RU

"Süni intellekt bu ilin sonuna və ya gələn ilin əvvəlində istənilən insandan daha ağıllı ola bilər"

“Texnoloji inkişafın mövcud sürəti nəzərə alınarsa, süni intellektin yaxın 5 il ərzində bütün bəşəriyyətdən daha ağıllı səviyyəyə çatması mümkündür”.

Bu fikirləri “Tesla” və “SpaceX”in rəhbəri İlon Mask Davos İqtisadi Forumunun (WEF) illik toplantısı çərçivəsində təşkil olunan sessiyada deyib.

Gələcəyə nikbin yanaşdığını bildirən Mask bəşəriyyətin bolluq dövrünə doğru irəlilədiyini və tarixin ən maraqlı mərhələsində yaşadığımızı vurğulayıb.

Qocalmanın həll edilə bilən problem olduğunu deyən Mask insan ömrünün uzadılmasının mümkünlüyünü istisna etməyib.

Mask bildirib ki, süni intellektdən istifadənin qarşısındakı ən böyük məhdudiyyət elektrik enerjisidir. Onun sözlərinə görə, süni intellekt çiplərinin istehsalı sürətlə artsa da, qlobal elektrik istehlakı ildə cəmi 3–4 faiz artır:

“Çox güman ki, yaxın vaxtlarda istifadə edə biləcəyimizdən daha çox çip istehsal ediləcək”.

Çinin enerji istehsalındakı sürətli artıma diqqət çəkən Mask xüsusilə günəş enerjisi potensialını yüksək qiymətləndirib. ABŞ-də günəş enerjisinə tətbiq olunan yüksək tariflərin isə bu sahədə xərcləri süni şəkildə artırdığını bildirib.

Günəşi ən böyük enerji mənbəyi adlandıran Mask bir neçə il ərzində “SpaceX” vasitəsilə günəş enerjisi ilə işləyən süni intellekt peyklərinin orbitə buraxılmasının planlaşdırıldığını açıqlayıb.

Mask vurğulayıb ki, texnoloji irəliləyiş fonunda süni intellekt bu ilin sonuna və ya gələn ilin əvvəlində istənilən insandan daha ağıllı ola bilər:

“Böyük ehtimalla, 5 ildən sonra süni intellekt bütün bəşəriyyətdən daha ağıllı olacaq”.

O, hər kəsi gələcəyə nikbinlik və həyəcanla baxmağa çağırıb.

Избранный
24
1
herbiand.az

2Источники