RU

“Ərzaq bahalaşır, kommunal xərclər artır, sosial yardım isə əlçatmaz qalır”- Deputat nə deyir?

Son dövrlərdə ünvanlı sosial yardım məsələsi ölkə gündəmində geniş müzakirə olunur. Artan yaşayış xərcləri fonunda minlərlə ailənin bu yardımı ala bilməməsi ictimai diqqəti cəlb edib. Sosial şəbəkələrdə yayılan şikayətlər və müraciətlər sistemdə mövcud çatışmazlıqların mövcudluğunu gündəmə gətirib. Ekspertlər qeyd edir ki, bəzi ailələr real ehtiyaclarına baxmayaraq proqramdan kənarda qalır. Bu isə sosial ədalət və bərabərlik məsələlərini yenidən aktuallaşdırır.

Bu kontekstdə, Milli Məclisin deputatı Vüqar Bayramov Editor.az-a ünvanlı sosial yardımın elektron sistem üzərindən aparılması və proqramın şəffaflığı ilə bağlı təkliflərini təqdim edib.

Millət vəkili bildirib ki, ünvanlı sosial yardıma müraciət artıq tam elektron şəkildə aparılır və vətəndaşlar bu hüquqdan rahat istifadə edə bilirlər:

“Müraciət və təyinat prosesi elektron sistem üzərindən həyata keçirildiyi üçün vətəndaşlar üçün hər hansı əsas çətinlik yoxdur. Eyni zamanda, proqramın meyarlarının genişləndirilməsi və yeni kriteriyaların əlavə olunması daha çox ailənin sosial yardımdan faydalanmasına imkan yarada bilər. Məsələn, köhnə avtomobili olan vətəndaşların da proqram çərçivəsinə daxil edilməsinin, uşaqların yaş limitinin artırılması məqsədəuyğundur”.

Vüqar Bayramov əlavə edib ki, ünvanlı sosial yardımın elektronlaşması və şəffaflığı müsbət irəliləyişdir:

“Bu şəraitdə meyarların yenilənməsi və proqramın əhatə dairəsinin genişləndirilməsi proqramın səmərəliliyini daha da artıracaq”.

//Gülnarə Abasova, Editor.az

Избранный
73
editor.az

1Источники