Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bu resept yay və payız aylarının əvəzolunmaz ləzzətidir. Tərəvəzlərin bir yerdə deyil, tək-tək qızardılması onların yumşalmasının qarşısını alır və xırtıldayan qalmasını təmin edir. Üzərinə əlavə edilən bol sarımsaqlı pomidor sousu isə yeməyə əsl yay dadı qatır.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
Tərəvəzlər: 2 ədəd badımcan, 2 ədəd qabaq (kabaçok), 3-4 ədəd kartof, 5-6 ədəd yaşıl bibər.
Sous üçün: 3 ədəd böyük pomidor, 3-4 diş sarımsaq, 1 xörək qaşığı sirkə (istəyə görə), duz, bir çimdik şəkər tozu.
Qızartmaq üçün: Bitki yağı.
Hazırlanma qaydası:
Badımcanları alacalı soyub kub və ya halqa şəklində doğrayın və acısının çıxması üçün duzlu suda saxlayın. Kartof və qabaqları da oxşar ölçülərdə doğrayın.
Tərəvəzlərin xırtıldayan qalması üçün onları mütləq tək-tək qızardın:
İlk olaraq kartofları qızardıb kağız dəsmal üzərinə çıxarın.
Sonra qabaqları, ardınca isə quruladığınız badımcanları qızardın.
Ən sonda bibərləri qızardaraq bütün tərəvəzləri servis qabına qarışdıraraq yığın.
Sarımsaqlı pomidor sousu:
Pomidorları rəndələyin və ya xırda doğrayıb tavaya tökün.
Üzərinə əzilmiş sarımsaqları, duzu və şəkər tozunu əlavə edib suyu çəkilənə qədər bişirin.
Sousun daha parlaq və dadlı olması üçün sonda 1 qaşıq sirkə əlavə edə bilərsiniz.
Hazırladığınız isti sousu qızartmaların üzərinə bolca tökün.
Tərəvəzləri qızartdıqdan sonra üst-üstə çox sıx yığmayın ki, buxarlanıb yumşalmasınlar.Lalə Qüdrətova
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.