RU

Davos diplomatiyası yeni dünya düzənində Azərbaycanın yerini nümayiş etdirdi - Ekspert rəyi

Bakı, 23 yanvar, AZƏRTAC

Prezidenti İlham Əliyevin Davosda yanvarın 20–22-də Ümumdünya İqtisadi Forumu çərçivəsində keçirdiyi yüksəksəviyyəli görüşlər ölkəmizin regional və qlobal siyasətdə artan rolunu nümayiş etdirdi. Dövlətimizin başçısının ABŞ, Avropa İttifaqı və İsrail liderləri ilə birbaşa təmasları, eləcə də “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak etməsi Azərbaycanın etibarlı tərəfdaş kimi güclü mövqeyini göstərdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüşü xüsusi əhəmiyyət daşıyır. Donald Trampın yenidən prezident seçilməsi ilə dinamik hal alan Azərbaycan–ABŞ münasibətləri 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan–Ermənistan sülh gündəliyinin imzalanmasından sonra xüsusilə intensivləşib. Davos görüşü Azərbaycanla ABŞ arasında strateji etimadın yüksəldiyini bir daha təsdiqlədi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Cənubi Qafqazda sülh prosesinin qurulmasında Donald Trampın rolunu xüsusilə vurğulayır. Qarşılığı olaraq, ABŞ prezidenti Azərbaycanın qlobal proseslərdə rolunun artamasını dəstəkləyir. Prezident Donald Trampın təşəbbüsü ilə qurulan “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması mərasimində Prezident İlham Əliyevin iştirak etməsi Azərbaycan–ABŞ strateji tərəfdaşlığının yeni mərhələyə keçdiyini təsdiqləyir.

“Prezident İlham Əliyevin Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos ilə görüşməsi isə deməyə əsas yaradır ki, Azərbaycanın Avropa ilə tərəfdaşlığı da praqmatikdir və ciddi nəticələr verir. Yekun olaraq deyə bilərik ki, Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlər Azərbaycanın yeni dünya düzənində mühüm aktor kimi qəbul edildiyini təsdiqləyir. Bu diplomatik aktivlik ölkəmizin təhlükəsizlik, iqtisadi inkişaf və beynəlxalq nüfuz baxımından uzunmüddətli maraqlarına xidmət edir”, - deyə M. Ələsgərli vurğulayıb.

Избранный
28
azertag.az

1Источники