RU

Azərbaycan Trampın təklifinə niyə “hə” dedi? - ŞƏRH

Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv olması dəvətini qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Modern.az-ın məlumatına görə, Azərbaycanın bu qərarını şərh edən siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, rəsmi Bakının Trampın təklif etdiyi Sülh Şurasına qoşulması düzgün addımdır:

“Bunun bir neçə səbəbi var. Birincisi, Trampın dəvətinə “yox” demək strateji tərəfdaşlıq yolunda addımlayan iki ölkə arasındakı münasibətlərə mənfi təsir edər, Sülh Şurasına üzvlükdən imtina indiki geosiyasi reallıqda Azərbaycanın maraqlarına zidd olardı.
İkincisi, Donald Tramp ötən ilin oktyabr ayında Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə Azərbaycan Prezidenti İlham Əliyevi də dəvət etmişdi. Bununla Tramp Azərbaycanın da Yaxın Şərq sülh prosesində iştirakını arzulayıb. İlham Əliyev Azərbaycan hərbçilərinin Qəzzaya göndərilməyəcəyini söyləsə də, ölkəmiz Qəzzanın yenidən qurulması prosesində iştirakdan imtina etməyib.
Üçüncüsü, Donald Tramp Sülh Şurasının Qəzzayla kifayətlənməsini istəmir. O və onun administrasiyası Sülh Şurasının gələcəkdə BMT-ni əvəz edə biləcəyi qənaətindədir. Azərbaycan super dövlət statusuna malik olan ABŞ-ın dünyanın yeni təhlükəsizlik arxitekturasını formalaşdırmaq prosesindən kənarda qalmamalıdır.
Dördüncüsü, Ermənistan Trampın Sülh Şurasına üzvlük təklifinə müsbət cavab veribsə, Azərbaycanın Vaşinqtona mənfi cavab vermək lüksü yox idi. Digər tərəfdən, Azərbaycanın müttəfiqləri Türkiyə, Qazaxıstan və Özbəkistan da Trampın təklifinə müsbət cavab veriblər”.

Qeyd edək ki, Ağ Ev Qəzzada keçid prosesini idarə edəcək Sülh Şurası təsis edib.

ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının qurucu sədri qismində 60 ölkəyə üzvlük üçün dəvət göndərib. ABŞ hakimiyyəti Qəzza zolağı üçün Beynəlxalq Sülh Şurasında daimi üzvlük üçün ölkələrdən ən azı 1 milyard dollar ianə etmələrini istəyib.

Sülh Şurası ilk növbədə Qəzza zolağının yenidən qurulması üçün vəsait toplayacaq. Burada həmçinin, Qəzza zolağı üçün icra komitəsi və icra şurasının da yaradılması planlaşdırılır.

A.Qorxmaz

Избранный
29
4
modern.az

6Источники