RU

SOCAR "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsini ADNOC ilə müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsini müzakirə edib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"ADNOC şirkətinin "upstream" üzrə baş icraçı direktoru Musabbeh Al Kaabi ilə keçirdiyimiz görüş zamanı enerji sektorunda strateji əməkdaşlığın inkişaf etdirilməsinə diqqət yetirdik, mövcud əməliyyatları və "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsini nəzərdən keçirdik, eləcə də Strateji Əməkdaşlıq Sazişi çərçivəsində əldə olunan irəliləyişi qiymətləndirdik", - o qeyd edib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %), INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) Cənub Qaz Dəhlizi (16,02%) və MVM (5 %) şirkətləri iştirak edir.

"Abşeron" yatağı isə Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır.

"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinə dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək.

Избранный
11
2
missiya.az

3Источники