RU

Ekspert: Pakistanın “ASAN xidmət” təşəbbüsünə qoşulması İslamabadın idarəetmədə ən yaxşı qlobal təcrübələrə uyğunlaşdığını bir daha təsdiqləyəcək

Bakı, 21 yanvar, Günel Türksoy, AZƏRTAC

Azərbaycanda səmərəliliyi, şəffaflığı və vətəndaş məmnuniyyəti ilə beynəlxalq səviyyədə tanınan dövlət xidməti modelinə əsaslanan “ASAN xidmət” Pakistanda rəsmi olaraq istifadəyə verilib. Artıq vətəndaşlar əvvəllər müxtəlif idarələrdə əldə etməli olduqları xidmətlərin əksəriyyətinə bürokratik maneələr olmadan bir məkanda çıxış əldə edəcəklər. Pakistanın paytaxtı İslamabaddakı mərkəz ilkin mərhələdə müxtəlif dövlət qurumlarına aid onlarla xidmət təqdim edəcək ki, bu da vətəndaşların dövlətlə qarşılıqlı əlaqəsini əhəmiyyətli dərəcədə asanlaşdıracaq. Azərbaycanda ASAN modeli innovativ sistemlər və kompüterləşmə vasitəsilə korrupsiya imkanlarını minimuma endirdiyini, əməliyyatları sadələşdirdiyini və növbələri azaltdığını sübut edib. Eyni zamanda, dövlət qulluqçuları arasında etik davranışı və məsuliyyəti təşviq edib. Xidmətlərin daha şəffaf və sürətli göstərilməsi, eləcə də çoxsaylı üzbəüz görüşlərin zəruriliyinin azaldılması sayəsində “ASAN xidmət” vətəndaşların dövlət qurumlarına olan etimadını gücləndirir ki, bu da müasir idarəetmə islahatları üçün mühüm əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a müsahibəsində Pakistanın beynəlxalq münasibətlər üzrə eksperti, “Gulf Observer Research Forum”un sədri Məhəmməd Əli Paşa deyib.

O qeyd edib ki, “ASAN xidmət”in istifadəyə verilməsi Azərbaycan və Pakistan arasında artan strateji əməkdaşlığın və qarşılıqlı etimadın göstəricisidir: “ASAN modelinin Pakistanda tətbiqi təkcə texniki əməkdaşlıq deyil, eyni zamanda, güclü diplomatik münasibətlərin və ortaq inkişaf maraqlarının təzahürüdür. Azərbaycanda özünü doğruldan ASAN modeli innovativ sistemlər və rəqəmsal inteqrasiya vasitəsilə korrupsiya imkanlarını azaldıb, prosesləri sadələşdirib və gözləmə müddətlərini qısaldıb, dövlət xidmətində etik davranışı və hesabatlılığı təşviq edir. Xidmətlərin daha sürətli və şəffaf şəkildə göstərilməsi, həmçinin çoxsaylı üzbəüz müraciətlərin azaldılması ASAN vasitəsilə dövlət institutlarına ictimai etimadı daha da möhkəmləndirir ki, bu da müasir idarəetmə islahatlarının əsas şərtlərindən biridir. Bu addım Pakistan və Azərbaycan arasında artan strateji tərəfdaşlığı və qarşılıqlı etimadı əks etdirir. ASAN modelinin Pakistanda tətbiqi yalnız texniki əməkdaşlıq deyil, həm də güclü diplomatik əlaqələrin və ortaq inkişaf məqsədlərinin rəmzidir. Azərbaycanın ASAN modeli artıq bir sıra ölkələrdə tətbiq olunub və müxtəlif mühitlərdə effektivliyini nümayiş etdirib. Pakistanın bu təşəbbüsə qoşulması İslamabadın idarəetmədə ən yaxşı qlobal təcrübələrə uyğunlaşdığını bir daha təsdiqləyəcək”.

Məhəmməd Əli Paşa qeyd edib ki, ümumilikdə Pakistanda “ASAN xidmət”in yaradılması ölkədə dövlət xidmətlərinin göstərilmə formasında transformativ bir irəliləyiş kimi qiymətləndirilə bilər və aşağıdakı potensial üstünlüklərə malikdir:

- Dövlət xidmətlərinin əlçatanlığını və rahatlığını artırmaq;

- Əməliyyatları daha açıq və az bürokratik etmək;

- Dövlət idarəçiliyində onlayn həllərin təşviqi;

- Vətəndaşların dövlət institutlarına olan məmnunluğunu və etimadını artırmaq;

- Digər sahələrdə tətbiq oluna bilən nümunəvi model kimi çıxış etmək.

Ekspert diqqətə çatdırıb ki, bu layihə Pakistanın dövlət sektorunda innovasiya modeli ola bilər və ölkə vətəndaşlarının gündəlik həyatında dövlətlə münasibətləri sadələşdirən, sürətləndirən və daha bərabər edən bir mexanizmə çevrilə bilər.

 

Избранный
96
2
azertag.az

3Источники