RU

Prezident İlham Əliyev Davos Forumunun panel iclasında iştirak edib-TAM MƏTN

Yanvarın 20-də Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Moderator: 2026-cı ilin Dünya İqtisadi Forumuna və “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” adlanan sessiyaya xoş gəlmisiniz. Burada müzakirə apardığımız zaman Qərbdən Şərqə doğru rəqabət aparan maraqlar və Qafqaz ilə Mərkəzi Asiyada təsir və gücün tarazlığı ilə səciyyələnən vəziyyət müşahidə edilir. Artan rəqabət fonunda geniş infrastruktur planları və formalaşan ticarət dəhlizləri göz qarşısındadır. Region genişlənən həmin marşrutların əksər hissəsindən necə yararlana bilər və onlar üçün öz rolunu necə gücləndirə bilər? Bu gün sessiyada biz həmin mövzuları müzakirə edəcəyik və mən çıxış edəcək şəxsləri böyük şərəf hissi ilə təqdim edirəm. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiyanın Prezidenti Aleksandar Vuçiç, Türkiyədən “Limak Holdinq”in İdarə Heyətinin sədri Ebru Özdəmir və Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan. Fürsətdən istifadə edərək, özümü də təqdim etmək istəyirəm. Mənim adım Saşa Vakulinadır. Mən “Euronews” televiziya kanalının Avropa üzrə müxbiriyəm.

Bu gün keçirilən sessiyada aparıcı olmaqdan və Sizə qoşulmaqdan böyük şərəf hissi duyuram. Mən sessiyanın əvvəlində, icazənizlə, açılış edim və təfərrüatlar haqqında danışım. Azərbaycan və Ermənistan iki ölkənin, eləcə də bütöv regionun kursunu və gələcəyini dəyişən, onilliklər boyu yaşanılan faciələrdən sonra tarixi sülh razılaşmasını hazırladılar. Hazırda biz qlobal quruluşun da sürətlə dəyişdiyinin şahidiyik. Bilirsiniz, tarixin ağrılı səhifəsini bağlamaq üçün nə qədər səylər göstərildi. Mən Prezident Əliyev və Prezident Xaçaturyandan soruşmaq istərdim: Hazırda Siz gələcəyi necə görürsünüz? Gələcəkdə bizi nə gözləyir? Sizin hər ikinizin bu sessiyada iştirakı artıq özü böyük mesajdır.

Prezident İlham Əliyev: Bəli, siz tam haqlısınız. Ötən ilin avqustunda hər iki tərəf sülh sazişini paraflamaqla və beləliklə, üç onillikdən artıq çəkən müharibə və qan tökməyə son qoymaqla tarixi nailiyyət əldə olundu. Həmin sülh sazişinin nadirliyi ondan ibarətdir ki, o, son qanlı toqquşmadan sonra iki ildən az müddətdə paraflandı. Beləliklə, bu göstərir ki, əgər hər iki tərəfin güclü siyasi iradəsi, sülhə sadiqliyi olarsa, onda siz kifayət qədər qısa müddət ərzində barışıq əldə edə bilərsiniz. Paraflanmış sənəd bu gün praktiki nəticələrə çevrilir. Biz sülh şəraitində nəinki cəmi 5-6 aydır yaşayırıq və bu vəziyyətdən yararlanırıq, o cümlədən nə Ermənistan, nə Azərbaycan müstəqil ölkələr kimi heç zaman sülhdə yaşamayıblar. 1991-ci ildə müstəqil ölkəyə çevrildiyimiz zaman biz artıq hərbi toqquşmada idik. Lakin bu gün sülhün faydası əməkdaşlığın başlanmasında əks olunur. Olduqca mühüm neft məhsullarının birinci hissəsi Azərbaycandan Ermənistana göndərildi və bu, qiymətlərin aşağı düşməsinə imkan yaratdı.

Избранный
14
9
azpost.info

10Источники