Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunması təsadüfi diplomatik jest deyil. Bu qərar, ilk növbədə, Azərbaycan dövlətinin müstəqil, praqmatik və beynəlxalq hüquqa söykənən xarici siyasət xəttinə verilən siyasi qiymətin ifadəsidir. Eyni zamanda, bu dəvət Azərbaycanla ABŞ arasında qarşılıqlı hörmətə və real maraqlar balansına əsaslanan faydalı tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu, həm də Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən və milli maraqlara söykənən prinsipial və məsuliyyətli siyasətin beynəlxalq təsdiqidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.
O bildirib ki, Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində oynadığı rol beynəlxalq müstəvidə ayrıca tanınır. Azərbaycanın sülh gündəliyi deklarativ xarakter daşımır, bu siyasət real nəticələrə, konkret təşəbbüslərə və məsuliyyətli dövlət davranışına əsaslanır. Sülh Şurasına təsisçi üzv kimi dəvət olunmaq, əslində, Azərbaycanın “problem ixrac edən” deyil, “həll istehsal edən” dövlət kimi qəbul edildiyini təsdiqləyir.
Bu nailiyyətlərin arxasında dayanan əsas faktor Prezident İlham Əliyevin beynəlxalq nüfuzu, liderlik keyfiyyətləri və uzaqgörən siyasi xəttidir. Prezident İlham Əliyev müasir beynəlxalq münasibətlər sistemində sözünün çəkisi olan, təşəbbüsləri diqqətlə dinlənilən və qərarları real güc balansına təsir edən liderlərdəndir.
“Dövlətimizin başçısının təhlükəsizlik və sülh istiqamətində irəli sürdüyü təşəbbüslər regional çərçivə ilə məhdudlaşmır. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, postmünaqişə bərpa modeli, çoxtərəfli diplomatiya və mədəni dialoq kimi sahələrdə Azərbaycan artıq nümunə ölkə statusu qazanıb. Bu, təkcə siyasi iradənin deyil, sistemli dövlət idarəçiliyinin və strateji baxışın nəticəsidir.
Prezident İlham Əliyevin 2025-ci il oktyabrın 13-də Şərm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın qlobal sülh arxitekturasında rolunun coğrafi baxımdan da genişləndiyini göstərir. Yaxın Şərq kimi mürəkkəb və uzunmüddətli münaqişələrlə yüklənmiş bir regionda Azərbaycanın mövqeyinə maraq təsadüfi deyil. Azərbaycan burada neytral vasitəçi yox, münaqişədən çıxışın real təcrübəsinə malik ölkə kimi çıxış edir. Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında həlli, postmünaqişə dövründə reinteqrasiya siyasəti və “Böyük Qayıdış” modeli Azərbaycanın praktiki sülh quruculuğu təcrübəsini formalaşdırıb. Bu təcrübə Yaxın Şərq üçün hazır resept olmasa da, münaqişədən sonra dövlətin necə davranmalı olduğunu göstərən ciddi presedentdir”, -deyə A.Kərimli bildirib.
Bu gün Cənubi Qafqazda sülhyaratma prosesinin əsas aparıcı qüvvəsinin Azərbaycan olduğunu deyən deputat əlavə edib: “Müharibədən sonra revanşizmə deyil, sülhə çağıran, kommunikasiyaların açılmasını, iqtisadi inteqrasiyanı və regional əməkdaşlığı təşviq edən tərəf məhz Bakıdır. Bu mövqe təkcə siyasi bəyanatlarda deyil, diplomatik danışıqlarda və real təşəbbüslərdə də öz əksini tapır. Azərbaycanın sülh və təhlükəsizlik sahəsindəki rolu yeni deyil. Ölkəmiz bundan əvvəl də NATO, BMT və digər beynəlxalq təsisatlar çərçivəsində sülhməramlı missiyalarda fəal iştirak edib. Əfqanıstan, Kosovo və İraqda Azərbaycan hərbçilərinin və mülki mütəxəssislərinin fəaliyyəti ölkəmizin qlobal təhlükəsizlik arxitekturasına verdiyi real töhfələrin göstəricisidir. Eyni zamanda, “Bakı prosesi”, mədəniyyətlərarası dialoq təşəbbüsləri və beynəlxalq humanitar forumlar Azərbaycanın sülhü yalnız hərbi və siyasi aspektdə deyil, ideoloji və mədəni müstəvidə də təşviq etdiyinin sübutudur”.