RU

Paulo Dibala son 20 ilin ən yaxşı göstəricisinə imza atdı – ARENA.AZ

“Roma”nın argentinalı hücumçusu Paulo Dibala futbol üzrə İtaliya A Seriyasında son 20 ilin ən yaxşı göstəricisinə imza atıb.

Arena.az təcrübəli futbolçu buna A Seriyasının 2025/2026-cı illər mövsümünün 21-ci turunda “Torino”nu məğlub etdikləri oyunda (2:0) nail olub.

Forvard bu qarşılaşmada 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Dibala bu çempionatda bütövlükdə 200 qolun (131 qol, 69 assist) vurulmasında yaxından iştirak edib. Bu isə əcnəbi oyunçular arasında son 20 ildə ən yaxşı göstəricidir.

Paulo Dibala Argentinanın “İnstituto” klubunun yetirməsidir. Avropa karyerasına “Palermo” ilə başlayan Dibala buradan “Yuventus”a keçib. 2022-ci ilin iyulunda isə “Roma” Dibalanı “qoca sinyora”nın düşərgəsindən azad agent qismində heyətinə qatıb.

Cari mövsümdə Dibala “canavarlar”ın heyətində bütün yarışlarda 20 oyuna çıxıb, 3 qol vurub, 3 məhsuldar ötürmə verib.

Dibalanın “Roma”nın heyətində çıxışının ümumi mənzərəsi isə 133 oyun, 45 qol və 25 məhsuldar ötürmədən ibarətdir.

Paulo Dibalanın qənimətlər muzeyində “Palermo” ilə B Seriyası çempionluğu, “Yuventus”la İtaliya çempionluğu (5 dəfə), İtaliya Kuboku (4 dəfə), İtaliya Super Kuboku (3 dəfə) var.

Paulo Dibala 2015-ci ilin oktyabrında debüt etdiyi Argentina yığmasının heytində 40 oyuna 4 qol vurub, 7 məhsuldar ötürmə verib. Dibala “albiseleste” ilə DÇ-2022-nin və 2021/2022 Çempionların CONMEBOL-UEFA Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı argentinalı hücumçunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
28
24
arena.az

10Источники