RU

Altı aya boşaldılmalı olan mənzillər 6 ildir zəbt edilib

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) illərdir davam edən ciddi sosial problem ortaya çıxıb. Akademiya tərəfindən 2018-cu ildə 6 əməkdaşa mənzil verilməsinə baxmayaraq, həmin şəxslər aspirantlar yataqxanasındakı otaqları bugünədək boşaltmayıblar. Nəticədə yaşayış yerinə ehtiyacı olan aztəminatlı elmi işçilər və gənc tədqiqatçılar yataqxanaya yerləşə bilmir. Mövcud qaydalara əsasən, dövlət və ya qurum tərəfindən mənzillə təmin edilən şəxslər ən gec 6 ay ərzində yataqxanadakı otağı təhvil verməlidir. Lakin indiki halda qanunvericiliyin tələbi kobud şəkildə pozulub və 6 il ərzində heç bir real tədbir görülməyib.

Məsələ xüsusilə ona görə narazılıq doğurur ki, hazırda yataqxanaya yerləşmək üçün növbədə olan şəxslər sırf akademiya əməkdaşları və maddi durumu ağır olan alimlərdir. Onların bəziləri illərdir kirayələrdə qalır, digərləri isə ümumiyyətlə yaşayış problemi səbəbindən elmi fəaliyyətini davam etdirməkdə çətinlik çəkir.

İddialara görə, mənzil alan şəxslərdən bəziləri öz evlərini kirayə verdikləri üçün, yataqxanadakı otaqları boşaltmır. Bu isə məsələni daha da qalmaqallı edir.

Ən çox sual doğuran məqamlardan biri də budur:

Niyə mənzil verilən şəxslər 6 il ərzində yataqxanadan çıxarılmayıb?

Və daha önəmlisi, bu prosesə cavabdeh olan AMEA-nın məsul şəxsləri niyə məsələyə prinsipial mövqe sərgiləməyib?

Problemlə bağlı aspirantlar yataqxanasının komendantı ilə əlaqə saxladıq. O, KONKRET.az-a açıqlamasında bildirdi ki, problem akademiya rəhbərliyinə məlumdur:

“2018-ci ildə yataqxanada qalan 38 nəfər mənzillə təmin olunub. Onlardan hazırda 6 nəfər hələ də yataqxanada qalır. Akademiya tərəfindən bu şəxslərə 4 dəfə rəsmi xəbərdarlıq olunub. Onların əksəriyyətinin iltizamnaməsi də mövcuddur”.

Komendant bildirib, sözügedən şəxslər yataqxananı boşaltmamaqlarını müxtəlif səbəblərlə izah edirlər:

“İki nəfər bildirir ki, mənzili verən şirkətlə problemləri var. Evlər onlara yarımçıq şəkildə təqdim olunub – damı yoxdur, divarları tam hazır deyil. Digər iki nəfər isə maliyyə çətinliyi səbəbindən köçə bilmədiyini deyir. Təmirə başlayıblar, lakin maaşlarının az olması səbəbindən işi sona çatdırmaqda çətinlik çəkirlər. Yataqxanada növbədə sırf akademiyanın mənzilə ehtiyacı olan əməkdaşları var. Bu 6 nəfər çıxmalıdır ki, növbə prinsipi əsasında digər şəxslər yerləşdirilsin. Onların çıxmamasının əsas səbəbi maliyyə məsələsidir. Başqa heç bir səbəb yoxdur”.

Mənzillərin kirayə verilməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirən komendant bu iddiaları təkzib edib:

“Onların evləri hazır vəziyyətdə deyil. Kirayə verilməsi məsələsi doğru deyil. Dövlət tərəfindən verilən binalara özüm də baxmışam, həqiqətən yarımçıqdır”.

Bütün bu açıqlamalara baxmayaraq, fakt dəyişmir:

qanuna görə 6 aya boşaldılmalı olan yataqxana otaqları 6 ildir zəbt edilib , ehtiyacı olan elmi işçilər isə hələ də gözləmək məcburiyyətindədir.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
58
1
konkret.az

2Источники