“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo UEFA Çempionlar Liqasında “Ayntraxt”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan və Almaniya klubları arasındakı görüş sabah Bakıda baş tutacaq.
Pedro Bikalyo matçdan öncə keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu gün 20 yanvardır. Bilirəm ki, ölkə üçün çox önəmli və kədərli gündür. 36 il bundan öncə insanlar müstəqillik üçün küçələrə axışıb və həyatlarını qurban veriblər. Allah onlara rəhmət etsin. Oyunla bağlı onu deyə bilərəm ki, bu, Çempionlar Liqası matçıdır, bizim üçün çox vacibdir. Türkiyədə idik, orada hazırlıq keçdik. Bu, bizim üçün çox önəmli idi. İnanıram və ümid edirəm ki, bu toplanışda işlədiklərimizi sabah həyata keçirə biləcəyik.
Əminliklə deyə bilərəm ki, karyeramın ən vacib matçlarından biri olacaq. Turnirin nəhəngliyini, oyunun vacibliyini nəzərə alsaq, çox önəmli matçdır. Qalib gəlsək, nələr olacağını təsəvvür edə bilirsiniz.
Bu görüşdə yenidən “matçın ən yaxşısı” olmaq məqsədin məqsədim yoxdur. Əsas komandanın qalibiyyətidir. Əsas qələbə qazanmaqdır. Oyundan sonra kim ən yaxşı seçiləcək, başqa məsələdir.
Qətiyyətlə deyə bilərəm ki, adımın başqa klublarla birgə hallanması mənim bu oyuna köklənməyimə mane olmur. Bu matç karyeramın ən önəmli oyunudur. Tamamilə bu qarşılaşmaya fokuslanmışam. Digər məsələlər Qurban Qurbanovun və klub rəhbərliyinin işidir. Mən yanız oyunu düşünürəm”.
