RU

Azərbaycan sülhün iqtisadi dayaqlarını fəal surətdə formalaşdırır



Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolu getdikcə daha da artır. Bunun əyani nümunələrini Prezident İlham Əliyevin Azərbaycanla Ermənistan arasında sülh münasibətlərinin formalaşmasında müstəsna roluna görə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şeyx Zayed Fondu tərəfindən təsis edilən “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsində və eyni zamanda, Azərbaycanın təsisçi dövlətlərdən biri olaraq Dünya Sülh Şurasına dəvət edilməsində görə bilərik. Hər iki hadisə Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl və fəal sülhpərvər siyasətindən, onun sülh quruculuğunda xidmətləri və regional sabitliyin təmin olunmasına verdiyi töhfələrdən qaynaqlanır.

Prezident İlham Əliyevin nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi istər 30 ilə yaxın davam edən keçmiş Qarabağ münaqişəsi dövründə, istərsə də münaqişədən sonrakı son 5 il ərzində Azərbaycan liderinin davamlı sülh təşəbbüsləri və konstruktiv əməkdaşlığa çağırışlarına verilən qiymətin nəticəsidir. Dövlətimizi başçısınının postmünaqişə dövründə bölgədə davamlı sülhün bərqərar olunması üçün nümayiş etdirdiyi siyasi iradə birmənalı olaraq beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın regional təhlükəsizlik və əməkdaşlıq məsələlərində sabitləşdirici və təşəbbüskar dövlət kimi çıxış etməsi heç kimə sirr deyil.

Rəsmi Bakı sülhün təşviqi və Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması, regional kommunikasiyaların açılması istiqamətində real nəticələrə əsaslanan ardıcıl diplomatik xətt və prinsipial mövqe nümayiş etdirir. Azərbaycan dövlətinin seçdiyi sülh, dialoq və əməkdaşlıq xətti bütövlükdə Cənubi Qafqazın sülh və sabitlik məkanına çevrilməsində həlledici rol oynayır. Bu mənada, dövlətimizin başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu beynəlxalq ödülə layiq görülməsi Azərbaycanın sülh və sabitliyə töhfəsinə verilən yüksək dəyərin göstəricisidir. Bu mükafat bir daha sübut edir ki, İlham Əliyev real sülhyaratma missiyasının aparıcı simasıdır və Azərbaycanın sülh strategiyası qlobal miqyasda qəbul olunur. Hərb yoluyla tarixi ədaləti bərpa edən qalib lider sülhün də əsas təşəbbüskarı kimi çıxış edir.

Ölkəmizin Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunması isə təkcə Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq müstəvisinə keçməsində deyil, həmçinin planetdə sülhün inkişafında ölkəmizin rolunun təsdiqi kimi qiymətləndirilməlidir. Azərbaycan və ABŞ-ın regional sülh və təhlükəsizliyin təmin olunmasında birgə əməkdaşlığı sonda ölkəmizin Sülh Şurasına təsisçi üzv kimi dəvət olunması ilə nəticələndi. Azərbaycanın bu Şuraya dəvət olunması həm də onunla əlaqədardır ki, biz son 80 il ərzində (İkinci Dünya müharibəsindən sonrakı dövrdə) öz ərazi bütövlüyünü tam bərpa edərək münaqişəyə son qoyan və regiona qalıcı sülh gətirən yeganə dövlətik. İstər Yaxın Şərqdə sülhün bərqərar olunması, istərsə də digər qlobal münaqişələrin həllinə töhfə verməsi baxımından ABŞ Prezidentinin təşəbbüsü ilə yaradılmış Sülh Şurası üçün Azərbaycanın sülh təcrübəsi olduqca əhəmiyyətlidir.

Yeri gəlmişkən, ötən ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin təşviqi üzrə razılığa gəlinməsinin tarixi əhəmiyyəti Prezident İlham Əliyevin Davosda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşündə də vurğulandı. ABŞ lideri bu prosesdə həqiqətən də çox önəmli rol oynayıb. Məhz Vaşinqton razılaşmalarından sonra Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində nəticəyönümlü addımlar atılıb. Artıq regionda sülhün mövcud olduğunu ABŞ liderinin diqqətinə çatdıran Prezident İlham Əliyev bunun iki ölkə arasında ticarət münasibətlərinin yaranmasında da özünü göstərdiyini bildirdi və bu xüsusda, Azərbaycandan Ermənistana neft məhsullarının ixrac edilməsinə başlanıldığını, habelə digər ölkələrdən göndərilən taxılın ölkəmiz vasitəsilə Ermənistana çatdırıldığını vurğuladı. Dövlətimizin başçısı həmçinin Zəngəzur dəhlizinin, o cümlədən TRIPP layihəsinin regional bağlantılar baxımından mühüm rol oynadığını qeyd etdi. Bütün bunlar sülh və normallaşma prosesinin real nəticələridir. Azərbaycan sülhün iqtisadi dayaqlarını fəal surətdə formalaşdırır və bu istiqamətdə həm ABŞ-la, həm də dünya birliyi ilə yaxından əməkdaşlığı davam etdirir.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Избранный
26
1
newscenter.az

2Источники