RU

Təhsil eksperti: “Xaricdə təhsil şəxsi seçimdir və öz maliyyə resursları ilə dəstəklənməlidir”

“Yeni dəyişiklik daha çox xaricdə təhsillə bağlıdır. Çünki xaricdə təhsil seçimdir və bu seçimin dövlət büdcəsindən olması çox məqsədəmüvafiq olmaya bilər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Süleymanov deyib.

 

Onun sözlərinə görə, bununla əlaqədar Dövlət Proqramı mövcuddur: “Həmin Proqram çərçivəsində maliyyələşmə müəyyən meyarlar və müxtəlif şərtlər əsasında həyata keçirilir. Məsələn, bakalavr və magistr pillələri üzrə xaricdə təhsil almaq istəyən şəxslər üçün minimum 80 bal ortalama, eyni zamanda, IELTS və ya TOEFL imtahanlarından müvafiq nəticələr olmalıdır. Sosial müdafiəyə ehtiyacı olanların xaricdəki təhsil müəssisələrinə güzəştli qəbulu mümkün deyil, çünki Azərbaycanda imtiyazlı hal xaricdə hansısa təhsil müəssisəsinə qəbul vaxtı diqqətə alınmır. Ona görə də əvvəl qanunvericilikdə nəzərdə tutulurdu ki, onlar dövlət hesabına təhsil alırlar. Hətta ödənişli əsaslarla qəbul olunduqları halda belə, təhsil haqqı dövlət tərəfindən ödənilirdi. İndi isə təklif olunan dəyişiklik ondan ibarətdir ki, respublikada kifayət qədər təhsil imkanları mövcuddur. Bu imkanlar dövlət büdcəsi hesabına təqdim olunur. Əlavə xərclə xaricdə təhsilə və ya mülkiyyəti Azərbaycan Respublikasına aid olmayan qurumlarda təhsil şəxsin seçimidir. Maddi gücü yoxdursa, dövlət hesabına olması məqsədəuyğun deyil. Əlavə təhsil də həmçinin şəxsi istəkdir və öz maliyyə resursları ilə dəstəklənməlidir. İmtiyazlı şəxslərə də bunun  şamil edilməsi dövlət vəsaitlərinin effektivliyinin artırılmasına xidmət edir. Bir dəfə bir istiqamətdə təhsil dövlət hesabına maliyyələşir”.

 

Xatırlatma: Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödəniləcəyi hallar müəyyənləşir. Bunun üçün “Təhsil haqqında” qanuna dəyişiklik təklif edilir. Hazırda qüvvədə olan “Təhsil haqqında” qanuna görə, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Layihəyə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin yalnız Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bu halda əlavə təhsil istisna olacaq. Başqa sözlə, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməyəcək.

 

Şəhanə Quliyeva

Tarix: 22 Yanvar 2026, 13:52   
Избранный
143
pravda.az

1Источники