RU

Vahid “doktorluq dərəcəsi”nə keçid nəyi dəyişəcək?

Təhsildə sürətli texnoloji və sosial dəyişikliklər qanunvericiliyin yenilənməsini zəruri edir.

Milli Məclisin üzvü Vasif Qafarov Elm və Təhsil komitəsinin son iclasında bildirib ki, müasir çağırışları, rəqəmsallaşmanı, beynəlxalq inteqrasiyanı və akademik azadlıqları nəzərə alan yeni “Təhsil haqqında” Qanunun hazırlanmasına ehtiyac var: “Beynəlxalq təcrübə göstərir ki, ali təhsil qanunları konseptual olmalı və qlobal çağırışlara operativ cavab verməlidir. Avropa Yüksək Təhsil Məkanında (Boloniya prosesi) bakalavr–magistr–doktorantura üçpilləli modeli qəbul olunub. Doktorantura əsasən vahid akademik dərəcə – PhD – ilə tamamlanır. Elmlər doktoru və fəlsəfə doktoru kimi ikinci dərəcələr əksər inkişaf etmiş ölkələrdə mövcud deyil və daha çox sovet təhsil sisteminin qalığı hesab olunur. Bir sıra postsosialist ölkələri (Polşa, Rumıniya, Ukrayna və s.) bu mərhələni ləğv edərək vahid PhD modelinə keçiblər.

2005-ci ildən Avropa təhsil məkanına qoşulmuş Azərbaycanda 2009-cu ildən üçpilləli ali təhsil sistemi tətbiq edilsə də, doktoranturada hələ də ikimərhələli model (PhD və elmlər doktoru) saxlanılır”.

Bu yanaşmanın beynəlxalq praktikaya uyğun olmadığını və səmərəsiz vaxt itkisinə səbəb olduğunu bildirən deputatın fikrincə, elmlər doktoru dərəcəsinin ləğvi və yalnız PhD səviyyəsində vahid doktorantura modelinə keçid məqsədəuyğundur. O, magistratura pilləsi ilə bağlı da tənqidi mövqe sərgiləyib: “Son onilliklərdə magistr dissertasiyalarının elmə real töhfəsi görünmür və bu mərhələ daha çox formal xarakter daşıyır. Bu səbəbdən magistratura elmi hazırlıq baxımından gücləndirilməli və ya onun funksiyası doktoranturaya hazırlıq mərhələsi kimi yenidən düşünülməlidir. Beynəlxalq təcrübədə magistr dissertasiyalarının əsas məqsədi dərin elmi nəticədən çox, tədqiqat bacarıqlarının formalaşdırılmasıdır”.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli məsələ ilə bağlı XQ-yə bildirdi ki, mövcud ikipilləli sistem — yəni fəlsəfə doktoru və elmlər doktoru bölgüsü — sovet elmi məktəbindən miras qalmış strukturdur. Onun sözlərinə görə, müasir dünya, xüsusilə Boloniya prosesi və Qərb təhsil modeli “PhD” (fəlsəfə doktoru) adlanan vahid elmi dərəcə üzərində qurulub: “Azərbaycanda gənc alim fəlsəfə doktoru dərəcəsini əldə etdikdən sonra növbəti pillə üçün illərini sərf etməli olur. Bu isə alimin ən məhsuldar dövründə enerjisinin elmi yeniliklərə deyil, bürokratik prosedurlara və ikinci bir dissertasiya yükünə yönəlməsinə səbəb olur”.

Ekspertin fikrincə, vahid doktorluq modelinə keçid ilk növbədə beynəlxalq ekvivalentlik problemini aradan qaldırır: “Doktorluq dərəcələri ilə xaricə gedən alimlər çox zaman sadəcə “PhD” kimi tanınır və bu, illərlə çəkilən zəhmətin beynəlxalq miqyasda faktiki olaraq “itməsi” deməkdir. Təklifin əsas məqsədi də məhz bundadır: elmi karyeranı süni şəkildə uzatmamaq, alimin vaxtını daha çox tədqiqata və innovasiyaya yönəltmək”.

QHT sədri vurğulayıb ki, hazırda magistratura pilləsi bir çox hallarda bakalavriatın təkrarı və ya doktoranturaya, sadəcə, “keçid körpüsü” kimi formalaşıb: “Əgər magistratura birbaşa tədqiqat yönümlü hala gətirilsə və doktorantura ilə sıx inteqrasiya edilsə (məsələn, birbaşa doktorantura modelləri tətbiq olunsa), tələbələr bakalavr pilləsindən sonra vahid elmi dərəcəyə fokuslana bilərlər. Bu yanaşma həm vaxt itkisini azaldar, həm də elmi potensialın daha gənc yaşlarda üzə çıxmasına şərait yaradar”.

Təhsil eksperti bildirib ki, bu prosesdə “Təhsil haqqında” və “Elm haqqında” qanunlara köklü dəyişikliklərin edilməsi qaçılmazdır: “Çünki mövcud qanunvericilik bazası təhsil pillələrini və elmi dərəcələri məhz ikipilləli model üzərində təsbit edir. Vahid modelə keçid üçün aşağıdakı addımlar vacibdir: elmi dərəcələrin statusunun yenidən müəyyənləşdirilməsi; Ali Attestasiya Komissiyasının fəaliyyət mexanizminin yeni modelə uyğunlaşdırılması; vahid PhD proqramlarının kurikulumlarının beynəlxalq standartlara (məsələn, 3–4 illik intensiv tədqiqat dövrü) uyğun tənzimlənməsi”.

Ə.Həsənlinin sözlərinə görə, bu təklif Azərbaycan elmi üçün fundamental struktur islahatı xarakteri daşıyır: “Biz elmi dərəcəni titul toplamaq yarışından çıxarıb, real elmi nəticə istehsal edən çevik bir mexanizmə çevirməliyik. Bu dəyişikliklər həyata keçirilərsə, gənc alimlərimizin dünya elminə inteqrasiyası daha sürətli və daha effektiv olacaq”.

Məsələ ilə bağlı XQ-nin sualını cavablandıran Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli bildirdi ki, sözügedən məsələ daha əvvəl də müxtəlif mərhələlərdə və fərqli müzakirə platformalarında gündəmə gətirilib: “Həmkarım tərəfindən səsləndirilən təkliflər mahiyyət etibarilə əvvəlki illərdə “Təhsil haqqında” və “Elm haqqında” qanunların hazırlanması, təkmilləşdirilməsi və parlament müzakirələri zamanı dəfələrlə irəli sürülüb. Ekspert səviyyəsində müzakirə edilib və aidiyyəti dövlət qurumlarının diqqətində olub. Bu yanaşmalar təhsil və elm sahəsində davam edən islahatların məntiqindən irəli gəlir və mövcud qanunvericiliyin çağdaş tələblərə uyğunlaşdırılması baxımından aktualdır”.

E.Mirzəbəylinin sözlərinə görə, təkliflərin yenidən gündəmə gətirilməsi normativ-hüquqi bazanın sistemli şəkildə yenilənməsi, sahədə yaranan yeni çağırışların nəzərə alınması və beynəlxalq təcrübənin tətbiqi baxımından əhəmiyyət daşıyır: “Müvafiq şərait yarandığı təqdirdə bu məsələlər komitə səviyyəsində yenidən müzakirəyə çıxarıla və gələcək qanunvericilik təşəbbüslərində öz əksini tapa bilər”.

Beynəlxalq təcrübə göstərir ki, ali təhsildə əsas diqqət PhD proqramlarının keyfiyyətinə, akademik azadlığa və beynəlxalq tanınmaya yönəlməlidir. Azərbaycanda yeni “Təhsil haqqında” Qanun hazırlanarkən ikimərhələli doktorantura sisteminin aradan qaldırılması, magistratura pilləsinin məzmununun gücləndirilməsi, universitet muxtariyyəti və beynəlxalq akkreditasiya mexanizmlərinin genişləndirilməsi prioritet istiqamətlər kimi nəzərdən keçirilməlidir. Bu yanaşma milli təhsil sisteminin rəqabət qabiliyyətini və qlobal tanınmasını artıracaq.

Tacir SADIQOV
XQ

Избранный
26
xalqqazeti.az

1Источники