Son günlər Şamaxı və Ağsu rayonlarında qeydə alınan ardıcıl zəlzələlər cəmiyyətdə yenidən narahatlıq yaradıb. Sosial şəbəkələrdə “böyük zəlzələ gözlənilirmi?”, “yaşadığımız evlər nə dərəcədə təhlükəsizdir” kimi suallar tez-tez səslənir.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirir ki, təkcə ötən il ölkə ərazisində təxminən 6 min yeraltı təkan qeydə alınıb. Onlardan cəmi 19-u əhali tərəfindən hiss olunub. Bu göstərici bir tərəfdən Azərbaycanın seysmik baxımdan aktiv ərazi olduğunu təsdiqləsə də, digər tərəfdən təşviş üçün əsas olmadığını göstərir.
Q.Yetirmişli qeyd edir ki, ilin əvvəlindən indiyədək də bir neçə zəlzələ baş verib. Hətta Orta Kür zonasında və Cəlilabadda qeydə alınan yeraltı təkanları insanlar hiss etməyib. Gün ərzində orta hesabla 15-20 yeraltı təkan baş verir və onların əksəriyyəti təhlükəli xarakter daşımır. Mütəxəssisin fikrincə, 3-4-5-6 ballıq zəlzələlər normal tikililər üçün təhlükə yaratmır, Azərbaycanda isə 8-9 ballıq fəlakətli zəlzələnin baş verməsi real hesab edilmir.
Ancaq məsələ yalnız statistik rəqəmlərlə bitmir. Zəlzələ bir neçə saniyə çəkir və məhz həmin saniyələrdə verilən qərarlar insan həyatını xilas edə, yaxud faciəyə səbəb ola bilər. Təəssüf ki, Azərbaycanda zəlzələ zamanı düzgün davranış qaydaları ilə bağlı maarifləndirmə hələ də yetərli səviyyədə deyil. Bir çox hallarda insanlar panikaya düşür, liftdən istifadə edir, eyvandan tullanmağa cəhd göstərir və bununla da riski dəfələrlə artırırlar.
Mütəxəssislər bildirirlər ki, əsas təhlükə zəlzələnin özü yox, tikinti keyfiyyəti və insanların hazırlıqsızlığıdır.
Xüsusilə normativlərə uyğun tikilməmiş binalar potensial risk mənbəyi sayılır. Bu baxımdan şəhərsalma siyasəti, tikinti nəzarəti və köhnə yaşayış binalarının möhkəmləndirilməsi zəlzələ təhlükəsizliyinin əsas şərtlərindəndir. Digər vacib məqam isə insanların fərdi və ailə səviyyəsində hazırlıq dərəcəsidir.
Bəs zəlzələyə necə hazırlaşmalıyıq?
Mütəxəssislərin fikrincə, sürüşkən və sonradan doldurulmuş, yəni yumşaq torpaqlı ərazilər zəlzələ zamanı daha çox zərər görür. Bu səbəbdən ev seçərkən belə ərazilərdən uzaq durmaq, möhkəm torpaq üzərində, tikinti norma və qaydalarına uyğun inşa edilmiş, zəlzələyə davamlı binalara üstünlük vermək vacibdir.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, evin daxili planlaşdırılması da təhlükəsizlik baxımından mühüm rol oynayır. Kitab rəfləri, şkaflar, divan və kreslolar mütləq şəkildə divara və ya döşəməyə sabitlənməlidir. Şkafların içindəki ağır əşyalar da risk yarada bilər. Bunun üçün əlavə kilid və qoruyucu vasitələrdən istifadə tövsiyə olunur. Zəlzələ zamanı çıxışı bağlaya biləcək mebellərin yeri əvvəlcədən dəyişdirilməlidir.
Hər bir ailə üzvü qazın, suyun və elektrik enerjisinin haradan və necə söndürüldüyünü bilməlidir. Evin dəhliz və çıxış hissələri artıq əşyalardan təmiz saxlanmalıdır.
Zəlzələnin ilk təkanlarını hiss etdikdə binanı təhlükəsiz tərk etmək üçün cəmi 10-15 saniyə vaxt olduğunu unutmaq olmaz. Evi tərk edərkən ehtiyat çantasını və mobil telefonu götürmək, qazı, suyu və elektrik enerjisini ümumi şəbəkədən söndürmək vacibdir. Açıq əraziyə çıxaraq bina və qurğulardan uzaq dayanmaq əsas şərtdir.
Əgər binanı qısa müddətdə tərk etmək mümkün deyilsə, evdə qalmaq daha təhlükəsizdir. Bu zaman liftdən istifadə etmək, təşvişə düşərək yüksək mərtəbədən tullanmaq qətiyyən olmaz. Yükdaşıyan divarların, beton sütunların yanında dayanmaq, mümkün olduqda dəmir ayaqlı masanın altına girmək tövsiyə edilir.
Diz üstə çökərək və ya böyrü üstə uzanaraq başın arxa hissəsini əllə qorumaq lazımdır. Yanınızda azyaşlı varsa, onu öz bədəninizlə qorumağa çalışın. Zəlzələ gecə vaxtı baş verərsə, kibrit və alışqan deyil, fənərdən istifadə edilməlidir.
Zəlzələ küçədə yaxalayıbsa, bina, elektrik dirəkləri, körpülər və sıldırımlı ərazilərdən uzaq duraraq açıq sahəyə çıxmaq lazımdır. Avtomobillə açıq ərazidə hərəkət edirsinizsə, maşını saxlayıb pəncərələri bağlayaraq təkanların bitməsini gözləmək məsləhətdir. Əgər avtomobil binaların yaxınlığındadırsa, onu tərk edib dərhal açıq sahəyə çıxmaq daha təhlükəsizdir.
Qurban Yetirmişli bildirir ki, məktəblərdə, iş yerlərində zəlzələyə hazırlıqla bağlı maarifləndirmə tədbirləri mütəmadi keçirilməlidir. Onun sözlərinə görə, Qarabağ bölgəsində də bu istiqamətdə maarifləndirmə aparılıb. Lakin görülən işlər kifayət deyil və bu fəaliyyətlər daha geniş miqyasda davam etdirilməlidir.