İran xalqının mübarizəsi təkcə özü üçün deyil, həm də dünyanı terrorçu rejimdən xilas etmək üçündür.
Milli.Az Teleqraf-a istinadla xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi "Foks Nyus"a deyib.
Onun sözlərinə görə, güc balansını xalqın xeyrinə dəyişməyin yeganə yolu rejimin repressiya alətlərini zərərsizləşdirməkdir:
"Bu, ABŞ Prezidenti Donald Trampın rejimin İran xalqına qarşı zorakılıq tətbiq etməsinin nəticələri ilə bağlı son xəbərdarlıqları çərçivəsində mümkündür. Bu rejimin dediyi sözlərin bir kəlməsinə belə inanmaq olmaz. Onlar aciz halda sadəcə vaxt udmağa çalışırlar".
Pəhləvi Tramp administrasiyasının İranla mümkün danışıqları ehtimalı barədə qeyd edib:
"Donald Tramp dediyini yerinə yetirən və sülh tərəfdarı olan adam olduğunu sübut edib. O bilir ki, insan həyatını qorumağın ən yaxşı yolu bu qədər insanın ölümünə səbəb olmuş repressiya alətlərini aradan qaldırmaqdır. Hamımız bilirik ki, radikalizm, terrorizm, nüvə təhdidi və bu rejimin dünyaya zorla qəbul etdirdiyi bütün böhranlara son qoymağın ən yaxşı yolu bu hakimiyyətin bir zərbə ilə aradan qaldırılmasıdır."
O əlavə edib ki, hələ də meydanda olan etirazçılar amansız rejimin qarşısında silahsızdırlar və hava dəstəyinə ehtiyac duyurlar.
Rza Pəhləvi ABŞ Prezidentinin ritorikasındakı dəyişikliklə bağlı deyib ki, bu dəyişiklik Trampın hələ nəzərdən keçirdiyi bütün variantlar barədə açıq danışmaq istəmədiyi və qərarlarını strateji mülahizələr çərçivəsində saxlamağa üstünlük verdiyini göstərə bilər:
"Azadlıq uğrunda mübarizə aparan hər kəs dəstəyə ümid edir, xüsusən də bu dəstək açıq şəkildə bəyan edilibsə. İndi insanlar onun praktiki hissəsini gözləyirlər. Tramp "yeni Obama" olmaq istəmir. İndiyədək mövcud olan inam ondan ibarətdir ki, müəyyən addımlar atılacaq, əlbəttə, ABŞ Prezidentinin bütün variantları nəzərdən keçirmək hüququ da var".
Milli.Az