RU

Bazarlarda gərginlik azalıb

Bakı, 22 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı Qrenlandiyanı əldə etmək barədə səsləndirdiyi ritorikanı yumşaltmasından sonra bazarların reaksiyası sürətlə dəyişib.

AZƏRTAC xəbər verir ki, qlobal fond bazarları əvvəlki sessiyada baş vermiş satışlardan sonra bərpa olunub, ABŞ xəzinə istiqrazlarının mövqeləri isə sabitləşib.

Brukinq İnstitutunun eksperti, ABŞ-ın keçmiş yüksək vəzifəli məmuru Filip Qordon “Reuters” agentliyinə bildirib ki, Donald Trampın çıxışından çıxarılan əsas nəticə onun Qrenlandiya ilə bağlı güc tətbiqi imkanını istisna etməsi olub.

“Zalda hamı rahat nəfəs aldı”, – deyə o bildirib.

“Biz artıq orta gücə malik dövlətlərin ABŞ-ın müdafiəsinə arxalana bilmədikləri bir dünyada necə sağ qalacaqlarını anlamağa məcbur olduqları yeni bir dünyaya daxil oluruq”, – deyə o əlavə edib.

Uoll-stritdə “Dow Jones” indeksi 1 faiz, “S&P 500” indeksi 1 faiz, “Nasdaq Composite” indeksi isə 1,1 faiz artıb.

Yaponiyanın istiqraz bazarlarında baş verən sarsıntılar və Trampın Qrenlandiya ilə əlaqədar rüsumlar tətbiq etmək təhdidlərindən sonra kəskin artan xəzinə istiqrazlarının gəlirliliyi aşağı düşüb.

Etalon 10 illik istiqrazların gəlirliliyi təxminən 4,28 faizə enib, 2 illik və 30 illik istiqrazların gəlirliliyi də investorların yenidən fəallaşması fonunda bir qədər azalıb.

 

Избранный
188
azertag.az

1Источники