyə, təhsil idarəsi və “Neqarestan” kompleksinin damlarından etirazçılara atəş açıblar.

Şimal-qərbdə yerləşən Qəzvin şəhərində bir şahid üç gecə davam edən etirazlar zamanı mindən artıq insanın öldürüldüyünü iddia edib. Onun sözlərinə görə, yanvarın 8-də axşam saatlarında atəş açıldıqdan cəmi iki saat sonra xəstəxanalar ölən və yaralılarla dolub, bəzi tibb müəssisələrində qan xəstəxananın çıxış qapılarına qədər axıb.

Iran International tibbi mənbəyə istinadən xəbər verir ki, İranın cənub-qərbində yerləşən Xuzistan əyalətinin Behbəhan şəhərində azı 50 nəfər ağır göz xəsarətləri alıb. Qeyd olunur ki, əvvəlki etiraz dalğalarında da nümayişçilərin kartuç güllələri ilə kor edilməsi halları qeydə alınıb. Mənbənin sözlərinə görə, yanvarın 8 və 9-da şəhərdə pulemyotla təchiz olunmuş avtomobillər yerləşdirilib və insanlara atəş açılıb.

Əlborz əyalətinin Haştgerd şəhərində isə polis bir ailəyə atəş açıb. Məlumata görə, ailədə olan 6–7 yaşlı uşaq ayağından ağır yaralanıb və çoxlu qan itirib. Uşağın anası bildirib ki, ailə heç bir şüar səsləndirməyib və sadəcə evdən çıxırmış.

Bundan əlavə, yanvarın 8-də İranın şimal-şərqində yerləşən Şahrud şəhərində 31 yaşlı etirazçı Matin Montazərzohur təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak olub. Şahidlərin bildirdiyinə görə, güllə onun sinəsindən keçərək ürəyinə dəyib. Cəsəd ailəsinə yalnız dörd gün sonra, yanvarın 12-də təhvil verilib və dəfn mərasimi hər hansı mərasim keçirilmədən baş tutub. Mərhumun bodibildinqlə məşğul olduğu və Türkiyəyə köçməyi planlaşdırdığı qeyd olunur.

İsfahan şəhərində isə yerli mənbələrin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat bölməsi etiraz aksiyalarına dəstək olaraq mağazalarını bağlayan sahibkarları dindirilməyə çağırıb, bəzilərinin bank hesabları isə bloklanıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
100
1
konkret.az

2Источники