RU

Hər hansı hərbi əməliyyat neftin qiymətini 70 dollara qədər artıra bilər - ŞƏRH

Bakı, 21 yanvar, Rabil Kətanov, AZƏRTAC

Cari ildə dünya bazarında neftin qiyməti 2025-ci illə müqayisədə orta hesabla 8,5 faiz aşağı düşərək 1 barelin qiyməti 62,13 dollar ətrafında olacaq. Gələn il isə çox az artım müşahidə edilərək 62,17 dollara satılacaq.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına əsasən, neftin qiymətinin düşməsinin səbəbi ilk növbədə dünya iqtisadiyyatında dövriyyənin zəifləməsidir.

Fondun analitikləri hesab edir ki, dünya bazarına tələbatdan artıq neft təklif edilir və qlobal iqtisadiyyatda artım müşahidə edilmədiyi üçün alıcıların sayı da azalır. Hesabatda qeyd olunub ki, cari ildə təkcə neftin deyil, digər enerji daşıyıcılarının, o cümlədən təbii qazın da qiymətində azalma olacaq ki, bunun da fonunda qızıl və gümüş kimi qiymətli metalların qiyməti artmaqda davam edəcək. Geosiyasi qeyri-müəyyənlik dövründə bu cür qiymətli metallar dövlətlər üçün səmərəli “ehtiyat fondu” yaradır.

Hələlik isə ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatı təxirə salması nəticəsində bazarda qiymət sabitləşib və “Brent” markalı neftin 1 barelinin qiyməti 64 dollar ətrafında satılır. Lakin prezident D. Trampın bəyanatları yenə də riskləri artırır. Belə ki, ötən gün D. Tramp Rusiya neftini alan ölkələrə qarşı 500 faiz gömrük rüsumu tətbiq edəcəyi barədə bəyanatı bahalaşmaya səbəb oldu. Lakin “Semafor” portalının məlumatına görə, artıq ABŞ 500 milyon dollar dəyərində Venesuela neftini bazara çıxararaq satıb ki, bu da qiymətlərin sabit qalmasına səbəb olub.

Bu il neftin qiymətinin geosiyasi risklərdən asılı olacağını göstərən daha bir fakt da var. Prezident D. Tranmp bəyan edib ki, 2026-cı ilin iyun ayından Qrenlandiya adası ABŞ-a verilməsə Avropa dövlətlərinə qarşı əlavə 25 faizlik gömrük rüsumu tətbiq edəcək.

“Financial Times” qəzetinin yazdığına görə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqı (Aİ) qarşılıqlı olaraq ABŞ mallarına gömrük rüsumu tətbiq edərək bir sıra şirkətlərin fəaliyyətini də məhdudlaşdırmaq üçün plan hazırlayır. Qeyd edək ki, Aİ ildə ABŞ-dan 93 milyard dollarlıq məhsul idxal edir.

“Wespac Banking” bankının analitiki Robert Renni bildirib ki, qlobal neft bazarı yenə də iki faktor qarşısında sıxılmış vəziyyətdə qalıb. Birinci faktor geosiyasi risklər, ikincisi faktor isə neft hasilatının artmasından ibarətdir. Onun fikrincə, neft hasilatının artmasına və bazara tələbatdan artıq neft təklif edilməsinə baxmayaraq hər hansı bir hərbi əməliyyat dünya bazarında neftin 1 barelinin qiymətini 70 dollara kimi artıracaq. Ən böyük geosiyasi risk ABŞ-ın İrana qarşı hərbi əməliyyatı ola bilər. Hələlik isə bazarda radikal dəyişiklik hiss olunmur.

Избранный
24
azertag.az

1Источники