RU

"İmişli" "Araz-Naxçıvan"ı, "Neftçi" "Zirə"ni qəbul edir - YENİLƏNİR

Misli premyer-liqasında 31 gün davam edən fasilə, nəhayət, bu gün başa çatır.

Bizi mövsümün ikinci yarısında həddən artıq gərgin, rəqabətli və maraqlı oyunların gözlədiyinə şübhə yoxdu. Çünki istər avrokuboklara vəsiqə, istərsə də premyer-liqada qalmaq uğrunda mübarizə aparan komandalar arasında ciddi xal fərqi yoxdu.

Misli premyer-liqası
2-ci dövrə, 17-ci tur
23 yanvar
İmişli – Araz-Naxçıvan

“İmişli” bu rəqiblə ilk dəfə qarşılaşacaq.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev.
VAR hakimi: Elçin Məsiyev.
VAR hakiminin köməkçisi: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Quba, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.30.

İlin ilk matçı Qubada keçiriləcək. “Araz-Naxçıvan”ı qəbul edən “İmişli”nin xal ehtiyatını bir qədər də artırmaq istəyəcəyinə şübhə yoxdu. İş ondadı ki, Aran təmsilçisinin hansı səviyyədə təlim-məşq toplanışı keçirdiyindən xəbərdar deyilik. Yalnız aşağı liqa təmsilçiləriylə qarşılaşan komandanın “qırmızı-ağlar” kimi iddialı rəqiblə mübarizədə nə ilə yadda qalacağı sual altındadı. Naxçıvanlılar isə yeni baş məşqçi Andrey Demçenkonun debütünü qələbə ilə bəzəməyə çalışacaq.

Neftçi – Zirə
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 19:+9=6-4, 29:19.
2015/16 – 1:1, 0:0; 2016/17 – 0:1, 1:2; 2017/18 – 1:2, 1:1; 2018/19 – 2:2, 4:2; 2019/20 – 3:0; 2020/21 – 0:0, 4:0; 2021/22 – 2:1, 1:1; 2022/23 – 2:1, 1:0; 2023/24 – 1:0, 1:0; 2024/25 – 2:1, 2:4.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: FƏRİD HACIYEV, Cəmil Quliyev, Asiman Əzizli, Kamran Əliyev.
VAR hakimi: Rauf Cabbarov.
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı, “Palms Sports Arena”. Saat 19.00.

Mövsümün ilk yarısını böyük ölçüdə boşa verən “Neftçi” qalan vaxtda bəxtini daha inadkarcasına sınamaladı. “Ağ-qaralar” mütləq qələbələr qazanmalıdı ki, yuxarı sırada olan rəqiblərlə aradakı xal fərqini aradan qaldırsın. Ancaq rəqibin “Zirə” olması bu işi xeyli çətinləşdirəcək. Çünki “qartallar” “futbol ili”ni azı 3-cü sırada bitirmək hədəfindən əl çəkmək niyyətində deyil.

Bu komandalar indiyə qədər 39 dəfə qarşılaşıb. Bunların 14-də “Neftçi”, 15-də “Zirə” qələbə qazanıb, 10-da qalib müəyyənləşməyib. Topların nisbətində “ağ-qaralar” öndədi – 46:43.

24 yanvar
Şamaxı – Qəbələ

“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 29:+12=9-8, 43:29.
2006/07 - 2:0; 2007/08 - 4:0; 2008/09 - 1:1; 2009/10 - 3:2, 4:1; 2010/11 - 0:0; 2011/12 - 1:1, 2:1; 2012/13 - 2:1, 1:0; 2013/14 - 0:1, 0:0; 2014/15 - 4:0, 1:2; 2015/16 - 2:1, 0:1; 2016/17 - 1:1, 0:2; 2017/18 - 1:1, 1:1; 2018/19 - 1:2, 1:2; 2019/20 - 2:1; 2020/21 - 3:1, 3:1; 2021/22 - 2:3, 0:1; 2022/23 – 1:1, 0:0.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov.
VAR hakimi: Kamranbəy Rəhimov.
VAR hakiminin köməkçisi: Müslüm Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı, şəhər stadionu. Saat 14.00.

Premyer-liqada qalmaq uğrunda döyüşənlərin dueli baxımlı oyunla əlamətdar olacaq. Hər halda, bu komandalar əvvəlki turlarda yaxşı oyun göstərə bilib. Bununla belə, “şirlər” mövsümlük hədəfə daha yaxındı. Bu səbəbdən komandanın daha inamlı görünəcəyinə şübhə yoxdu. “Qəbələ” isə ilə üç qələbə ilə başlayıb. Bölgə təmsilçisi həmin iradə əzmini qoruyub-saxlaya bilibsə, rəqibinə çətin anlar yaşadacağını proqnozlaşdırmaq olar.

Komandalar indiyə qədər 60 dəfə üz-üzə gəlib. Bunların 20-də “Şamaxı”, 19-da “Qəbələ” qalib gəlib, 21-də “sülh” qeydə alınıb. Topların nisbətində “şirlər” öndədi – 75:64.

Qarabağ – Kəpəz
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 32:+23=6-4, 63:19.
1992/93 – 0:0; 1993/94 – 1:1; 1994/95 – 0:2; 1995/96 – 3:0, 1:2; 1996/97 – 1:0; 1997/98 – 0:0; 1998/99 – 2:1, 0:2; 1999/00 – 2:1; 2000/01 – 2:1; 2001/02 – 3:2; 2003/04 – 4:0; 2004/05 – 1:1; 2005/06 – 0:0; 2006/07 – 3:0; 2010/11 – 3:0; 2011/12 – 1:0; 2012/13 – 3:1; 2015/16 – 3:0, 4:0; 2016/17 – 1:0, 2:1; 2017/18 – 2:0, 1:0; 2022/23 – 3:1, 3:1; 2023/24 – 1:1, 7:1; 2024/25 - 3:0, 3:0; 2025/26 – 1:0.
“Futbol+”in proqnozu: 70-20-10.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Kamran Bayramov, Gülnurə Əkbərzadə, Elvin Bayramov.
VAR hakimi: Rəvan Həmzəzadə.
VAR hakiminin köməkçisi: Pərvin Talıbov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı, “Azərsun Arena”. Saat 16.30.

Heç şübhəsiz, “Ayntraxt”la matçda xeyli güc sərf edən “Qarabağ” “Kəpəz”in önünə aparıcı oyunçularıyla çıxmayacaq. O başqa məsələ ki, “köhlən atlar”ın ehtiyat oyunçular skamyasındakı futbolçular da “sarı-göylər”in üzvlərindən keyfiyyət baxımdan yaxşı mənada fərqlənir. Belədə gəncəlilər üçün hansısa xal ümidindən danışmaq yersizdi. Üstəlik Ağdam təmsilçisi “Sabah”la liderlik yarışındadı. Deməli, meydan sahibləri qonaqlara rəhm etmək barədə düşünməyəcək.

Komandalar indiyə qədər 62 dəfə qarşılaşıb. Bu görüşlərin 36-da “köhlən atlar”, 14-də “sarı-göylər” qələbə qazanıb, 12 oyun heç-heçə bitib. Topların nisbətində “Qarabağ” öndədi – 103:61.

25 yanvar
Turan Tovuz – Sumqayıt

“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 6:+2=1-3, 8:11.
2022/23 – 1:0, 2:3; 2023/24 – 2:2, 1:4; 2024/25 – 1:0, 1:2.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: KAMAL UMUDLU, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev.
VAR hakimi: Cavid Cəlilov.
VAR hakiminin köməkçisi: Zöhrab Abbasov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 16.00.

Antalyada keçirdiyi qış təlim-məşq toplanışını az qala boşa verən “Turan Tovuz” həm də ev oyununu Sumqayıtda keçirməyə məcburdu. Özü də bu oyuna giriş sərbəstdi. Əlbəttə, belədə tribunalarda yerli azarkeşlərin daha çox olacağına şübhə yoxdu. Kəsəsi, hələ bütün məqamlar “bozqurd”un əleyhinədi. Qalan məsələlərə isə meydanda aydınlıq gələcək.

Komandalar indiyə qədər 13 dəfə üz-üzə gəlib. Bunların 5-də “Turan Tovuz”, 4-də “Sumqayıt” qələbə qazanıb, 4-də “sülh” qeydə alınıb. Topların nisbətində “bozqurd” öndədi – 17:15.

Sabah – Karvan-Yevlax
“Sabah” bu rəqiblə ilk dəfə qarşılaşacaq.
“Futbol+”in proqnozu: 70-20-10.
Hakimlər: RAUF CABBAROV, Elşad Abdullayev, Müslüm Əliyev, Tural Qurbanov.
VAR hakimi: Əli Əliyev.
VAR hakiminin köməkçisi: Şirməmməd Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı, “Bank Respublika Arena”. Saat 18.30.

“Sabah” meydana, təbii ki, qələbə qazanmaq üçün çıxacaq. Lider autsayderə uduzmağı ağlına belə gətirmir. Başqa cür də ola bilməz. Ona görə ki, Masazır təmsilçisi çempionluq uğrunda mübarizədə güclü görünmək istəyirsə, birinci sırandakı yerini göz bəbəyi kimi qorumalıdı. “Karvan-Yevlax” isə premyer-liqanı tərk etməyə ən real namizəddi. Komanda nə faydalı yoxlama oyunları keçirdi, nə də iddialı futbolçu transfer etdi. Odu ki, bu matçın qalibini təxmin etmək su içmək qədər asandı. Təbii ki, möcüzə baş verməsə...

1. Sabah 16 11 4 1 29-9 37
2. Qarabağ 16 11 3 2 32-10 36
3. Zirə 16 7 7 2 23-15 28
4. Turan Tovuz 15 8 3 4 19-12 27
5. Sumqayıt 16 8 3 5 26-21 27
6. Araz-Naxçıvan 16 7 5 4 25-25 26
7. Şamaxı 16 5 5 6 18-18 20
8. Neftçi 16 4 8 4 20-17 20
9. İmişli 16 4 5 7 14-19 17
10. Kəpəz 16 3 0 13 11-39 9
11. Qəbələ 15 2 2 11 11-21 8
12. Karvan-Yevlax 16 1 3 12 12-34 6

Bombardir: Coy-Lens Mikels (Sabah) – 9.

Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// Cari mövsümə təsadüf edən yeganə dueldə Naxçıvan təmsilçisi qələbə qazanıb. Premyer-liqanın debütantı qol vurmayıb.
// “Zirə” son 6 oyunu qolsuz tərk etməyib. Son 4 matçda üç və ya daha çox top vurulub.
// “Qarabağ” 37 oyundu uduzmur. “Kəpəz” son 5 matçda qol vurmayıb.
// “Şamaxı” son 4 ev oyununda qələbə qazanmayıb. “Qəbələ” son iki matçda qol vurmayıb.
// “Turan Tovuz” son 6 qarşılaşmada qol vurub. Son 4 görüşdə qonaq olan komanda qalib gəlib.
// Yeganə qarşılaşma 1-ci dövrəyə təsadüf edib. “Sabah” “quru” hesablı səfər qələbəsi (2:0) qazanıb.

KƏNAN BAHADIR

Избранный
29
1
football-plus.az

2Источники