RU

İlham Nəzərov: Seçimdə əsas meyarlardan biri müəllimin dərsi necə izah etməsi olub

Bakı, 22 yanvar, Günel Alıyeva, foto Səfiyar Məcnun, AZƏRTAC

Bu gün musiqi məktəblərində çalışan 19 müəllim təltif olunub. Müəllimlərin tədris prosesi zamanı peşəkarlığı, şagirdə münasibəti, ixtisasına uyğun şəkildə dərsi qurması və istifadə etdiyi metodlar ekspert komissiyası tərəfindən diqqətlə qiymətləndirilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Üzeyir Hacıbəyli mükafatı” müsabiqəsinin ekspert komissiyasının üzvü, Əməkdar artist İlham Nəzərov bildirib.

“Seçim zamanı əsas meyarlardan biri müəllimin şagirdlə işləmə tərzi olub. Bəzi namizədlər yaxşı hazırlanmış şagirdlərin hazır ifa videolarını təqdim etsələr də, həmin materiallar müəllimin dərs prosesini, şagirdlə necə çalışdığını tam göstərməyib. Biz müəllimin dərs zamanı hansı yanaşma ilə işlədiyini, hansı metodlardan istifadə etdiyini, hansı nüanslara xüsusi diqqət yetirdiyini videolardan aydın şəkildə görə bilmirdik”, – deyə o vurğulayıb.

Əməkdar artisti bildirib ki, mükafatın hər il mütəmadi keçirilməsi nəzərdə tutulur və növbəti illərdə namizədlərdən təkcə hazır ifaları deyil, məhz dərs prosesini əks etdirən videoların göndərilməsi tələb olunacaq. Tədris zamanı müəllimin dərsi necə izah etməsi, şagirdi hansı üsullarla inkişaf etdirməsi, çətinlikləri necə aradan qaldırması qiymətləndirmə baxımından xüsusi əhəmiyyət daşıyır.

“Hər zaman şagirdin ifası ideal olmaya bilər və bəzən zəif nəticələr də müşahidə olunur. Belə hallarda müəllimin peşəkarlığı daha qabarıq görünür. Məhz müəllimin zəif nəticə göstərən şagirdlə necə işlədiyini, onu necə inkişaf etdirdiyinə diqqət yetirirdik. Hazır ifa videosu isə müəllimin real pedaqoji işini tam əks etdirmir”, – deyə o qeyd edib.

Ekspert həmdə bu sahədə dil bilgisi, əsərlərə düzgün yanaşma və şagird üçün proqram seçiminin xüsusi önəm daşıdığını vurğulayıb: “Bəzən seçilən proqram şagirdin yaşına və hazırlıq səviyyəsinə uyğun olmur, bu isə ifanın keyfiyyətinə təsir göstərir. Pedaqoqun diqqət etməli olduğu bütün məqamlar metodika, repertuar seçimi, yaş və hazırlıq səviyyəsinə uyğunluq, psixoloji yanaşma hər biri kompleks şəkildə nəzərdən keçirilməlidir”.

Избранный
39
azertag.az

1Источники