RU

Qarnın çıxmasının səbəbi piy deyilmiş - Açıqlama

Bir çox insan müşahidə edir ki, illər keçdikcə çəki normada qalsa belə qarın əvvəlki kimi yığcam görünmür və daha qabarmış təsir bağışlayır. Mütəxəssislərin fikrincə, bunun əsas səbəbi yalnız düzgün qidalanmamaq deyil. Əsas problem yaş artdıqca dərin qarın əzələlərinin zəifləməsidir.

Bizim.Media xəbər verir ki, Yaponiyanın "Yoga Journal" nəşri bu vəziyyəti izah edərkən transvers, yəni eninə qarın əzələsinin rolunu ön plana çəkir. 

Sözügedən əzələ bədəni bir növ təbii korset kimi saxlayır və daxili orqanların düzgün mövqedə qalmasına kömək edir.

Xüsusilə 40 yaşdan sonra bu əzələnin tonusu azalır və mütəmadi məşq edilmədikdə qarın vizual olaraq irəli çıxmağa başlayır.
 

Ekspertlər qeyd edirlər ki, sadəcə pəhriz saxlamaq və ya yağ yandırmaqla bu problemin tam həlli mümkün olmur. Dərin qarın əzələləri gücləndirildikdə isə daxili orqanlar yenidən normal vəziyyətinə qayıdır və qarın nahiyəsi gözlə görüləcək dərəcədə yığılır.


Bu məqsədlə yapon mütəxəssislər yoqada geniş istifadə olunan "qayıq pozası"nı (Navasana) tövsiyə edirlər. Bu hərəkət dərin qarın əzələlərini aktivləşdirərək bədənin "korset" funksiyasını gücləndirir.

Döşəmədə oturun, dizləri bükün və ayaqları yerə qoyun. Əlləri dizlərin arxasına yerləşdirin, kürəyi düz, sinəni açıq saxlayın. Bədəni tədricən arxaya əyin və ayaqları yerdən qaldırın, budlar yerə paralel olsun. Rahatlaşdıqdan sonra ayaqları düzəldə və qolları irəli uzada bilərsiniz. Pozanı 5-10 dərin nəfəs boyunca saxlayın, sonra yavaşca başlanğıc vəziyyətinə qayıdın. Kürəyi bükməyin, duruşu düzgün saxlayın. Çətinlik yaranarsa, ayaqları bükülü vəziyyətdə saxlamaq olar. Nəfəsi saxlamayın, nəfəs verərkən qarnı yüngülcə içəri çəkin.

Mütəxəssislərin sözlərinə görə, bu məşqi gün ərzində cəmi 2-3 dəqiqə yerinə yetirmək kifayətdir.

Zamanla bel daha incə görünür, duruş yaxşılaşır və bədən üzərində nəzarət artır. 40 yaşdan sonra qarın nahiyəsini yığcam saxlamaq üçün təkcə pəhriz və kardio deyil, dərin qarın əzələlərini hədəfləyən sadə, amma düzgün məşqlər də mühüm rol oynayır. (milli.az)

Bizim.Media

Избранный
77
3
bizim.media

10Источники