RU

Mehman Cavadoğlu: Qəzetçilik yavaş-yavaş tarixə qovuşur, bizim təşvişimiz “kağız nəsli” olmağımızla bağlıdır - MÜSAHİBƏ

Tanınmış jurnalist, publisist Mehman Cavadoğlunun APA-ya müsahibəsi

Votsapda göndərilən məkan bizi asanlıqla Badamdardakı ünvana çatdırır. Bloku, mənzili axtarıb tapmaq lazımdır. Hardasa 27-28 il öncəni xatırlamağa çalışıram, o zaman olduğum məhəllə çox dəyişib, nə qədər yeni bina var. Zəng edirəm. “Bir az qabağa gəlin, çıxıram”, deyir. Az keçmir blokun qarşısından səsləyir. 20 ilə yaxındır görmədiyim tanınmış qəzetçi, jurnalist, publisist, tərcüməçi Mehman Cavadoğlu qarşımızda dayanıb. Dillənməsə, tanımazdım. Bircə səsi, bir də təbəssümü dəyişməyib.

Mənzilin qapısını açıb içəri dəvət edir. Xəyalən 90-cı illərin sonlarına boylanıram - xəstələnib yatağa düşəndə kollektiv halda ona evində baş çəkməyimiz, mərhum həyat yoldaşı Lətifə xanımın bizi qarşılamağı, hay-küylə otağa daxil olmağımız...

Elə o zamandan podaqra adlı mərəzdən əziyyət çəkən Mehman Cavadoğlu indi daha şiddətli ağrılarla mübarizə aparır, xəstəlik zahirən çox dəyişib onu. Çətinliklə yeriyir. Ağrıdan çəkdiyi əzabı nə qədər gizləməyə çalışsa da, hiss olunur...

Səliqəli balaca otağa daxil olanda bizi divardakı böyük rəsmi “qarşılayır”. “İndisinə bənzəri yoxdur, amma kim çəkibsə, cizgilərinə kimi yaradıb”, deyirəm ürəyimdə.

Uzun zamandır səssizliyə çəkilən müsahibimizin ötən ay 70 yaşı tamam olub. Bu söhbəti elə dekabr ayında – 70 illiyi ərəfəsində etmək istəsək də, səhhəti imkan vermədi. “Babat olan kimi görüşərik” dedi və vədinə əməl elədi...

- Mehman müəllim, dekabrda 70 illik yubileyiniz oldu. 70 yaşı təsəvvür eləyirdiniz?

- Demək olar ki, yox. Heç vaxt ağlıma gəlməzdi ki, mən 70 yaşa çatacam və yaxud 70 yaşlı insan necə olur. O uzaqdan, uzaq illərdən baxanda çox əlçatmaz görünür, sonra görürsən ki, yox, elə adi günlərdən biridir, elə belə də olmalıymış. Sadəcə, yaşlandıqca əvvəlki həvəs, əvvəlki həyat eşqi azalır, necə deyərlər, sönməyə doğru gedir. Və başlayırsan xatirələrlə yaşamağa. İnsan gəncliyində daha çox arzularla, qocalığındasa xatirələrlə yaşayır. Yaşadığı günlərin dadınısa yalnız uşaqlıq illərində və cavanlığında çıxarır.

Xatirənin yaxşısı, pisi yoxdur, hamısı şirindir

- 70 yaşda ən çox hansı xatirələr yada düşür?

- Həmişə deyillər ha xatirələr şirindir, bu fikirdə böyük həqiqət var. Yaşlaşandan sonra insanın yaddaşında ilişib qalan nə varsa, hamısı şirinləşir - pis günlər də, yaşadığın acılar da... Halbuki bu acıları yaşayarkən hər şeydən, həyatdan da, özündən də, ətrafından da bezirdin. Ona görə də xatirənin yaxşısı, pisi yoxdur, hamısı şirindir. Həyatın özü kimi. Pis günlər olmasa, yaxşı günlərin də qədir-qiyməti bilinməz.

Çətinliklə oturduğu hiss olunur, amma gizlətməyə, qamətini tarazlamağa çalışır. Divardakı portret fotoqrafımız İlkinin də diqqətindən yayınmır, kadra alır.

- Cavanlığınızı kim çəkib?

- Rəhmətlik Vidadi Həmidli. Dostum, qohumum, əqidə yoldaşım. Əzim Əzimzadə adına rəssamlıq texnikumunun məzunu...

- İlk yazınız yadınızdadır yəqin, necə xatırlıyırsınız?

- İlk yazılarım, orta məktəbin divar qəzetində çıxıb. Sonra BDU-nun jurnalistika fakültəsində oxuyanda. Fakültənin “Jurnalist” adlı tədris qəzeti çıxırdı, orada ara-sıra yazılarımız dərc olunurdu. Bu yaxınlarda Naxçıvanda yaşayan tələbə yoldaşım Hüseyn həmin qəzetdə çıxan bir yazımı arxivindən tapıb göndərmişdi mənə. (Telefonun yaddaşından dostunun çəkib göndərdiyi fotonu – həmin məqaləni tapıb göstərir)

Sanki duyubmuş ki, bu günlərdə mənə belə bir sual veriləcək. “Dad yarımçıq əlindən” adlı satirik qeydlər, felyeton idi.

- Dövri mətbuatda nə vaxtdan dərc olundunuz?

- Tələbə vaxtı müəyyən qəzetlərdə yazılarım çıxırdı, “Azərbaycan gəncləri” və daha bir neçə qəzetdə yazılarım dərc olunmuşdu. O vaxt yazı çap etdirmək çox çətin məsələ idi. İndiki kimi deyildi. Birincisi, qəzet-jurnal az idi, indiki kimi ölkəni başına götürməmişdi, ikincisi, onlara çıxış imkanları çox məhdud idi. Jurnalistika fakültəsinin hər hansı tələbəsinin haradasa balaca bir yazısı gedəndə toy-bayram olurdu.

- İlk iş yeriniz “Azərbaycan gəncləri” oldu?

- Yox, “Azərbaycan gəncləri” qəzetində işləməmişəm. İlk iş yerim “Sovet kəndi” qəzeti olub.

- Həmin qəzet yardımdadır, bizə evə gəlirdi, atam abunə idi. Nəsə yadımda maraqlı qəzet kimi qalıb…

- Hə, institutu qurtarandan sonra ilk dəfə o qəzetdə işləmişəm. Əvvəl müxbir, sonra şöbə müdiri olmuşam. Oradan Ali Partiya Məktəbinə ikinci təhsilə getdim. Sonra 20 Yanvar hadisələrində partiya biletini cırdım, partiya üzvlüyündən çıxdım. Rektorun yenidən partiyaya bərpa olub məktəbə qayıtmaqla bağlı israrlı təklifini qəbul etmədim. Məktəbi qurtarmağa 6 ay qalmış ordan yarımçıq çıxdım.

- O dövrdə vəzifə tutmaq istəyən, yaxud vəzifədə irəliləmək istəyənlər üçün Ali Partiya Məktəbində oxumaq tələbi vardı deyəsən…

- Oranı qurtaranların guya üstünlüyü var idi. Əslində isə çox şeyi proteksiya və rüşvət həll eləyirdi. Əvvəlcə pioner, sonra komsomol olurdun. Bunları hamı keçirdi. Amma hamı Kommunist Partiyasının üzvü ola bilmirdi, müəyyən seçimlər gedirdi. Dövlət işlərində, hətta mətbuat orqanlarında da vəzifələrə partiyanın üzvü olanlar keçə bilərdi. Ali partiya məktəbi də kadrlar hazırlayırdı. O vaxt MK-nin ikinci katib vardı, Konovalov, həmin məktəbə gedənləri son mərhələdə o qəbul eləyirdi. Sorğu-sual vaxtı milli məsələlərə toxundum deyə, söhbətimiz alınmamışdı. Başqa vaxt olsaydı, məni nəinki məktəbə qəbul eləməzdilər, hətta cəzalandırardılar.

Fəxri xiyabanda Şıxəli Qurbanovun məzarı önündə aksiya keçirmişdik

- Deyəsən, elə gəncliyinizdən millətçi olmusunuz.

- Universitet illərindən. 1974-cü ildə Novruz bayramı münasibəti ilə ilk dəfə bu bayramın rəsmi şəkildə qeyd edilməsinin təşəbbüskarı olan mərhum Şıxəli Qurbanovun Fəxri xiyabandakı məzarı önündə aksiya keçirmişdik. Təxminən 50-60 nəfər idik. İndiki gəncliyə qəribə gələr. Bu, elə bir dövr idi ki, mətbuatda “Novruz” kəlməsinin işlədilməsi belə qadağan idi.

- Xalq hərəkatına nə zaman qoşulmuşdunuz?

- Lap əvvəldən hərəkatda iştirak etmişəm. Xalq Cəbhəsinin ilk bülleteninin, “FV/ÇP” qəzetinin hazırlanmasında rəhmətlik Ağamalı Sadiq Əfəndi ilə birlikdə çalışmışıq. Partiya məktəbində isə Eldar Sabiroğlu və Fəxrəddin Abbasla birlikdə Xalq Cəbhəsinin özəyini yaratmışdıq. Ali Partiya məktəbində partiya əleyhinə mitinqlər keçirirdik. Ora da milli ruh gətirdik. Sözügedən məktəb Zaqafqaziya regionunu əhatə edirdi, orada həm Gürcüstandan, həm də Ermənistandan tələbələr təhsil alırdı.

20 Yanvar hadisələri ərəfəsində vəziyyət daha da gərginləşdi. Erməni tələbələr artıq məktəbi tərk edib öz respublikalarına getmişdilər, gürcü tələbələr isə qalırdı. Həmin dövrdə keçirilən mitinqlərin birində çox sərt qətnamə layihəsi hazırlamışdıq. Məktəbin partiya təşkilatının da hökumətin rəsmi mövqeyi ilə üst-üstə düşən alternativ layihəsi var idi. Layihələr səsə qoyuldu və bizim sənəd qəbul olundu. Bilirsən niyə? Gürcülərin hesabına. Onların, demək olar ki, hamısı bizim hazırladığımız və Xalq Cəbhəsinin mövqeyini əks etdirən qətnamə layihəsinə səs verdilər. Özümüzünkülərdən isə çox az sayda adam bizim varianta səs vermişdi.

Bakıda zirzəmidə kustar üsulla nəşr edilən qəzetin arxasında gah Tiflisdə, gah da Dərbənddə çap olunduğunu yazırdıq

- “FV/ÇP” qəzeti nə zamandan çıxmağa başladı?

- 20 Yanvar hadisələrindən dərhal sonra. Ağır günlər idi. Bakıda hərbi vəziyyət elan olunmuşdu, bütün mətbuat orqanları, demək olar ki, bağlanmışdı. AzTV-nin enerji blokunu da partlatmışdılar. Bir sözlə, ölkə tam şəkildə həm hərbi, həm də informasiya blokadasında boğulurdu. “FV/ÇP” belə bir vaxtda çıxmağa başladı. Ağamalı bəyin evində hazırlanır, Çapayev küçəsindəki (indiki Təbriz küçəsi) bir zirzəmidə kustar üsulla nəşr edilirdi. Arxasında isə gah Tiflisdə, gah da Dərbənddə çap olunduğunu yazırdıq. Yayımı nəşrindən də çətin idi. Bütün şəhər rus hərbçilərinin nəzarəti altındaydı. Amma rəhmətlik İbrahim (hamı onu İbiş kimi tanıyırdı) və komandası bunun öhdəsindən layiqincə gəlirdi. Metro stansiyalarında, küçələrdə satılırdı. Dəryada damlaydı. Buna baxmayaraq, milli müqavimətin, milli ruhun ölməzliyinin simvolu kimi çox qiymətliydi.

- Bu vəziyyət nə qədər davam elədi?

- 90-cı ilin ortalarına kimi. İyul ayında Hüquqşünaslar İttifaqının orqanı kimi “Ədalət” qəzeti nəşrə başladı. Dostlarım Adil Minbaşı və Aqil Abbasla birlikdə bu qəzetin yaradılmasında iştirak etmişəm. Həmin ilin oktyabrında isə Ağamalı bəylə birlikdə “Müxalifət” qəzetini buraxmağa başladıq. Bu qəzet parlamentdəki “Demblok”un orqanı idi.

Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra isə Ali Sovetin orqanı olan “Həyat” qəzetinin baş redaktoru oldum. Bir neçə aydan sonra qəzetin adını dəyişib “Azərbaycan” qoyduq. Bilirsiniz, “Azərbaycan” qəzeti 1918-1920-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyətinin rəsmi orqanı olub.

80-ci illərin sonlarından başlayaraq Sabir Rüstəmxanlının baş reaktorluğu ilə Qarabağa Xalq Yardımı Komitəsinin orqanı olan “Azərbaycan” adlı qəzet çıxırdı. Təbii ki, “Azərbaycan” adlı iki qəzet ola bilməzdi. Bərpa prosesində Sabir Rüstəmxanlı artıq qəzetdən getmişdi, Mətbuat Komitəsinin sədri işləyirdi. Biz qəzetin o zamankı rəhbərliyi ilə danışdıq, onlar da prosesi müsbət qarşıladı. Həmin qəzetin adı dəyişdi - “Qarabağ” adı ilə çıxmağa başladı. O kollektivdən əməkdaşların bir qismi isə bizə qoşuldu...

Yaddaşım məni aldatmırsa, həmin vaxt - 1918-1920-ci illərdə qəzetin 443 nömrəsi çıxmışdı. Odur ki, biz yeni “Azərbaycan”ı 444-cü nömrəylə nəşr etməyə başladıq. Yəni, 73 ildən sonra həmin qəzetin fəaliyyətini bərpa etdik.

- Sizin rəhbərliyinizlə nə qədər davam elədi?

- Bir il. Xalq Cəbhəsi hakimiyyətdən gedəndən sonra 1993-cü ilin iyununda mən də istefa verdim.

- Özünüzlə xeyli gəncləri də aparmışdınız o qəzetə. Həmin gənclərdən kimlər daha çox yadınızda qalıb?

- Xeyli gənc, tələbə aparmışdım. Gəlsənə ad çəkmədən keçinək. Yaşlaşmışam, kimlərinsə adını unudaram, yaxşı çıxmaz.

- Rəhmətlik Səbuhi Məmmədli deyirdi ki, o da qəzetə həmin müraciətin iziylə gedib.

- Hə. Birinci, yaxud ikinci kursda oxuyurdu. Maraqlı bir yazıyla gəlmişdi. Elə tələbəykən qəzetin əməkdaşı oldu. Arabir “Azərbaycan” qəzetində də dərc olunurdu. Sonra Yusif “Respublika” qəzetinə getdi, unutmuşam, həmin vaxtmı, bir az sonramı Səbuhi də “525-ci qəzet”də baş redaktor oldu. Tələbə redaktor, özü də ölkənin ən tirajlı qəzetlərindən birinin redaktoru...

- “525-ci qəzet” də o zaman yaranıb, orada da fəaliyyətiniz oldu?

- “525-ci qəzet”in də yaradılmasına, sonra isə müəyyən dövrdə nəşrinə köməkliyim olub. “Azərbaycan” qəzetində baş redaktorun birinci müavini olan Rəşad Məcidin təsisçiliyi ilə açılmış həmin qəzetə ilk aylarda “Azərbaycan”ın redaksiyasında bir neçə otaq verdim, yerləri yox idi. Arif Hacılının da o qəzetin yaranmasında mühüm rolu olmuşdu. Səhv etmirəmsə, qəzetin ilk nömrəsində gənclərə qəzetlə əməkdaşlıq etmələri üçün müraciət edildi. Az keçməmiş qəzetə xeyli istedadlı gənc gəldi və başqa bir istedadlı gəncin - Yusif Rzayevin rəhbərliyi ilə çox maraqlı bir qəzet yarandı.

Heç kimə minnət qoymaq lazım deyil, hər kəs öz istedadının bəhrəsini görür

- "Mehman Cavadoğlu məktəbi" deyirdilər, elə indi də deyirlər. Bir xeyli jurnalist, yazar Sizi özünün ustadı, müəllimi sayır...

- (Gülümsəyir) Deyirlər, sağ olsunlar. Mən bilmirəm. Kim deyirsə, sağ olsun. Bəzən kimsə deyir ki, sağ olun, sizin rəhbərliyiniz altında bunu öyrəndik. Mən burada qeyri-adi bir missiya görmürəm. Lazım olanı etmişəm. O şey ki, borcum idi, vəzifəm idi, onu etmişəm. Buna görə heç kimə minnət-zad qoymaq lazım deyil. Kənardan nə qədər dəstək və kömək olsa da, bütövlükdə hər kəs öz istedadının bəhrəsini görür. Quyuya su tökməklə quyu sulu olmaz ki! Mənim yanımda işləyənlərin hamısı yaxşı jurnalist olmadı ki?!

- Siz ilk dəfə yazımı oxuyanda xeyli həyəcanlanmışdım. Yazını demək olar ki, təzədən yazdınız, qorxdum deyəcəksiniz ki, yaza bilmirsən, amma dediniz ki, yaxşıdır, gələn dəfə daha yaxşı olacaq. Yəni gənclərə ruh verməyi, dəstək olmağı hər kəs bacarmır...

Избранный
112
10
aznews.az

10Источники