Çempionlar Liqasının Liqa mərhələsində VII turun ilk oyunları keçirilib.
Msport.az verir ki, ötən gecə oynanılan matçlardan sonra turnirlə vidalaşacaq iki komanda bəlli olub.
“Vilyarreal” səfərdə “Ayaks”a 1:2 hesabı ilə məğlub olub. Bu nəticədən sonra “sarı sualtı qayıq” 7 oyundan cəmi 1 xal toplayaraq pley-off mərhələsinə yüksəlmək şansını rəsmi olaraq itirib. Hazırda 24-cü pillədə qərarlaşan və 1/16 finala vəsiqə verən son yerin sahibi “Kopenhagen”dir. Danimarka təmsilçisinin aktivində 8 xal var.
“Kayrat” da Çempionlar Liqasında yoluna davam etmək imkanını itirib. “Brügge”yə 1:4 hesabı ilə uduzan Qazaxıstan təmsilçisi də “Vilyarreal” kimi 7 turdan sonra cəmi 1 xal toplayıb.
Turnirdə iştirak edən digər komandaların isə hələ də ümumi mərhələnin yekununda ilk “24-lük”də yer almaq üçün nəzəri şansları qalır.
Qeyd edək ki, 1/8 finala vəsiqəni təmin edən ilk komanda “Arsenal”dır.